Şəhid Vidadi Zalovun anım tədbiri keçirilib
4 il bundan əvvəl sentyabrın 27-də başlanan yurd yerlərimizin “Azadlıq yolu” noyabrın 9-da Zəfər günü ilə yekunlaşdı.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi, qətiyyəti sayəsində rəşadətli ordumuz cəmi 44 gün ərzində düşməni döyüş meydanında məğlub etdi. Bununla da torpaqlarımız erməni işğalından azad edildi. Azərbaycan hərb meydanında 30 illik vətən həsrətinə son qoymaqla, qazandığı şanlı qələbə ilə ilahi ədaləti həyata keçirdi, beynəlxalq hüququ bərpa etdi.
Vətən müharibəsində qazandığımız tarixi Qələbə ölkəmizin dünya miqyasındakı nüfuzunu artırmaqla yanaşı Ermənistanın işğalçı dövlət olduğu bir daha sübut edildi.
Rəşadətli ordumuzun şücaəti, igid oğullarımızın qəhrəmanlığı sayəsində bu gün doğma Qarabağımızın hər yerində 3 rəngli müqəddəs bayrağımız dalğalanır. Neçə-neçə vətən oğulları öz canları, qanları bahasına Azərbaycanın yeni, şanlı zəfər salnaməsini yazdılar.
Belə oğullardan biri də, vətənin ərazi bütövlüyünün qorunması üçün şəhidlik zirvəsinə ucalan, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medallarına layiq görülən Zalov Vidadi Nizami oğludur. Bu gün şəhid qəhrəmanımızın anım tədbiri keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Abşeron Rayon Mərkəzi Xəstəxanası “Publik hüquqi şəxsin” direktoru, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları, Regional YAP Abşeron Rayon Təşkilatının sədri, Abşeron RİH Yanında İctimai Şuranın sədri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar əvvəlcə şəhidimizin Saray qəsəbə Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Daha sonra anım tədbiri şəhid Vidadi Zalovun əvvəllər təhsil aldığı Saray qəsəbə 2 saylı tam orta məktəbdə davam etdirilib. Burada dövlət himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda şəhidlik zirvəsində ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhid Vidadi Zalovun həyat və döyüş yolundan bəhs edən sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edən RİH başçısı Abdin Fərzəliyev Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Ramazan bayramı təbrikini tədbir iştirakçılarının diqqətinə çatdırıb. RİH başçısı bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti sayəsində regionda yeni reallıqlar yaranıb. Bu reallıqlarda Azərbaycanın diktə edən tərəf olduğu, ölkəmizin milli maraqlarının ən yüksək səviyyədə qorunduğunu vurğulayan RİH başçısı dövlətimizin sülh tərəfdarı olduğu, atılan bütün addımların da mehriban qonşuluq və beynəlxalq hüququn prinsiplərinə söykəndiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Şəhid Vidadi Zalovun həyat və fəaliyyətinin gənc nəsil üçün örnək olduğunu, onun cəsarətinin, hünərinin və döyüş yolunun təbliğinin vacibliyini qeyd edən Abdin Fərzəliyev bildirib ki, şəhidlərimizin, o cümlədən rəşadətli ordumuzun sayəsində bu gün Qarabağda yenidən həyat canlanıb.
Sonra şəhid Vidadi Zalovun atası, Abşeron Ağsaqqallar Şurasının sədri Nizami Zalov çıxış edərək bildirib ki, oğlu hər zaman vətəni, onun bütövlüyü üçün çalıb. Oğlunun bir həbçi kimi daima qaynar nöqtələrdə xidmət etdiyini vurğulayan N.Zalov bildirib ki, bu gün ölkəmizin müdafiə qabiliyyəti ən yüksək səviyyədədir və ordumuz bundan sonra da baş verəbiləcək düşmən təxribatlarının qarşısı hər an almağa qadirdir.
Sonra şəhid Vidadi Zalovun sinif rəhbəri Gülsurə Pirəliyeva, Vətən Müharibəsi iştirakçısı Vidadi Əliyev çıxış edərək şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edib, xatirələrini danışıblar. Ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Şəhidlərin xatirəsinin əziz tutulmasını, daim yad olunmasını bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.
Sonda şəhid Vidadi Zalovun oğlu Nizami Zalov və 2 saylı tam orta məktəbin şagird kollektivi şəhidlərə, vətənə və qələbəyə aid şeirlər səsləndiriblər.
Tədbirdən sonra RİH başçısı Abdin Fərzəliyev şəhid Vidadi Zalovun adını daşıyan sinifə baş çəkib, burada məktəblilər üçün yaradılan şəraitlə tanış olub, şəhidin ailə üzvləri ilə görüşüb.
Bu xəbər üçün şərh yazın