"Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi Azərbaycan üçün prioritet məsələdir"

"Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi Azərbaycan üçün prioritet məsələdir" -DEPUTAT

"Azərbaycanın beynəlxalq mövqelərinin getdikcə möhkəmlənməsi fonunda respublikamızın digər ölkələrlə əlaqələri də genişlənir və inkişaf edir.

Aydındır ki, Azərbaycan Xəzər dənizi hövzəsinə aid olan dövlətlərlə münasibətlərin inkişafına xüsusi diqqət verir. Eyni zamanda da Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi Azərbaycan üçün prioritet məsələlərdən biridir. Bu baxımdan Qazaxıstan Respublikası ilə ölkəmizin qarşılıqlı əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etməsi də xüsusi qeyd olunmalıdır. Məlumdur ki, ölkələrimiz və xalqlarımız arasında münasibətlər dərin tarixi köklərə malikdir.Bu münasibətlərin formalaşmasına təsir edən əsas amillərdən biri də azərbaycan və qazax xalqlarının türkdilli xalqlar olmasıdır. Xalqlarımızın etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxın olmaları müasir dünyamızda bütün sahələrdə, o cümlədən nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 10-da Qazaxıstana etdiyi rəsmin səfər də bu əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılmış növbəti mühüm addım oldu. 


Qeyd etmək lazımdır ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin yeni mərhələyə keçidi üçün möhkəm baza hələ 2004-cü ildə Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci ildı Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə yaradılıb. Məhz bu zəmin əsasında ötən illər ərzində Azərbaycan-Qazaxıstan münasibətləri həqiqətən də xeyli inkişaf edib və hazırda müttəfiqlik səviyyəsinə yüksəlib. Belə ki, 2022-ci il avqustun 24-də Bakıda hər iki ölkənin dövlət başçıları tərəfindən imzalanmış Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə artıq iki dost ölkənin həm də müttəfiq olduqlarını deməyə əsas verir. Eyni zamanda 2023-cü il aprel ayının 10-da Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol” və dövlət başçılarının birgə bəyanatı ölkələrimiz arasında əlaqələrin və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsinə yönəlib.”


Bu fikirləri mətbuata verdiyi açıqlamasında Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi mövzusunda danışarkən Milli Məclisin deputatı,professor Aqiyə Naxçıvanlı bildirib.


A.Naxçıvanlı  Qazaxıstanın paytaxtı Astana şəhərinin ən böyük küçələrindən birinə Heydər Əliyevin adının verilməsini və küçənin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin birgə iştiraklarını xalqlarımız və ölkələrimiz arasında dostluq və qardaşlığın daha bir nümunəsi kimi vurğulayıb.Sitat: "Astanada Ulu Öndər Heydər Əliyevin adını daşıyan yeni küçəni açmaqla Qazaxıstan hökuməti bir daha Azərbaycan xalqının Ümummilli Liderinə öz səmimi münasibətini və ehtiramını nümayiş etdirdi. Mərasimdə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qeyd etdi ki, Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək və qorumaq hamımızın borcudur və Astanada onun adını daşıyan yeni küçəni açmaqla Qazaxıstan bu nəcib işə mühüm töhfə verir. Həmçinin öz çıxışında Qazaxıstan Prezidenti vurğulamışdır ki, Heydər Əliyev dinamik inkişaf edən müasir Azərbaycanın memarıdır. Son dərəcə mürəkkəb dövrdə ölkəyə rəhbərlik edən Heydər Əliyev çoxəsrlik Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində müstəsna rol oynayıb. Onun müdrik rəhbərliyi ilə Azərbaycanda dərin siyasi və sosial-iqtisadi islahatlar həyata keçirilib. Bu mürəkkəb, enişli-yoxuşlu yolu qət edən ölkə irəliyə doğru böyük sıçrayış edib, dünya birliyinin nüfuzlu üzvünə çevrilib. Tədbirdə çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev Astanada Heydər Əliyev küçəsinin açılışını tarixi hadisə adlandırıb. Dövlətimizin başçısı hər bir azərbaycanlı üçün Ulu Öndər Heydər Əliyevin adının çox əziz olduğunu vurğulayaraq, Ümummilli Liderin müasir müstəqil Azərbaycanın ən mürəkkəb və təhlükəli dövründə xalq tərəfindən dəvət edildiyini və ən ağır şəraitdə ölkəyə rəhbərlik etdiyini diqqətə çatdırdı. Qeyd olundu ki, Ulu Öndər həyatının müəyyən dövrlərində haqsızlığa, təzyiqlərə məruz qalsa da, Azərbaycan xalqı ona həmişə inanırdı və ən çətin dövrdə - xalqımızın gələcəyi məhz onun kimi insanlardan asılı olanda Ulu Öndər ölkəyə rəhbərlik etdi və Azərbaycanı faktiki olaraq dünyanın siyasi xəritəsindən silinməkdən xilas etdi. Cənab Prezident İlham Əliyev Astanada Heydər Əliyev küçəsinin açılış mərasimini ölkələrimiz arasındakı münasibətlərin sarsılmazlığının, qardaşlığın və qarşılıqlı hörmətin daha bir sübutu olduğunu qeyd etdi.”


Daha sonra deputat aprelin 10-da Astanada Sənədlərin imzalanmasından sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyevin təqdim etdiyi açıqlamaların əhəmiyyətindən də danışıb "Mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyev bu gün Azərbaycan ilə Qazaxıstan arasında müttəfiqlik münasibətlərinin konkret məzmunla zənginləşdiyini bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması əməkdaşlığın perspektivliyini təmin edirlər. Öz çıxışında cənab Prezident İlham Əliyev Cənubi Qafqaz regionunda mövcud geosiyasi vəziyyət və sülh danışıqlarının perspektivləri barədə də maraqlı açıqlamalar təqdim etdi." 

Deputat Ermənistan tərəfinin sülh müqaviləsini imzalamalı olduğunu da diqqətə çatdırıb:"İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif edib. 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, dövlətimiz qonşular arasında münasibətlərin normallaşdırılması üçün çağırışlar etməkdədir. Praktiki olaraq bu iş başlansa da, proses hələ də çox ləng gedir və bunun yeganə səbəbkarı Ermənistan və onun havadarlarıdır. Artıq onlar da başa düşməlidirlər ki, Ermənistan üçün Azərbaycanla sülh müqaviləsini imzalamağın heç bir başqa alternativi yoxdur. Yalnız suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında bağlanmış sülh müqaviləsi çoxillik düşmənçilik səhifəsini çevirəcək. Həmçinin dövlətimizin başçısı beynəlxalq arenada nüfuza və prinsipial mövqeyə malik olan Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş səylərinin böyük hörmətə layiq olduğunu vurğuladı", - deyə Aqiyə Naxçıvanlı qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər