“RUSİYA TROLLARI, NARAHAT OLMAYIN...” - Sabiq XİN başçısından Xankəndidə rus konsulluğu “ideyasını” dəstəkləyənlərə cavab
Məlum olduğu kimi, son günlər Rusiyanın Xankəndidə konsulluq açmaq niyyətilə bağlı aktiv müzakirələr gedir.
Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin bildirib ki, ölkəsi Xankəndidə konsulluq açmaq niyyətindədir.
Onun bu açıqlaması Azərbaycan cəmiyyətində kifayət qədər kəskin mənfi reaksiya və narazılıqla qarşılanıb. Buna baxmayaraq, təəssüf ki, hətta Azərbaycan parlamentinin bəzi üzvləri bu “ideyaya” dəstək xarakterli çıxışlar edirlər.
AzPolitika.info xəbər verir ki, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov öz sosial şəbəkə hesabında bu “ideyanı” dəstəkləyənləri tənqid edib və onları Rusiyaya trolluq etməkdə günahlandırıb: “Yenə də rusiyayönlü trollar onlayn şəbəkədə “aktiv” tədbirlər keçirirlər... Təbii ki, söhbət Xankəndidəki “Rusiya konsulluğu”ndan gedir. Bütün bu “şüvən” ondan ötrüdür ki, axırda kimsə soruşsun: “Aydındır ki, Xankəndidə konsulluq xidmətinə ehtiyacı olan ruslar yoxdur, bəs onda Türkiyə konsulluğu necə olsun?”
Amma burada sadə bir cavab var - bizim hökumətin dəvəti ilə orada bir çox Türkiyə vətəndaşı işləyir və onların konsulluq xidmətinə ehtiyacı var.
Ona görə də Rusiya “konservləri” (təsir agentləri), narahat olmayın, diplomatik məsləhətləşmələrdə bu sualı verənlərə bütün lazımi izahatlar veriləcək...”
Qeyd edək ki, hər hansı bir ölkənin konsulluğunun açılması rəsmən onun vətəndaşlarına xidmət üçün nəzərdə tutulsa da, bir çox hallarda bu, daha çox siyasi xarakterli addımdır. Bu baxımdan Rusiyanın konsulluq adı altında Xankəndiyə soxulmaq istəyi də məhz siyasi səbəblərlə bağlıdır.
Xüsusilə də nəzərə alsaq ki, artıq Türkiyənin Şuşada konsulluq açması məsələsi razılaşdırılıb, o zaman Rusiyanın da Xankənddə konsulluq açmaq istəyinin “biz də burada varıq” ismarıcına bağlı olduğunu anlamaq olar.
Lakin T.Zülfüqarovun da qeyd etdiyi kimi, Azərbaycanın Şuşada Türkiyə konsulluğunun açılmasına “hə” deməsini rəsmən izah edə biləcək əsasları var. Qarabağdakı tikinti işlərində çoxlu sayda Türkiyə vətəndaşı çalışır. Rusiya isə orada yoxdur!
Bir də ki, Azərbaycan kiməsə bununla bağlı izahat verməyə borclu deyil...
Azərbaycan cəmiyyətinin böyük hissəsinin Türkiyəyə yalnız qardaş ölkə kimi baxmr, onu həm də öz dövləti hesab edir. Türkiyə də Azərbaycana verdiyi siyasi və hərbi dəstəklə bunu təsdiqləyib.
Odur ki, Rusiyanı Türkiyə ilə müqayisə etmək belə mümkün deyil. Azərbaycan cəmiyyətinin böyük hissəsində ölkəmizi 200 il əsarətdə saxlayan, uzaq və yaxın tarixmizdəki bir çox faciələrin müəllifi olan Rusiyaya münasibətin o qədər də yaxıç olmadığı danılmazdır. Hamı da gözəl anlayır ki, Azərbaycandakı artıq kökü kəsilmiş erməni separatizminin toxumlarını əkib-becərən hər zaman məhz Rusiya olub. Ona görə də Rusiyanın yenidən Qarabağda konsulluq adı altında peyda olması yumşaq düsək, qətiyyən arzuedilən deyil.
Bu xəbər üçün şərh yazın