"Torpaqlarımızın işğaldan azad olmasına imkan verməyən dövlət məhz Rusiyadır" — Deputatdan SENSASİON AÇIQLAMA
"Artıq Rusiya Ermənistana hərtərəfli yardım etdiyini və bütün zamanlarda onun arxasında dayandığını bir daha sübut etdi. Sübut etdi ki, Rusiya Ermənistan vasitəsilə Qafqazda özünün strateji maraqlarını həyata keçirmək niyyətindədir. Şübhəsiz ki, bu strateji maraqlar Azərbaycanın dövlət və milli maraqları ilə ziddiyət təşkil edir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.
F.Ağamalı deyib ki, Azərbaycan torpaqlarının işğal olunmasında 80-ci illərin axırı, 90-cı illərin əvvəllərində Qorboçovdan başlamış Boris Yeltsinə qədər və onların hərbi sənaye komandası Azərbaycan torpaqlarının işğalında mühüm rol oynayıblar.
Onun sözlərinə görə, əslində Azərbaycan torpaqları Rusiyanın canlı qüvvəsi və hərbi texnikasından istifadə olunaraq, işğal edilib və Ermənistana verilib:
"Bütün bunlar Rusiya mətbuatında da yazılıb. Bu günə qədər də məhz Ermənistan Rusiyaya arxalanaraq işğal olunan torpaqlarımızı azad etmək niyyətində deyil.
ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya bu prosesdə də özünün məkrli planlarını reallaşdırmaq üçün bir platforma kimi istifadə etməkdədir. Status-kvonun qorunub saxlanılmasında Minsk qrupunun həmsədri kimi Rusiya həlledici rol oynayır.
Digər tərəfdən isə hələ 90-cı illərdə Rusiya Ermənistana 1 milyard dollarlıq silah-sursat və hərbi texnika verərkən Ulu Öndər Heydər Əliyev ciddi narahatçılığını ifadə etmişdi. Həmin vaxtı Rusiya tərəfinə ciddi etirazlar bildirilsə də, sonrakı illərdə buna son qoyulmamışdı. Bu günlərdə Tovuz istiqamətində gedən döyüşlərin ən qızğın çağında belə Ermənistan Rusiya tərəfindən ən müasir silah-sursatla pulsuz olaraq təchiz olunur. Bütün bunlar Rusiyanın imperiya siyasətinin ifadəsidir.
Çox təəssüf ki, Rusiya Azərbaycanın beynəlxalq hüquq normalarına söykənən və mehriban qonşuluq siyasəti prinsiplərinə əsaslanan münasibətlərini qiymətləndirmir. Bu, bizdə çox böyük şiddət doğurur və bir daha sübut olunur ki, işğalçı Ermənistan Rusiyanın əlində oyuncaq bir ölkədir. Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, onların hər biri Rusiyanın əlində bir maşadır".
Deputat qeyd edib ki, indi Azərbaycan torpaqlarının işğaldan azad olmasına birbaşa imkan verməyən dövlət məhz Rusiyadır:
"Ona görə də biz Rusiya ilə danışıqları konkretləşdirməliyik. Ötən gün ölkə Prezidentinin haqlı olaraq Azərbaycan xalqının iradəsinə söykənən Putinlə apardığı danışıqlar da birbaşa Azərbaycanın dövlət maraqlarına və beynəlxalq prinsiplərə söykənir.
Çox təəssüf edirəm ki, Rusiya hələ də özünü Minsk qrupu tərəfindən neytrallığı üzərinə götürmüş missiyaya əməl etmir və işğalçı Ermənistanı silahlandırmağa davam edir. Bu heç bir əndazaya sığmayan hərəkətlərdir. Rusiya guya bizimlə neytal münasibət saxlamaq pərdəsi axrasında işğalçı Ermənistanın yanında dayanır. Əgər Rusiya Ermənistanın yanındadırsa və onu silah-sursatla təmin edirsə, deməli o da işğalçı Ermənistanla bərabərdir".
Bu xəbər üçün şərh yazın