Rusiyadan şok "real Ermənistan" etirafı - "Sizi Qafqaza biz köçürmüşük..."
Dosent Blinovun sözlərinə görə, hazırda erməni dövlətçiliyinin taleyi ipdən asılıdır; tarixçi: “Bu faktları görməzdən gəlmək kor olmaq deməkdir”
Rusiya hökuməti yanında Maliyyə Universitetinin dosenti Vladimir Blinov maraqlı açıqlama ilə çıxış edib. O bildirib ki, erməniləri indiki Ermənistanın ərazilərinə Rusiya İran və başqa yerlərdən köçürüb. Onun sözlərinə görə, hazırda erməni dövlətçiliyinin taleyi ipdən asılıdır.
“Ölkə rəhbərliyi Qərbin dəstəyi ilə tarixi müttəfiqi Rusiya ilə oynamaq qərarına gəlib. Hansı ki, məhz onun sayəsində XIX əsrdən bu ərazilər xəritədə kompakt erməni məskunlaşma əraziləri kimi görünməyə başlayıb. İrəvanda təxminən bərabər sayda erməni və azərbaycanlı yaşayırdı. Rusiyanın imperiyanın başqa yerlərindən və İrandan erməniləri köçürmək səyləri sayəsində bu torpaqlarda ermənilər əksəriyyət təşkil etməyə başladı və onların yurduna çevrildi”, - Blinov deyib.
Ermənilər tarixi Azərbaycan ərazilərinə Türkmənçay müqaviləsindən sonra Rusiyanın imperiya maraqları naminə məqsədyönlü şəkildə köçürülüblər. Türkmənçay müqaviləsinin nəticəsi olaraq, 40 000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırılıb. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90 000 erməni də Azərbaycanda yerləşdirilib. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırılıb. Ümumilikdə 1828-1920-ci illər arasında Azərbaycana 560 000 erməni köçürülüb.
Rusiya İmperiyasının İrandakı səfiri Aleksandr Qriboyedov ermənilərin Azərbaycan ərazilərinə köçürülməsində aktiv iştirak etmişdi. Qriboyedov bu haqda yazırdı: “Erməni əhalisi əsasən müsəlman (azərbaycanlılar - red.) torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər. Onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başladılar. Biz həmçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalmayacaqlar”./“Yeni Müsavat”
Bu xəbər üçün şərh yazın