TƏBİB Mehriban Abasquliyevanı yenidən Perinatal Mərkəzə direktor təyin edir?

TƏBİB Mehriban Abasquliyevanı yenidən Perinatal Mərkəzə direktor təyin edir? 

Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib.

Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb.

 

Təmirin nə vaxt bitəcəyi və əvvəlki fəaliyyətin geri qayıdacağı tarix konkret bəlli deyil. Rəsmi qurumlar bunu sözügedən hadisə ilə əlaqədar istintaqın yekunlaşmaması ilə əlaqələndirirlər.

 

Bizim.Media-nın əldə etdiyi məlumata görə Perinatal Mərkəzə yeni direktor təyinatı təmir işləri tam yekunlaşandan və xəstəxana fəaliyyətini bərpa edəndən sonra baş tutacaq. Hələlik isə məlum hadisədə ehtiyatsızlıqdan və səhlənkarlıqdan yanğın təhlükəsizliyi qaydalarını pozmaqda ittiham olunan mərkəzin direktoru Mehriban Abasquliyevanın yerinə təyinat olunmayıb. Amma Mehriban Abasquliyevanın yeniden Perinatal Mərkəzinə direktor gətiriləcəyi də iddia olunur.

 

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) sorğuya cavab vermir.

 

Xatırladaq ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzində altı körpənin ölümü və bir neçə nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğın baş verib. Yanğın bir otaqda 35 kvadratmetr sahəni əhatə edib.

 

Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, hadisə ilə bağlı üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Respublika Perinatal Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli barəsində məhkəmə qərarıyla ev dustaqlığı, eləcə də vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.

 

Onlar ehtiyatsızlıqdan və səhlənkarlıqdan yanğın təhlükəsizliyi qaydalarını pozmaqla iki və daha çox şəxsin ölümünə səbəb olmaqda ittiham olunurlar.

 

İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə həmin Məcəllənin 314.3-cü maddəsi ilə  təqsirləndirilirlər.

 

Onu da bildirək ki, yanğın hadisəsi ilə bağlı istintaq-əməliyyat tədbirləri hələ ki yekunlaşmayıb. Baş Prokurorluqdan sorğuya cavab olaraq istintaqın gedişatı ilə bağlı yeni məlumatın olmadığı bildirilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər