Səlim Müslümov pulyığanı Fuad Əlizadə öz gücünü hardan alır? - İLGİNC GƏLİŞMƏ
Rüşvət və mənimsəmə əməllərinə görə barəsində cinayət işi başladılan sabiq nazir Səlim Müslümovun vaxtilə qohumlarını da bu işə qatdığı məlum olub.
Kriminalqafqaz.az-ın məlumata görə, bununla bağlı 2013-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İqtisadiyyat şöbəsinin müdiri olmuş Şəlalə Cəfərova etiraf edib. Belə ki, həmin müddətdə S.Müslümov Ş.Cəfərovanı xidməti otağına dəvət edərək Dövlət Sosial Təminat Xidməti, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və Aparat üzrə olan satınalmalardan “otkat”ın ona verilməsinə göstəriş verib. O da vəzifəsində qalmaq üçün S.Müslümovun tələbi ilə razılaşıb. 2014-2018-ci illərdə aylıq pullar Şəlaləyə verilib. O isə həmin pulları Səlim Müslümova xidməti otağında çatdırıb. Satınalmalar üzrə "otkat"ın miqdarı 20 % olub.
Qeyd olunan dövr ərzində mal, iş və xidmətlərin alınması üçün ƏƏSMN və tabeli qurumları tərəfindən bağlanmış müqavilələr əsasında ödənilmiş vəsaitlərin ümumilikdə 4.369.355 manatı onlardan nağd şəkildə alınaraq müqavilə bağlanıldığı vaxtdan həmin ilin sonunadək Səlim Müslümova xidməti otağında verib.
Bundan əlavə, istintaq zamanı Şəlalə Cəfərova Səlim Müslümovun yeyinti əməllərində qohumluq əlaqələrindən də istifadə etdiyini deyib. Onun sözlərinə görə, məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydalarına əsasən DSMF-nin auditoru İqtisadiyyat Nazirliyinin əməkdaşı ilə birlikdə Bakıda müxtəlif şirkətlərdə yoxlamalar keçirirmişlər. DSMF-nin Bakı şəhərində hüquqi şəxslərlə iş üzrə departamentinin audit şöbəsinin müdiri isə Fuad Əlizadə olub. Hansı ki, Fuad Əlizadə sabiq nazir Səlim Müslümovun dayısı qızının əridir. Bakıdakı şirkətlərdə yoxlamalar məhz Fuad Əlizadənin kurasiyasında olub. Onun rəhbərlik etdiyi şöbənin işçiləri yoxlamaları həyata keçirirərək həmin şirkətlərdən qanunsuz alınmış pulları Fuad Əlizadəyə veriblər. O isə həmin pulları öz müdiri Şiraslan Əsədovun vasitəsilə Səlim Müslümova çatdırıb.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Dövlət Sosial Müdafiə Fondunun sədri (2002-2013) və nazir (2013-2018) işlədiyi dövrlərdə 27 milyon manatlıq rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunur. Sabiq nazir həmin puldan 20 milyon manatını istintaq dövründə ödəyib. 8 milyon manatlıq əmlakı üzərinə isə həbs qoyulub.
Ovqat.com-un əlavəsi
Qeyd edək ki, bu yazıda adı keçən Fuad Əlizadənin Səlim Müslümovun pulyığanı olması barədə məlumatı ilk dəfə Ovqat.com hələ 4 il bundan əvvəl yazmışdı. Daha sonra da dəfələrlə bu faktı qələmə almağımıza baxmayaraq hansısa sehrli əl adı dillər əzbəri olan, media orqanlarının səhifələrindən düşmən həmin adamı qoruyur. Bərabər işlədiyi bütün nazirlər, komitə sədrləri işdən çıxarılır, həbs edilir, amma Fuad Əlizadəyə «gözün üstə qaşın var» deyən tapılmır. Ümidvarıq ki, istintaq əvvəl Səlim Müslimovun, sonra isə Səfər Mehdiyevin pulyığanı vəzifəsini məharətlə icra edən bu toxunulmaz şəxsin arxasında hansı qüvvələrin dayandığını da aşkara çıxaracaq. Əks halda, himayədarlar kənarda qaldığı halda, hansısa məmuru cəzalandırmaq bataqlığı qurutmaq yerinə milçək övlamağa oxşayar ki, bu da istintaqın obyektivliyinə kölgə sala bilər.
İstintaqa kömək etmək məqsədi ilə 2018-ci ildə qələmə aldığımız həmin yazıdan bəzi sətirləri bir daha diqqətə çatdırırıq.
"Maraqlıdır ki, “dayısı” ilə bərabər ƏƏSMN-dən işdən uzaqlaşdırılmasının üzərindən 6 ay keçməmiş Fuad Əlizadə Gömrük Komitəsində yeni vəzifəyə təyin olunub. Üstəlik, yeni vəzifə “dayı” himayəsindəki işindən heç də aşağı vəzifə deyil. ƏƏSMN-nin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinə rəis təyin olunan Fuad Əlizadənin hansı keyfiyyətinə görə bu cür sıçramasına şərait yaradıblar, yəqin ki, bu sualın ən düzgün cavabını ancaq gömrük generalı Səfər Mehdiyev bilir. Görünür, Fuad Əlizadənin ƏƏSMN-də qazandığı təcrübəni Dövlət Gömrük Komitəsinə daşıması general Mehdiyevə hava-su kimi lazım imiş.
Bəs bu təcrübə nədən ibarətdir?
Əldə etdiyimiz məlumata görə, yeni nazirin (Sahil Babayev) qələmini qıracağı gözlənilən ikinci şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə ola bilər.
Bildirilir ki, Fuad Əlizadə keçmiş nazir Səlim Müslimovun bacısının kürəkənidir. Daydayısının bütün qara işlərini və xaricdəki biznesini idarə edən Fuad Əlizadə 26 mart 1980-ci ildə Naxçıvan şəhərində anadan olub.
1996-2000-ci illərdə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsində təhsil alıb və ingilis dili ixtisasına yiyələnib...
2004-2006-cı illərdə Naxçıvan Dövlət Universitetinin Pedaqoqika nəzəriyyəsi və tarixi fakültəsində təhsilini davam etdirərək magistr dərəcəsini alıb.
2005-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunub. Maraqlıdır ki, bu vəzifəyə təyin olunandan sonra Fuad Əlizadənin ikinci təhsilini almaq istəyi ortaya çıxıb. O, bu dəfə meylini başqa xarici dil öyrənməyə deyil, iqtisadiyyata salıb və 2005-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsində oxuyub. 1 elmi məqalənin və 5-dən artıq məqalənin müəllifidir.
Heç bir hüquqi savadı olmamasına baxmayaraq, 2005-ci ildən etibarən Fuad müəllimin sorağı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş departamentindən gəlib. O, bu departamentdə audit sektorunun müdiri vəzifəsində çalışıb və vəzifəsini 2013-cü ilə qədər davam etdirib.
2013-cu ildə isə “daydayısı”nın yanında gözlənilməz zirvələr fəth etməyə başlayan Fuad Əlizadə həmin ilin 14 noyabrında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub. Üzərindən 5 ay keçməmiş isə bir az da böyüyüb. Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə keçib və dayısı vurulana qədər o vəzifədə çalışıb.
Dövlət qulluğu baş müşaviridir.
Məlumatlı mənbənin bildirdiyinə görə, Fuad bütün bu yüksəlişinə görə daydayısı Səlim Müslimova borcludur. Səlim Müslimovun köməkliyi ilə 2012-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalıyla da təltif olunub. Görünür, “qara kassa” işini yaxşı mənimsədiyi üçün bu yüksək titula layiq bilinib".
Ovqat.com
Bu xəbər üçün şərh yazın