Rusiya prezidentinin Ankaraya gözlənilən səfərinin pərdəarxası -Putin Ərdoğanla nəyi müzakirə edə bilər?
Rusiya Prezidenti Vladimir Putin fevralın 12-də Türkiyəyə səfər edə bilər.
AzPolitika.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadla xəbər yayıb. Daha əvvəl – yanvarın 20-də bu barədə rəsmi “Türkiye” qəzeti məlumat vermişdi.
Putinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqların gündəliyində əsas məsələlərdən biri də Ukraynadakı “xüsusi hərbi əməliyyat” olacaq.
Bu, Haaqa məhkəməsi Rusiya Prezidentinin həbsinə order verdikdən sonra Putinin NATO üzvü olan ölkəyə ilk səfəri olacaq. Putin NATO ölkələrində 2020-ci ildən bəri olmayıb. Bu da qeyd olunur ki, Putin Türkiyədə həbs oluna bilməz, çünki Ankara Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutuna qoşulmayıb.
Xatırladaq ki, Putinin ehtimal olunan səfərinin ərəfəsində Türkiyə bankları müştəriləri olan Rusiya şirkətlərinin hesablarını bağlamağa başlayıblar. Eyni zamanda Rusiyanın iqtidaryönlü “Vedomosti” qəzeti yazır ki, Türkiyə bankları fiziki müştərilər üçün də qaydaları sərtləşdiriblər.
İstanbulda yaşayan şərqşünas-politoloq, “Poistine” intellektual platformasının redaktoru Ruslan Aysin “CurrentTime” telekanalına deyib ki, Türkiyə bankları ilə problemi Rusiya biznesi və şirkətləri xeyli müddətdir, hiss edirlər. Bu, Türkiyə üçün Qərb ölkələri ilə ticarətin nə dərəcədə mühüm olduğunu göstərir.
Ekspert Ruslan Aysin deyir ki, hazırda Rusiya vaxtaşırı olaraq ortaya belə bir mülahizələr atır ki, guya, Putinin seçkisindən sonra hansısa danışıqlara hazırlıq gedəcək: “Söhbət Ukrayna və Qərblə ya münaqişənin dondurulması, ya da Moskvanı vəziyyətdən çıxaracaq hansısa əlverişli şərtlərin əldə olunmasından gedir. Buna görə də, mən düşünürəm ki, ola bilsin, bu seçkidən sonra Moskva hakimiyyətin tranzitinə başlayacaq. Bu işdə ona böyük Qərbin dəstəyi lazımdır”.
Bunun üçün isə Putinin Ərdoğanın dəstəyinə ehtiyacı var. Daha dəqiqi, Putin Ərdoğandan Qərblə münasibətlər qurmaq üçün dəstək istəyə bilər.
Politoloqun sözlərinə görə, Putin Ərdoğana məharətlə manevr etməyi bacaran bir siyasətçi kimi güvənir: "Türkiyə uğurla manevr edir. Ərdoğan gah qərbyönlü kurs götürür, gah da qəfildən Qərbə münasibətini və ritorikasını dəyişir. O, Rusiya ilə də belə edir. Türkiyə qeyd-şərtsiz Ukraynanı dəstəkləyir, amma bununla yanaşı Rusiya ilə dialoq və diskussiyalar üçün manevr qapılarını açıq saxlayır. Kim nə deyirsə desin, Putinin ondan başqa belə partnyoru yoxdur. Təbiidir ki, Çin güc mövqeyindən danışır. Amma Türkiyə Putinlə bərabər səviyyədə danışır. Bu isə Putin üçün psixoloji baxımdan çox mühümdür”.
Bu xəbər üçün şərh yazın