"Tədris ili bitməmiş Dövlət İmtahan Mərkəzi imtahan keçirir"

"Tədris ili bitməmiş Dövlət İmtahan Mərkəzi imtahan keçirir" – Deputatdan ETİRAZ

Sabiq təhsil naziri Misir Mərdanov bu günlərdə verdiyi müsahibəsində deyib ki, imtahan vermək arzusunda olan adamların bilik və bacarıqları ilə onlara imtahanda verilən suallar üst-üstə düşmür.

Doğrudan da tez-tez fikirlər səslənir ki, Dövlət İmtaha Mərkəzinin hazırladığı testdəki bəzi sualların cavabı tədris prosesində yoxdur.

Məsələ ilə bağlı Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədovun fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, Misir müəllim uzun müddət bu sahədə işləyib, bu sahəyə cavabdeh şəxslərdən biri olub:

“Yaxşı olardı ki, o fikirlərini daha aydın şəkildə ifadə edərdi və Misir müəllimin təkliflərindən də müəyyən qədər faydalanmaq olardı. Doğrudanda təhsil sistemimizdə kifayət qədər problem var. Həm təhsil verənlərin, həm də təhsili qiymətləndirənlərin işində müəyyən boşluqlar var. Bu da son nəticədə təhsilimizə ziyan vurur. Bu gün məktəblərdə verilən bilik şagirdlərə kifayət eləmir. Ona görə də şagirdlər repetitor yanına gedir. Bununla belə 2 sahədə öyrəndikləri bəzən abituriyentə bəs eləmir. Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi suallar məzunlardan daha çox bilik tələb edir”.

Millət vəkili problemin bununla bitmədiyini söylədi:


“Sistemin özündə problem var. Məsələn, tədris ili bitməmiş biz imtahan keçiririk. Bütün fəsillər mənimsənilməmiş Dövlət İmtahan Mərkəzi imtahan keçirir(?!) Belə həssas məqamlar ümumi təhsil sistemimizdə çoxdur. Mənə elə gəlir ki, ümimi sistemdə bir şəffaflıq yaradılmalıdır. Yalnız bundan sonra hansısa nəticələri obyektiv saya və onun müzakirəsini apara bilərik”.

Ceyhun Məmmədov hesab edir ki, təhsildə zəruri islahatların keçirilməsinə ehtiyac var:

“İslahatlar keçirilməli, uyğunlaşdırma aparılmalıdır. Məsələn, ali məktəblərə qəbulu DİM həyata keçirir. Buna parallel olaraq Elm və Təhsil Nazirliyi müəllimlərin işə qəbulunu aparır.Mənə elə gəlir ki, bu məsələyə xüsusi diqqət edilməli və vahid qəbul prosesi yaradılmalıdır. Bir sözlə təhsilimizdə kompleks məsələlər çoxdur. Bu kompleks məsələlər də təhsil sistemimizə öz neqativ təsirini göstərir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər