Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir

Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir 

Yeni ilin qeyri-iş günlərdində Tarif Şurasının müxtəlif kommunal xidmətlərlə bağlı qiymətləri bahalaşdırması müzakirə mövzusu olaraq qalır.

Sosial şəbəkələrdə bu qərarın bayram günlərində elan olunması müxtəlif tənqidlərə səbəb olub.

Qanunvericiliyə görə, əhali istər qazı, istərsə də elektrik enerjini alqı-satqı müqaviləsi əsasında alır, istehlak edir və dəyərini ödəyir. Şübhəsiz ki, bütün bu məsələlər Mülki Məcəllə və digər normativ hüquqi aktlarla tənzimlənir.

Bəs belə olan halda, tərəflərdən biri niyə bu prosesdən bixəbər olur?

Uzun illər Milli Məclisdə çalışmış hüquqşünas Rahim Axundov Gununsesi.info-ya bu haqda danışıb.

Bütün bu məsələlərin Mülki Məcəllə və digər normativ hüquqi aktlarla tənzimləndiyini vurğulayan Rahim Axundov deyir: “Məsələn, qaz paylayıcı və ya elektrik enerjitəchizatçı ilə istifadəçi (yəni məişət abonenti) arasında bağlanmış müqaviləyə əsasən qazın və işığın qiyməti Tarif (Qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən müəyyən edilir və məişət abonenti istifadə etdiyi qaza və y işığa görə müəyyən haqq ödəyir. Eyni zamanda məişət abonenti ilə bağlanmış həmin müqavilələrə əsasən müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir. Lakin burada diqqət çəkən məqam Tarif Şurasının qeyri-iş günlərində, daha doğrusu bayram günlərində öz qərarını abonentlərə bildirməsidir. Nəzərə almaq lazımdır ki, bütün növ alqı-satqı müqavilələri Mülki Məcəllənin normaları ilə tənzimlənir və həmin normalara müvafiq olmalıdır. Belə ki, Mülki Məcəllənin normalarına əsasən deyə bilərik ki, məişət abonenti ilə bağlanmış müqavilələrə görə, məişət abonenti Tarif Şurası tərəfindən müəyyən edilmiş qiymətlərlə bağlı razılığını, yəni iradə ifadəsini qaz paylayıcı və ya elektrik enerjitəchizatçısı ilə müqavilə bağlayarkən bildirmiş olur və eləcə də abonent razılaşır ki, hətta müqavilə bağlandıqdan sonra gələcəkdə Tarif Şurası tərəfindən qiymət dəyişikliyi baş verərsə, bunu ödəyəcəkdir. Yəni görünən odur ki, abonentin bu qiyməti mübahisələndirmək hüququ bu cür müqavilələrlə məhdudlaşdırılmışdır. Bu məhdudlaşdırcı norma qarşılıqlı razılıq əsasında abonent qarşısında öhdəlik kimi qoyulmuşdur. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Abonentlərlə bağlanmış müqavilələrin təhlili onu deməyə əsas verir ki, abonentlər artıq qiymət dəyişikliyi məsələsində müqavilənin dəyişdirilməsi ilə bağlı qabaqcadan razılıqlarını ifadə ediblər. Amma bu müddəa heç bir halda tərəflərin müqaviləni dəyşdirmək və ya ləğv etmək hüququnu əlindən almır. Digər tərəfdən abonentlərlə bağlanmış müqavilələrin müddəti hər növbəti il üçün uzadıla bilmək şərti ilə bir il üçün qüvvədə olur və bir il müddətinin başa çatmasına 1 ay qalmış istehlakçı təşəbbüs göstərməklə, müqaviləni ləğv edə bilər, amma bu zaman abonent qazsız və ya işıqsız qala bilər. Ona görə də bu yazıda biz sadəcə Tarif Şurası tərəfindən qiymət dəyişikliyinə dair qəbul edilmiş qərarların bayram günündə qüvvəyə minməsi məsələsinə münasibət bildirəcəyik. Bu o deməkdir ki, Tarif Şurasının qərarları əsasında məişət abonenti ilə bağlanmış müqavilələr qiymət hissəsində qeyri-iş günlərində dəyişdirilmiş olur və avtomatik olaraq qüvvəyə minmiş olur. Bu nə dərəcədə doğrudur? Yəni Tarif Şurasının etdiyi qiymət dəyişikliyi bayram günlərində qüvvəyə minə bilərmi? Hər bir halda, məişət abonentləri ilə bağlanmış iki tərəfli müqavilədə yeni qiymət dəyişikliyi məsələsinin mübahisələndirilməsi imkanı olmasa da, müqaviləyə dəyişiklik etmək Mülki Məcəllənin normasına görə tərəflərin razılaşması ilə mümkündür. Bu mənada demək olar ki, Tarif Şurasının qərarları ilə müqavilələrdə qiymət dəyişikliyi baş veribsə, bu dəyişikliyin iş günləri elan edilməsi məqsədəmüvafiq olardı. Bunun üçün Mülki Məcəllənin müqavilə və müddət anlayışı ilə bağlı bəzi maddələrinə nəzər yetirək: 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. 400.1. Əgər müqavilə tərəflərindən biri bazarda üstün mövqe tutursa, o, fəaliyyətin bu sahəsində kontragentlə müqavilə bağlamaqdan əsassız imtina etməməli, habelə kontragentə qeyri-bərabər şərtlərini təklif etməməlidir. Eləcə də qeyd etməliyik ki, Mülki-hüquq münasibətlərində müddət anlayışı da çox vacibdir. Mülki Məcəllənin 367.1-ci maddəsinə əsasən, “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır”. Həmin Məcəllənin 367.2-ci maddəsinə görə “Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir.”

Hüquqşünasın sözlərinə görə, Tarif Şurasının 29 dekabr 2024-cü il tarixli qərarları 2 yanvar 2025-də qüvvəyə mindiyindən bu qərarlarla abonentlərlə bağlanmış müqavilələrdəki mülki hüquq və vəzifələrinin dəyişdirilməsi baş vermişdir.: “Mülki Məcəllənin 370.1-ci maddəsinə görə “əgər hərəkət müəyyən gündə yerinə yetirilməlidirsə və həmin gün qeyri-iş günüdürsə, hərəkət növbəti iş günündə yerinə yetirilməlidir.” Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, “əgər müddətin sonuncu günü qeyri-iş gününə düşürsə, ondan sonrakı iş günü müddətin qurtardığı gün sayılır.” Tarif Şurası 29 dekabr 2024-cü il tarixli məlum qərarları ilə özünün 2021-ci il 16 oktyabr tarixli əvvəlki 13 və 14 nömrəli qərarlarını 2 yanvar 2025-ci il tarixində qüvvədən salmaqla məişət abonentləri ilə bağlanmış müqavilələrə qiymət hissəsində qeyri-iş günündə dəyişiklik etmiş və onlar üçün yeni öhdəlik müəyyən etmişdir. Faktiki olaraq Tarif Şurası bu müqavilələrdə 3-cü tərəf kimi çıxış edir. Bununla da abonentlərlə bağlanmış alqı-satqı müqavilələrində qiymət dəyişikliyi hərəkəti qeyri-iş günündə baş vermişdir. Bu da Mülki Məcəllənin yuxarıdakı normalarına uyğun hesab edilə bilməz. Hesab edirik ki, abonentlərlə bağlanmış alqı-satqı müqavilələrində Tarif Şurasının 2021-ci il tarixli qərarları ilə müəyyən edilmiş köhnə qiymət 6 yanvar 2025-ci il tarixinə qədər qüvvədə olmalı idi. Çünki bu yeni qərarlar məişət abonentləri ilə bağlanmış müqavilələrə birbaşa təsir edir, yeni öhdəlik müəyyən edir. Daha doğrusu, Tarif Şurasının 16 oktyabr 2021-ci il tarixli 13 və 14 nömrəli əvvəlki qərarlarının müddəti məişət abonetləri ilə bağlanmış müqavilələrdəki köhnə qiyməti müəyyən etdiyindən 2025-ci ilin ilk iş günündə, yəni 6 yanvarda bitmiş olmalı idi. Faktiki olaraq müqavilənin dəyişdirilməsi ilə abonentlərlə yeni müqavilə bağlanmışdır. Bu onu deməyə əsas verir ki, Tarif Şurasının 29 dekabr 2024-cü il tarixli məlum qərarları 6 yanvar 2025-ci ildə, yeni ilin ilk iş günündə qüvvəyə minməli idi. Belə olan halda isə Tarif Şurasının qiymət dəyişikliyi barədə bu hərəkəti, eləcə də alqı-satqı müqavilələrdəki qiymət dəyişdirilməsi ilə nəticələnən hərəkəti Mülki Məcəllənin normalarına uyğun olardı. Digər tərəfdən Tarif Şurası kollegial orqan olduğundan onun iclasları barədə qabaqcadan ictimaiyyətə məlumat verilməlidir. Məsələn, Milil Məclisin iclasları və iclasın gündəliyi barədə qabaqcadan ictimaiyyətə məlumat verilir və hətta Milli Məclisdə qəbul edilən qərar və ya qanunların hansı səs çoxluğu ilə qəbul edilməsi barədə də ictimaiyyət məlumatlandırılır. Lakin Tarif Şurasının iclasları və müzakirəyə çıxarılan məsələlər barədə ictimaiyyətə heç bir məlumat verilmir və Əsasnaməsinə zidd olaraq Tarif Şurasının fəaliyyətinin ictimai təşkilatlarla əlaqəli şəkildə həyata keçirilməsini görmürük. Bayram günlərində və ya qeyri-iş saatlarında ictimaiyyət nümayəndələri xəbər tuturlar ki, Tarif Şurası hansısa qərarlar qəbul edibmiş. Bu da icitmai nəzarət mexanizminin tətbiq olunmaması anlamına gəlir.Bu cür fəaliyyət isə “İctimai iştirakçılıq” haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun hesab edilə bilməz”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi