Tənzilə Rüstəmxanlı: "Rusiyanın Azərbaycan xalqı, həlak olanların ailələri qarşısında üzr istəmək borcu var"
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Aktauda baş verən təyyarə qəzasında həlak olan pilotlara və vətəndaşlarımıza şəhid statusu verilməsi təklifinə münasibət bildirib.
Faktinfo.az xəbər verir ki,deputat Pravda.az-a açıqlamasında deyib ki, təyyarə qəzası xalqımız üçün faciə, ağır itkidir.
"Kadrları izləyəndə hər bir azərbaycanlının ürəyi qanla doldu. Çox böyük acımız var. Millətimizin başı sağolsun. Vətən sağ olsun! Ölənlərə Allahdan rəhmət, sağ qalanlara cansağlığı diləyirəm. Övladlarını itirən ailələrə səbir diləyirəm. Əlbəttə, nə dərəcədə realdır, bilmirəm, amma bir şey gerçəkdir - müharibə bölgəsində təyyarəmiz vurulub, pilotlarımızın, ekipaj üzvlərimizin hər biri qəhrəmanlıq göstərib. Qızımızın (stüardessa Hökumə Əliyeva - red.) səsi titrəsə, stress yaşasa belə, nə qədər təmkinlə danışıb təyyarədəki sərnişinləri sakitləşdirməyə, qayda-qanuna yaratmağa çalışır. Onun səsi hələ də qulaqlarımızdadır. "Hər şey yaxşı olacaq!" deyir. Pilotlarımız və ekipaj üzvləri xidməti vəzifə başında, ağır bir vəzifəni yerinə yetirərkən fədakarlıq göstəriblər. Əgər pilotlarımızın və ekipaj üzvlərinin qəhrəmanlıqları olmasaydı, bəlkə, təyyarəmizdən bir nəfər belə sağ çıxmazdı. Onlar gerçək qəhrəmandırlar. Düşünürəm, dövlətimiz onların qəhrəmanlıqlarını ən yüksək səviyyədə qiymətləndirəcək. Üzücü haldır", - deputat bildirib.
T.Rüstəmxanlı Rusiyanın məsuliyyət məsələsinə diqqət çəkib: "Hadisə Rusiya ərazisində baş verib. Məni üzən başqa bir tərəf var. Dünən gecəyə qədər Rusiyadan heç bir səs çıxmadı. Moskva səssizliyini qoruyur. Əlbəttə, istəməyərək olsa belə, təyyarəmiz məqsədli şəkildə vurulmasa belə, Rusiyanın dövlət ərkanı, ənənəsi Azərbaycan xalqından üzr istəmək, təzminat ödəməkdir. Təzminat məsələnin maddi tərəfidir. Rusiyanın Azərbaycan xalqı, həlak olanların ailələri qarşısında bir üzr istəmək borcu var. Bu, çox önəmlidir".
Bu xəbər üçün şərh yazın