Seçkilərdə İlham Əliyevə alternativ yoxdur! - Lalə Şövkət
Növbədənkənar Prezident seçkilərində bu gün İlham Əliyevə alternativ yoxdur.
Bunu mətbuata açıqlamasında tanınmış siyasətçi, ləğv edilmiş Azərbaycan Liberal Partiyasının keçmiş lideri Lalə Şövkət Hacıyeva bildirib.
"Mən həmişə qaraya qara, ağa ağ demişəm. Qarabağın azad olunması İlham Əliyevin böyük tarixi nailiyyətidir. Bunu heç kim dana bilməz. Ələlxüsus, Şuşanın azad olunması hər bir azərbaycanlının əlçatmaz və ən böyük arzusu idi. Şuşanın hər birimiz üçün mistik əhəmiyyəti var. Azərbaycan Qarabağsız, Şuşasız tam canlı ola bilməzdi. Bu çox çətin işi İlham Əliyev milləti səfərbər edərək həll etdi. Şəhidlərimizin qanı yerdə qalmadı. Onların ruhu daim bizimlə olacaq. Bu məsələnin həllinin hərbi, xüsusən də geosiyasi razılıq baxımından nə qədər müşkül olduğunu mən bir siyasətçi kimi yaxşı bilirəm. Bu labirintdən Azərbaycan məharətlə çıxdı. Bu da sözsüz ki, İlham Əliyevin böyük diplomatik uğurudur", - deyə Lalə Şövkət vurğulayıb.
O, hazırda ölkəni təhlükədən qorumağın olduqca böyük məsuliyyət tələb etdiyini bildirib:
"Amma, bununla bərabər Azərbaycanın daxili siyasətində problemlər çoxdur. Onların arasında təxirəsalınmaz məsələlər də var. İstərdim ki, bunlar da tezliklə həll olunsun. İndiki ədalətsiz, qəddar, alovlanan dünyada ölkəni hər təhlükədən qorumaq böyük məsuliyyət və məharət tələb edir. Ona görə də, biz millət olaraq hər şeyə hazır olmalıyıq. Sayıq və ehtiyatlı davranmalıyıq. Bu bizim hər birimizdən asılıdır”.
Xatırladaq ki, Azərbaycan Liberal Partiyası 3 iyun 1995-ci ildə sabiq dövlət katibi Lalə Şövkətin rəhbərliyi ilə Bərdə şəhərində təsis konfransında yaradılıb. Təsis konfransında Lalə Şövkət ALP-nin sədri seçilib. 7 iyun 2003-də partiya sədrliyindən istefa verib.
Azərbaycan Liberal Partiyası 24 iyun 2023-cü ildə özünü buraxdığını elan edib.
Bu xəbər üçün şərh yazın