
“SVO”nu bitirmək lazımdır, yoxsa...” - Rusiya Dumasında gözlənilməz çağırış
Rusiya parlamentində ilk dəfə Ukraynaya qarşı müharibənin tezliklə bitirməyin vacibliyi barədə çağırışlar səslənməyə başlayıb.
Rusiya iqtisadiyyatı "SVO"nun (Ukraynaya qarşı işğalçılıq müharibəsi-red.) uzun müddət davam etməsinə tab gətirə bilməz və buna görə də onun tez bir zamanda bitməsi sadəcə zəruridir.
Faktinfo.az Azpolitika.az-a istinadən xəbər verir ki, belə bir çağırışla Rusiya Dövlət Dumasının deputatı Renat Süleymanov çıxış edib. Rusiya mediasının da yazdığı kimi, bu, müharibə başlayandan bəri hansısa bir Dövlət Duması üzvünün “SVO”nun dayandırılmasını tələb edən ilk belə açıqlamadır.
"Rusiya iqtisadiyyatının “SVO”nun uzun müddət davam etməsinə tab gətirə bilməyəcəyi tamamilə aydındır. Rəsmi olaraq, federal büdcənin 40%-i müdafiə və təhlükəsizliyə ayrılıb. Hansı inkişaf, investisiya və ya kapital xərclərindən danışa bilərik? Nə tankların, nə də mərmilərin istehlak dəyəri yoxdur: iqtisadiyyat onları istehsal edir, lakin onlar əhali tərəfindən istehlak edilə bilməz. Bu cür xərclər müdafiə sənayesində məşğulluğu və əmək haqqını təmin edir, hərəkətverici qüvvə rolunu oynayır, lakin eyni zamanda inflyasiyanın artmasına və digər xərclərin - sosial və investisiya xərclərinin azalmasına gətirib çıxarır".
Onun fikrincə, vəziyyəti düzəltməyin yeganə yolu müharibəni bitirməkdir: "Buna görə də Xüsusi Hərbi Əməliyyatın tez bir zamanda başa çatması sadəcə, zəruridir. Xüsusi əməliyyat artıq Böyük Vətən Müharibəsindən daha uzun müddətdir davam edir”.

Parlament üzvü hesab edir ki, yalnız hərbi xərclərin azaldılması "problemləri azaltmayacaq": “Bəs müdafiə sənayesində çalışan insanlara nə olacaq? Bir milyon insan mülki həyata qayıdacaq. İş yerləri, layiqli əmək haqqı və sosial adaptasiya varmı?".
Kommunist Partiyasını təmsil edən Süleymanov həmçinin işğal olunmuş ərazilərdə Sovet suvarma sistemlərinin və infrastrukturun məhv edildiyini bildirərək, "yeni ərazilərin bərpası üçün nəhəng büdcə xərclərinə" ehtiyac olduğunu deyib.
Qeyd edək ki, müharibənin əvvəlində Süleymanov “SVO”nun qatı tərəfdarlarından biri kimi çıxış etmiş və müharibənin yalnız Ukraynanın təslim olması şərti ilə dayandırılmalı olduğunu demişdi. 2022-ci ilin sentyabrında isə o, səfərbərliyin "qələbəni təmin etmək üçün ciddi zərurət" olduğunu söyləmişdi.
Son həftələrdə Rusiyadakı hakim partiya olan “Vahid Rusiya”nın deputatlarından da tez-tez etiraz mahiyyətli açıqlamalar gəlir. Xüsusilə də əhalinin mobil internet, mesajlaşma platformaları və s. ilə bağlı məhdudiyyət və qadağalara etirazları deputatlar tərəfindən dilə gətirilir. Parlamentin “müxalifət” üzvləri isə birmənalı olaraq internetin bloklanmasına qarşı çıxırlar.
Qeyd edək ki, bu ilin əvvəlindən başlayaraq, hətta Kremlə yaxın rəsmi sorğu mərkəzləri belə Vladimir Putinin reytinqinin sürətlə düşdüyünü, əhalinin daxili iqtisadi vəziyyətdən və “SVO”-dan narazılığınınsa artdığını etiraf edirlər.












Bu xəbər üçün şərh yazın