"Türk Dünyası daim Azərbaycanın yanındadır"

"Türk Dünyası daim Azərbaycanın yanındadır" -DEPUTAT

"Ölkə Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı etdiyi çıxışında bir daha Türk dövlətləri arasında olan dostluq və qardaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyini önə çəkdi.

Bu gün bütün dünyada güc amilinin getdikcə daha çox həlledici faktor kimi çıxış etməsi dövlət başçımızın səsləndirdiyi fikirlərin həyati əhəmiyyətini bir daha təsdiq edir. Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışında cənab Prezident bildirmişdi ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Bu fikir birmənalı olaraq ölkəmizin xarici siyasətində əsas prioritet istiqamətin hansı olduğunu açıq şəkildə büruzə verir”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat vurğulayıb ki, TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin daha bir vacib təzahürüdür. “Türk dünyasının birləşməsi bütün türkdilli xalqların gələcəyi üçün son dərəcə önəmlidir. Buna görə də Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr bu istiqamətdə böyük səylər göstərirlər. Azərbaycan da üzv olduğu bütün digər beynəlxalq təşkilatlardakı kimi, Türk Dövlətləri Təşkilatında mühüm təşəbbüslərlə çıxış edir. Öz çıxışında cənab Prezident İlham Əliyev Təşkilatın ildə bir dəfə Zirvə görüşünün keçirilməsini qənaətbəxş hesab etmədiyini bildirdi. Buna görə də Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Bu ali toplantının əsas mövzuları isə nəqliyyat və iqlimlə bağlı olacaq. Nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. İqlim məsələləri isə bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir.”


K.Qafarov qeyd edib ki, Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna kəsb edəcək: “Öz çıxışında dövlət başçımızın dediyi kimi, Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Ötən dövr ərzində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentləri Ağdamda və Füzulidə olmuşlar. Azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir İncəsənət Mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Daha bir məktəbin təməli isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Bütün bunlar, azad edilmiş torpaqlarda Türk dünyasının birliyinin əyani təzahürləridir” .

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər