"Sonuncu toqquşmaya görə təkcə Ermənistan deyil, İran da məsuliyyət daşımalıdır" - Ukraynalı şərhçi
"Sonuncu toqquşmaya görə təkcə onun səbəbkarı olan Ermənistan deyil, İrəvanı buna təhrik edən İran da məsuliyyət daşımalıdır”.
Bunu Report.az-ın Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın tanınmış siyasi-hərbi şərhçisi, Silahlı Qüvvələrin zabiti Taras Berezovets bildirib.
Onun sözlərinə görə, Ermənistanın hücumunu nəticəsində üç azərbaycanlının şəhid olmasında İran PUA-larından istifadənin mümkünlüyü barədə məlumatlar narahatlıq doğurmaya bilməz:
“Rəsmi Tehran Qərbin sanksiyaları altında olduğu bir zamanda öz hərbi proqramlarını inkişaf etdirməyə çalışır. Buna misal kimi İranın Rusiyaya dron tədarük etməsi faktını göstərmək olar. Ermənistanın İran istehsalı olan PUA-lardan istifadə etməsi sübut olunarsa, onlara qarşı da sanksiyalar tətbiq oluna bilər. Çünki terrorçu Tehran rejimi ilə əməkdaşlığın əvəzi mütləq olmalıdır”.
Şərhçi deyib ki, İranın Cənubi Qafqazın iki suveren ölkəsi, Ermənistan və Azərbaycan arasında münasibətlərə müdaxilə etmək cəhdləri bu ölkənin nüfuzunu itirməsindən xəbər verir:
“Görünür İran “mollaları” hər vəchlə Avropadakı münaqişələrə təsir etməyə çalışır. Bura həm Rusiya-Ukrayna müharibəsini, həm də Ermənistan və Azərbaycanda arasında yeni toqquşma ocağı yaratmaq cəhdlərini göstərmək olar. Bu toqquşmaya görə təkcə onun səbəbkarı olan Ermənistan deyil, İrəvanı buna təhrik edən İran da məsuliyyət daşımalıdır. Beynəlxalq ictimaiyyət məsələyə müdaxilə etməli, BMT Təhlükəsizlik Şurası və ATƏT kimi orqanlarda nəzərdən keçirilməlidir”.
Bu xəbər üçün şərh yazın