Rusiya Şimali Koreyaya böyük həcmdə neft göndərir – BMT sanksiyaları pozulub, ABŞ hədə-qorxu gəlir
Rusiya gizli şəkildə Şimali Koreyaya BMT-nin Pxenyana qarşı sanksiyaları ilə müəyyən edilmiş həddən daha çox neft məhsulları tədarük edir.
Azpolitika.info qərb mediasına istinadla xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.
"Reuters" agentliyi yazır ki, Rusiyadan tədarüklər artıq ona gətirib çıxarıb ki, Şimali Koreyanın idxalı BMT Təhlükəsizlik Şurasının müəyyən etdiyi illik 500 min barrel həddini keçib.
Kirbinin sözlərinə görə, mart ayında Rusiya KXDR-ə 165 min barreldən çox neft məhsulları tədarük edib. O, əlavə edib ki, Vaşinqton Rusiya və KXDR arasında silah və neft məhsullarının tədarükünü asanlaşdıranlara qarşı sanksiyaları davam etdirəcək.
Martın sonunda Rusiya BMT Təhlükəsizlik Şurasında nüvə proqramına görə KXDR-ə qarşı tətbiq edilən sanksiyalara əməl olunmasına nəzarət edən ekspertlərin mandatının uzadılmasına mane olub. Ekspert qrupunun mandatı aprelin 30-da başa çatıb.
ABŞ və Böyük Britaniya da daxil olmaqla, Təhlükəsizlik Şurasının bir sıra üzvləri qeyd ediblər ki, Rusiyanın vetosu KXDR-dən Ukraynaya qarşı müharibədə istifadə olunan silah alınması ilə bağlıdır. Moskva və Pxenyan bu cür ittihamları rədd edir.
Bu xəbər üçün şərh yazın