Rusiya strateji hərbi obyektlərini itirir - Ukrayna hücum hədəflərini genişləndirir + FOTO
İki gün əvvəl Armavirdə (Krasnodar) yerləşən “Voronej-DM” RLS Ukrayna dronlarının hücumuna məruz qalıb. Bu son bir həftədə Ukrayna ordusunun işğalçılara vutduğu əhəmiyyətli zərbələrdən biridir.
Siyasi təhlilçi Şahin Cəfərli bildirir ki, "Voronej-DM" Rusiyanın üfüq ötəsi, uzun mənzilli stasionar radar stansiyaları ailəsinin tərkib hissəsidir.
Onun sözlərinə görə, kosmik və aerodinamik obyektləri, ballistik və qanadlı raketləri aşkarlamaq üçün nəzərdə tutulub: "Stansiya üfüqi olaraq 6000 km-ə qədər, şaquli olaraq 8000 km-ə qədər (kosmosa yaxın) məkanı nəzarətdə saxlamağa imkan verir və eyni anda 500-ə qədər obyekti izləyə bilir. Bir sözlə, strateji səviyyəli sistemdir. Fotodan obyektin tikililərinin zədələndiyi görünür. Bu və bu tip digər obyektlər Ukraynanın hədəfində qalmağa davam edəcək".
Ekspert xatırladır ki, bundan başqa, mayın 19-na keçən gecə Krasnodarda yerləşən Kuşşevskaya aviabazasına dron hücumunun nəticələri də məlum olub: "Əldə edilən peyk fotolarına əsasən aviabazada bir ədəd "Su-27" məhv edilib, "Su-34" və "Su-30" təyyarələri isə zədələnib. Eyni gün – mayın 19-da Sevastopol buxtasına endirilən raket zərbəsi nəticəsində “Kalibr” qanadlı raketlərinin daşıyıcısı olan “Tsiklon” kiçik raket gəmisinin məhv edildiyi də təsdiqlənib".Ş.Cəfərlinin sözlərinə görə, bu cür asimmetrik hücumlar davam edəcək və Rusiya özünün bütün hava məkanını bağlamaq imkanından məhrumdur. "Xüsusən də tez-tez HHM sistemlərini itirdiyi və itirəcəyi bir şəraitdə", - o vurğulayıb./Azpolitika.info
Bu xəbər üçün şərh yazın