"TT" ləqəbli baş redaktor Taleh Bağırovla bağlı məlumat üçün MTN-dən 10 min manat mükafat alıb

"TT" ləqəbli baş redaktor Taleh Bağırovla bağlı məlumat üçün MTN-dən 10 min manat mükafat alıb 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə bəzi məlumatlar açıqlanıb.

APA-nın məlumatına görə, cinayət işinin aktında MTN agenti olan qəzet baş redaktorunun Taleh Bağırovla bağlı məlumatları nazirliyə çatdırması qeyd edilib. "TT" ləqəbli baş redaktorla 30 yanvar 2014-cü ildə etibarlı münasibətlər yaradılıb.

Həmin baş redaktor Taleh Bağırovun "Müsəlman Birliyi Hərəkatı" adlı qurum yaratmaq istəyi barədə məlumat verib, buna görə də MTN generalı Elçin Quliyevin 30.01.2014-cü il tarixli raportu ilə ona 10 min AZN birdəfəlik pul mükafatı verilib.

MTN-in Antiterror Mərkəzinin rəisi olmuş Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Digər təqsirləndirilən şəxslər də eyni maddələrlə ittiham edilirlər. 

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi