Rusiya neftini daşıyan 14 tanker dənizdə qalıb – Hindistanla Rusiya arasında qalmaqal
Rusiya nefti daşıyan tankerlər ödənişlərin verilməməsinə görə bir neçə həftədir ki, Hindistana mal göndərə bilmirlər.
AzPolitika.info "Reuters" agentliyinə istinadka xəbər verir ki, “Saxalin-1” layihəsi çərçivəsində hasil edilən on milyon barel Rusiya neftini daşıyan 14 tanker Cənubi Koreya sahillərində dayanıb. Onlar ixracatçı “Rosneft” və Hindistan idxalçısı “Indian Oil” Co şirkətləri arasında neftin qiymətinin ödənişi ilə bağlı mübahisənin həll edilməsini gözləyirlər.
Keçən il ABŞ-ın sanksiyaları altına düşmək qorxusuna görə Hindistan şirkəti neft üçün ödənişlərdə dollardan istifadə etməkdən imtina edərək əməliyyatları rupi ilə aparmağı təklif edib. Rusiya şirkətləri rupiləri ödəniş kimi qəbul etməkdən imtina edirlər, çünki bu, konvertasiya olunmayan valyutadır. Hindistandan Rusiyaya idxal isə minimaldır.
Hindistan müvəqqəti tədbir olaraq Rusiya neftinin ödənişini yuan, Honq-Konq dolları və BƏƏ dirhəmi ilə həyata keçirib. Bununla belə, Əmirliklər bu cür əməliyyatlarda öz valyutalarının istifadəsinə əlavə nəzarətlər tətbiq edir. Hindistan isə rəqibi hesab etdiyi Çinin valyutası olan yuandan istifadə etmək istəmir.
“Reuters”in məlumatına görə, tankerlərdəki neftin həcmi “Saxalin-1” layihəsinin bir ay yarımlıq hasilatına bərabərdir. Hindistan şirkətindəki mənbələrə görə, onlar tədarükün yaxın gələcəkdə bərpa olunacağını gözləmirlər. “Rosneft” və “Indian Oil Co” nümayəndələri isə “Reuters”in şərh sorğusuna cavab verməkdən imtina ediblər.
2022-ci ilin martında “Saxalin-1” layihəsi çərçivəsində neft və qazın işlənməsi və hasilatı ilə məşğul olan beynəlxalq konsorsiuma rəhbərlik edən Amerikanın “ExxonMobil” konserni Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq layihədən çıxdığını elan edib.
Bu xəbər üçün şərh yazın