SEÇKİ: 3 dairə üzrə seçici kütləviliyinin yaşanacağını ehtimal etmək olar
Bu gün (1 sentyabr) VII çağırış Milli Məclisə keçiriləcək növbədən kənar seçkilərdə mübarizənin (həmçinin seçki aktivliyinin) daha çox 59 saylı Quba, 70 saylı Neftçala və 88 saylı Şamaxı Seçki Dairələri üzrə namizədliyi qeydə alınmış şəxslər arasında gedəcəyini ehtimal etmək olar.
Sirr deyil ki, 59 saylı Quba seçki dairəsinin fovarit namizədi VI çağırış Milli Məclisin deputatı Vahid Əhmədov hesab edilirdi. Nəinki, Quba sakinləri, eləcə də Azərbaycan vətəndaşları arasında Vahid Əhmədova simpatiya olduğu məlumdu. O, səmimi, səmimi olduğu qədər də Azərbaycan reallığının imkan verdiyi şərtlər daxilində xalqın mövqeyindən çıxış edən deputat hesab edilirdi. Seçkiyə bu konteksdən yanaşdıqda, VII çağırış millət vəkilliyinə namizədliyini irəli sürmüş Vahid Əhmədovun təbliğat-təşviqat aparmasına, seçki platforması ilə bağlı seçiciləri məlumatlandırmasına ehtiyac duyulmurdu. Onun ismi seçici üçün Qubanın bütün məntəqələrində keçərli idi. Hərçənd ki, namizədliyi MSK tərəfindən təsdiqlənən Vahid Əhmədovun bir neçə gün sonra seçki marafonundan geri çəkilməsi, mətbuatın gündəminə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Əlibala Məhərrəmzadəni gətirdi. Sosial şəbəkələrdə, bir sıra saytlarda Əlibala Məhərrəmzadənin önə çıxarılması, VII çağırış seçkilərdə 59 saylı dairənin seçicilərini onun təmsil edəcəyi qənaətini ortaya qoydu.
Lakin, təbliğat-təşviqat müddəti dövründə qubalılar fəal şəkildə görüşünə getdikləri digər deputatlığa namizəd - Fərhad Səttarovu da ictimaiyyətə təqdim etmiş oldular. Belə anlaşıldı ki, seçicilərin üstünlük verdikləri digər namizəd də var. Bu şəxs Vəkillər Kollegiyasının üzvü Fərhad Səttarovdur. Bu namizəd də qubalılara tanış isimdir, seçicilər tərəfindən dəstəklənir və o, da Əlibala Məhərrəmzadə qədər deputatlığa iddialıdır.
Məhz, Əlibala Məhərrəmzadə üçün təşviş yaradan Fərhad Səttarov faktoru deməyə əsas verir ki, mübarizə bu iki namizəd arasında gedəcək, 59 saylı Quba Seçki Dairəsində seçici aktivliyi də bu səbəbdən yaşanacaq.
***
70 saylı Neftçala Seçki Dairəsindəki vəziyyətə dair danışarkən deməliyik ki, saytlar, ictimaiyyət bu dairəyə fokuslandı. Qütbləşmə daha çox burada yaşandı. Yerli-yersiz ziddiyyətli açıqlamalar hər an Tənzilə Rüstəmxanlının ittiham edilməsi və s. bu dairədə ifrat dərəcədə müşahidə edildi.
Sözügedən seçki dairəsində mübarizənin təbii Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müşaviri, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və ictimai fəal Vəfa Nağıyeva (Nağı) arasında gedəcəyi şübhə doğurmur. Seçicinin kimə daha çox önəm verəcəyinə gəlincə,bunun birmənalı olaraq, Tənzilə Rüstəmxanlı olacağı istisnasızdır.
Çünki, bu dairədə nəyin baş verdiyi kənardan daha yaxşı hiss olunurdu. Vəfa Nağı tərəfdarları sosial şəbəkə üzərindən rəqibə köklənməklə, qısa müddətli divident qazanmış oldular.Bu kənardan açıq sezilirdi.Vəfa Nağıya gəlincə, o, rəqibi Tənzilə Rüstəmxanlını MSK-ya şikayət etməklə,onun ətrafında müzakirələr açmaq, müşahidəçilərin diqqətini bu dairəyə yönəltmək və s. düşüncəli rəqib təsiri bağışlayırdı. Bu istiqamətdə də daha çox sosial şəbəkələrə üstünlük verib, fikir yürüdülürdü.
