Rusiyada dollar kəskin bahalaşdı - Moskva birjasının səhmləri çökdü
Məlum olduğu kimi, iyunun 12-də ABŞ Rusiya Federasiyasına qarşı yeni sanksiyalar elan edib.
Bu dəfəki sanksiyalar çərçivəsində Moskva birjasına da məhdudiyyətlər qoyuldu və bununla da onun dollar və avro ilə ticarət imkanları qapadıldı.
Azpolitika.info Rusiya KİV-inə istinadla xəbər verir ki, Moskva birjası iyunun 13-dən dollar və avro ilə ticarətin dayandırıldığını açıqlayıb. Bu isə Rusiyanın valyuta bazarında ajiotaj yaradaraq, ABŞ dollarının və avronun kəskin bahalaşmasına səbəb olub.
Məlumatda deyilir ki, yeni sanksiyalar elan etdikdən sonra rublun məzənnəsi “qırmızı xətt”ə çatıb və bir çox banklarda 1 ABŞ dollarının satışı 100 rubl həddini keçib. “Baza” telegram kanalının məlumatına görə, Moskva valyutadəyişmə məntəqələrində dolların alış kursu 100 rubla qədər artıb. Eyni zamanda, Moskva birjasının səhmləri 15% ucuzlaşıb ki, bu da olduqca ciddi hal kimi dəyərləndirilir.
Həmçinin, əgər yeni sanksiyaların tətbiqinə qədər valyuta məzənnələri Moskva birjasındakı ticarətdən təxminən 1 rubl fərqlənirdisə, indi fərq 5 rubl və daha çoxdur.
Bundan əlavə, T-Bank (keçmiş Tinkoff) hətta birjanı müvəqqəti bağlayıb. Həmçinin bildirilir ki, “Finam” broker şirkəti hesablardan valyuta çıxarılmasını müvəqqəti bloklayıb. Rusiya Mərkəzi Bankı isə əhalini sakitləşdirməyə çalışır və rublun “ölməyəcəyini” vəd edir.
Bu xəbər üçün şərh yazın