Tuneli tikən şirkət günahı üzərindən atdı,fikiri sifariş verən təşkilat yönəltdi

Tuneli tikən şirkət günahı üzərindən atdı,fikiri sifariş verən təşkilat yönəltdi -AÇIQLAMA

"Sabunçuda inşa etdiyimiz tunel tikinti norma qaydalarına uyğun inşa olunub. Biz tuneli inşa edib başa çatdırdıqdan sonra sifariş verən quruma təhvil vermişik.

Həmin vaxt tuneldə yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə inşa olunan nasosxana, nasoslar və transformator işlək vəziyyətdə olub".

Faktinfo.az xəbər verir ki, bunu Sputnik Azərbaycan-a açıqlamasında dünən iki nəfərin ölümü ilə nəticələnən, su basmış Sabunçu tunelinin tikintisini həyata keçirən "Körpü Bina Tikinti" MMC-nin direktor müavini Rüfət Göyüşov söyləyib. O qeyd edib ki, tunel və körpülər inşa edildikdən sonra onlara xidmət göstərmək sifariş verən təşkilatın üzərinə düşür.

"Bizim işimiz tuneli tikinti norma və qaydalarına uyğun, vaxtında tikib təhvil verməkdir. Tunelin istismarı, ona xidmət göstərilməsi artıq tuneli tikən şirkətin işi deyil. Ona qulluq etmək sifariş verən təşkilatın işidir. Ona görə də, mən tuneldə nasosların, digər avadanlıqların su basma hadisəsi zamanl işlək vəziyyətdə olub-olmadığını bilmirəm. Bunu aidiyyatı qurumdan soruşun. Bundan əlavə heç bir cavab vermək səlahiyyətində deyiləm. Zəhmət olmasa digər suallarınızı tunelə xidməti üzərinə götürən təşkilata yönləndirin", deyə "Körpü Bina Tikinti" MMC-nin rəsmisi bildirib.

Qeyd edək ki, Sabunçuda ötən gecə tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb. Bədbəxt hadisədən sonra tunelin tikintisi zamanı nöqsanlara yol verilib-verilməməsi müzakirələrə səbəb olub.
Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı məlum olub ki, sözügedən tunelin tikintisinə, "Körpü Bina Tikinti" MMC tərəfindən 2019-cu ildə başlanılıb. Tunelin tikintisini isə "Azərbaycan Dəmir Yolları"sifariş verib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə bildirib ki, ola bilər tunelin tikintisi zamanı nöqsanlara yol verilib.

Sabunçu rayon MK Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəis müavini Bəxtiyar Qasımov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu tunel onların balansında olmadığından, xidmət etmək də onların səlahiyyətində deyil.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli də Sputnik Azərbaycan-a bildirib ki, hadisə baş verən tunelə xidmət göstərmək Agentliyə tabe olan yol idarələrinin səlahiyyətində deyil. O, tunelə qulluq göstərilməsinin, istismarını hansı qurumun həyata keçirdiyini sifarişi verən təşkilatdan soruşmağı tövsiyyə etdi.

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) mətbuat katibliyinə iki nəfərin ölümünə səbəb olmuş tuneldə hadisə baş verən gün müvafiq nasosxana və nasosların, eləcə də transformator və generatorların işlək vəziyyətdə olub-olmadığı barədə sualımıza isə cavab verilmədi. "Azərbaycan Dəmir Yolları" QSC-nin mövqeyini yazıya əlavə etməyə hazırıq.

Məlumat üçün bildirək ki, faciəyə səbəb olan tunelin uzunluğu 388 metr, hündürlüyü 5,5 metr, eni isə 13,5 metrdir. Qapalı hissənin uzunluğu isə 68 metrə bərabərdir. 4 il əvvəl açılış mərasimində verilən məlumata görə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb. Amma görünən və real mənzərə onu deməyə əsas verir ki, ötən gecəki hadisə zamanı nə üç nasos, nə 100 kilovatlıq transformator, nə də generator işə yarayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi