Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın maraqlarına tam cavab verir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilən Sammitində iştirak edib. Prezident İlham Əliyev ŞƏT-nin Sammitində çıxışı zamanı Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyətə çatdıraraq bir çox mühüm məsələlər barədə Azərbaycanın yeni dövrün tələbləri ilə bağlı mövqeyini açıqladı.
Cənab Prezidentin çıxışında ən çox diqqət yetirdiyi məsələlərdən biri Azərbaycanın tranzit və nəqliyyat logistika imkanları barədə olmuşdur. Bu vacib məsələyə toxunan cənab Prezident bildirmişdir ki, Azərbaycan Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verir. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Son 10 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir olunub. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Tarixi qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkərək geniş, müasir nəqliyyat infrastrukturu şəbəkəsini yaradır. Qeyd olunmuşdur ki, 2020-ci ilin sonunda Azərbaycanın Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll etdikdən sonra regionda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaranıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da atıracaq və marşurut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.
Bildiyimiz kimi, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırqızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən təsis olunub. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi; regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir. Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir.
Qeyd etmək lazımdır ki, Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanın səsinin dünyada eşidilməsi baxımından da çox vacib platformadır. Bunun faktiki təsdiqi elə Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammitində çıxışı kontekstində özünü göstərdi. Dövlət başçısı çıxışı zamanı Ermənistanın sərhəd zonasında törətdiyi genişmiqyaslı təxribatla əlaqədar geniş məlumat verdi. Nəzərə alaq ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti təkcə iştirakçı ölkələr yox, dünya, ən əsası da Qərb dövlətləri tərəfindən diqqətlə izlənilir. Bu mənada Prezident İlham Əliyevin çıxışını, səsləndirdiyi fikirləri dinləyən auditoriya kifayət qədər genişdir. İndiki halda həqiqətlərin nədən ibarət olduğunu dünyaya çatdırmaq olduqca vacibdir və Azərbaycan bu fonda Şanxay Əməkdaşlıq Təşkilatı platformasından məharətlə istifadə edir. Dünya isə ondan xəbərdar və tam əmin olur ki, Azərbaycan beynəlxalq hüquq, ədalət və qlobal təhlükəsizlik əsasında addımlar atır.
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının sammitinin yekunu olaraq qəbul edilən Səmərqənd Bəyannaməsi qurum çərçivəsində əməkdaşlığın daha da dərinləşəcəyini göstərir. Səmərqənd Bəyannaməsi təşkilatın gələcək inkişaf, qlobal və regional gündəlikdə duran aktual məsələlər üzrə Şanxay Əməkdaşlıq Təşkilatı dövlətlərin vahid mövqeyini əks etdirir. Sənəddə praktiki əməkdaşlığın daha da təkmilləşdirilməsi, regional sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi, nəqliyyat əlaqələrinin gücləndirilməsi, eləcə də mədəni dialoqun dərinləşdirilməsinə dair birgə yanaşmalar əksini tapıb. Qeyd edilənlər çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatıyla əməkdaşlığın genişləndirilməsi Azərbaycanın maraqlarına tam cavab verir. Bu, ölkəmizin beynəlxalq əlaqələrində yeni səhifə açmaqla yanaşı, onun siyasi, iqtisadi və digər mühüm parametrlər baxımından daha da güclənməsi deməkdir.
Ümumilikdə, Səmərqənd Sammiti həm tarixi Zəfərimizin yaratdığı reallıqların təqdimatı, həm də ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yeni prioritetlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli oldu.
Bilal Ələkbərov,
Salyan Uşaq Gənlər İdman Şahmat Məktəbinin direktoru
Bu xəbər üçün şərh yazın