Belə anlaşılırdı ki,ictimai rəyin qısa müddətdə Tənzilə Rüstəmxanlının əleyhinə işləməsi, bunun sürətlə Neftçala seçicisinə sirayət etməsi, nəticə olaraq, Tənzilə Rüstəmxanlının seçicilərlə görüşlərdə baykota çağırışları eşitməsi vəs. hallar baş verəcək,Tənzilə Rüstəmxanlı istədiyi şəkildə təbliğat-təşviqat kampaniyasını apara bilməyəcək.
Lakin, Sabir Rüstəmxanlı təcrübəsi və faktoru öz sözünü dedi. Xatırlayanlar bilər, təbliğat-təşviqat prosesinin bitməsinə on gün qalmış, Tənzilə Rüstəmxanlı milli olduğunu, ona qarşı irəli sürülmüş bütün ittiham xarakterli yazı və fikirlərin də bu gerçəklikdən qaynaqlandığını Neftçala seçicisinə, camaatına çatdıra bildi. Arxa planda Sabir Rüstəmxanlı təcrübəsi və insanlara nüfuz etmək qabiliyyəti yeni imkanlar yaratdı.Eyni vaxtda,paytaxt mətbuatı hərəkətə keçdi,ictimaiyyət nümayəndələri tərəfindən Tənzilə Rüstəmxanlıya dəstək nümayiş olundu, jurnalistlərin Neftçalada Tənzilə Rüstəmxanlının seçicilərlə görüşündə iştirakı və digər təxirəsalınmaz tədbirlər yaranmış diskomfort vəziyyəti aradan qaldırdı. Yəni, ilkin olaraq, sosial şəbəkə üzərində üstünlüyün, sonrakı günlərdə konkret səs vermək hüququna malik seçici ilə individual görüşlərdən üstün vasitə olmadığı Vəfa Nağı üçün hardasa anlaşıldı.
Təbliğat-təşviqat müddətinin başa çatmasına bir neçə gün qalmış isə Tənzilə Rüstəmxanlı daha çox dəstəklənib, güclü tərəf kimi görünməyə başladı. O, sanki bu illər ərzində bir qadın olaraq, boy verib, görsənməyin onun üçün heç də asan olmadığı təsirini bağışlayırdı.
Bu dairədə təbliğat-təşviqat dövrü tərəflər arasında yaranmış gərginliyi və digər amilləri nəzərə aldıqda, bəri başdan bildirmək olar ki,70 saylı Neftçala Seçki Dairəsində seçici aktivliyi gözləniləndir.
***
88 saylı Şamaxı seçki dairəsinə gəlincə, burada 7 namizəd mübarizə aparacaq. Təbliğat-təşviqat dövrünü dəyərləndirəndə isə sözügedən dairədə mübarizənin namizədliyi özü tərəfindən irəli sürülmüş VI çağırış Milli Məclisin deputatıTamam Cəfərova və bitərəf namizəd Rauf Qurbanov arasında gedəcəyi gözlənilir.
Seçicilərlə görüşlərdən detallara, müşahidələrə gəlincə, Rauf Qurbanovun Tamam Cəfərova üçün heç də zəif rəqib olmayacağını söyləmək olar.Çünkü Rauf Qurbanovun seçici görüşlərində,həmçinin şəhid ailələri, Qarabağ qaziləri ilə təmaslarda rəğbətlə qarşılanması,onun coşqu ilə qarşılanıb və uzunmüddətli alqışlarla da yola salınması baş verdi.
Hətta Şamaxı Olimpiya İdman Mərkəzində keçirilən görüşə xalq artisti Şeyx Əbdül Mahmudovun, Hacı Fərəcin(Bala Nəsimi), Mahmud Əfəndi kimi Şamaxı ictimaiyyətinin tanınmış simalarının da qoşulması ona hörmətin göstəricisi kimi xarakterizə olunurdu.
Həmçinin, seçicilərlə görüşlərdə Rauf Qurbanov üçün böyük kütləvilik yaşanması, hamının bir ağızdan namizədi dəstəkləməsi və s. hallara dair videomateriallar da mövcuddur. Digər tərəfdən, Şamaxı rayonunda mütləq əksəriyyətin Rauf Qurbanovu tanıması, ona hörmətlə yanaşması sirr deyil.
Təbii ki, bu və digər nüansları da nəzərə aldıqda, 88 saylı Şamaxı seçki dairəsində hər iki namizəd üçün səsvermə məntəqələrinə gələcək seçicilərin olacağını, kütləvilik yaşanacağını ehtimal etmək mümkündür.
FAKTİNFO.AZ
Bu xəbər üçün şərh yazın