TÜRKİYƏ QƏRBİN VƏ İRANIN PLANLARINI TƏRSİNƏ ÇEVİRDİ - MOSSAD-ın proqnozlarını isə alt-üst etdi...

TÜRKİYƏ QƏRBİN VƏ İRANIN PLANLARINI TƏRSİNƏ ÇEVİRDİ - MOSSAD-ın proqnozlarını isə alt-üst etdi... 

Hələb qələbəsi çox böyük düyünün çözülməsinin başlanğıcıdır, regionda qərblilərin cızıdıqları süni xəritələri təbii fay xətlərinə və dövlətlərin real güclərinə uyğun şəkildə dəyişdirəcək.

Namiq Bilal

Suriya müxalifətinin formalaşdırdığı Suriya Müvəqqəti Hökuməti tərəfindən idarə olunan Suriye Milli Ordusunun (SMO) Hələb şəhərini ələ keçirməsi Orta Şərqdə tamamilə yeni situasiya yaradıb. Qərbin “Ərəb baharı” ilə başlatdığı Böyük Orta Doğu Projesi (BOP) son nəticədə Türkiyənin də parçalanması ilə nəticələnməli idi. Qərb dərin düşüncə quruluşlarının öz rəsmi hesabatlarında dəfələrlə dərc etdikləri bu projeni SMO-nın Hələb qələbəsi sonlandırdı. Bu iddia ilk baxışda bir qədər şişirdilmiş görünə bilər. Amma, deyilənin həqiqətə çox yaxın olduğunu təsdiq edən məqamlara baxaq.


İsraillə “Hizbullah” arasında əldə olunan atəşkəs razılaşmasından bir gün sonra MOSSAD-ın regiondakı hadisələrin inkişafı ilə bağlı proqnozları (əslində planları –rd.) açıqlandı. Həmin proqnozlara görə, atəşkəsdən dərhal sonra İran “Hizbullah” döyüşçülərini Türkiyə ilə sərhəddə yönləndirərək Suriya müxalifət güclərini əzməyi planlayırdı.

Suriya müxalif gücləri Türkiyənin nəzarətindədir, deməli bu əməliyyat həm Türkiyəyə qarşı planlanırdı.

MOSSAD-ın proqnozuna görə İran bu əməliyyatlara Yəmən husilərini və Suriyadakı çoxsaylı İrana bağlı qruplaşmaları da cəlb etməli idi. Türkiyə mətbuatına görə, İsrail -”Hizbullah” atəşkəsindən dərhal sonra “Hizbullah” döyüşçüləri Litaniya çayının şimalına, yəni İsrail sərhəddindən 15-20 km şimala deyil, müxalifləri əzmək üçün Hələb bölgəsinə daşınmağa başladı.

Belə vəziyyət bir daha təsdiq edir ki, mövzu Türkiyə olan anda Qərb və İran vahid güc kimi çıxış edirlər. Heç şübhəsiz, bu əməliyyatlara Suriyanın şimalında fəaliyyət göstərən, ABŞ və İsrailin dəstəklədiyi kürd separatçıları da qoşulacaqdı.

Etiraf edək ki, Suriya rejimi qoşunlarının, Rusiya hava qüvvələrinin, “Hizbullah”ın, Husi qruplarının, çoxsaylı İran dəstəkli milis qruplarının, ABŞ və İsrailin hər cür dəstək verdikləri kürd separatçılarının birgə hərəkatı Suriya müxaliflərini və Türkiyəni çox çətin duruma salardı. Yada salaq ki, Prezident Ərdoğan məhz belə vəziyyəti nəzərdə tutaraq, ˝Livandan sonra İsrailin hədəfi Türkiyədir˝ demişdi.

Son 10 gündə isə Ərdoğan Suriyada çox böyük əmaliyyatın siqnalını verimişdi. Amma Qərbin və İranın birgə oyunu alınmadı. SMO-nın ani hərəkatı bütün planları alt-üst etdi. Hələb müxaliflərin əlindədir və Türkiyə dəstəkli müxalif güclərin cənuba doğru irəliləməsi davam edir. Deməli cəbhə xətti sürətlə Türkiyə sərhəddindən uzaqlaşır.

Hələbin alınması ilə paralel çox əhəmiyyətli ikinci proses də başlanıb. Türkiyənin yaratdığı və silahlandırdığı Suriya Milli Ordusu kürd separatçılarına - PKK və PYD-yə qarşı ˝Özgürlük Şəfəqi˝ adlı hərəkata başllayıb. Türkiyə son bir neşə ildə Rusiya və ABŞ-nin sərt müqaviməti ucbatından kürd separatçılarına qarşı əməliyyatlara start verə bilmirdi. Yaranan vəziyyət həmin əməliyyatlar üçün Ankaranın əlinə açıq kart verdi. 

Əslində Türkiyəyə bu şansı kürd separatçılarının özləri verdilər. Belə ki, PKK və PYD separatçıları Suriya rejimi ilə bir araya gələrək müxaliflərə qarşı hərbi əməliyyyata girdilər. Bununla da özlərini Türkiyə dəstəkli müxaliflərin qanuni hədəfi halına gətirdilər.Bununla həm Qərbin, həm İranın, həm də ən əsası İsrailin planları alt-est oldu.

Rusya Ukraynada sıxışıb, İsrail “Hizbullah”ı yenə bilmədi, ABŞ iki-üç aylıq prezident dəyişikliyi qovğasındadır, İran və vəkil gücləri isə İsraillə müharibədə ağır zərbələr alıb və üstəlik hazırlıqsız yaxalanıblar. Türkiyənin əməliyyatları üçün ideal zamandır. Rəsmi Ankara uzun illərdir özünə qarşı hazırlanan oyunu dəqiq zamanlama ilə öz lehinə çevirməkdədir.

Atatürkün Türkiyənin gələcəyi ilə bağlı ˝Misaki Milli˝ adlı konsepsiyası var. Bu konsepsiyaya görə Hələb, Mosul və Kərkük də daxil olmaqla Suriyanın və İraqın əsasən türkmənlər yaşayan şimal əraziləri Türkiyə torpaqlarıdır.

Geopolitikada belə bir qayda var: Dövlət ya böyüyəcək, ya da kiçiləcək. Qərb bu qaydaya uyğun olaraq BOP projesini dövrəyə buraxaraq Türkiyəni kiçiltməyi planlayırdı. Amma Türk dövlət ağlı bu projeni tərsinə çevirdi və üfüqdə Atatürkün ˝Misaki Millisi˝ görünməyə başlayıb.

Suriya Milli Ordusunun bir tərəfdən Əsəd rejiminə və İran milislərinə qarşı, digər tərəfdən isə kürd separatçılarına qarşı başlatdıqları əməliyyatların arxasında heç şübhəsiz Türkiyə ordusu və Türk dövləti dayanır. Bunu Türkiyə XİN rəhbəri Hakan Fidan çox qısa ifadə ilə diqqətə çatdırıb. O, bəyan edib ki, hərbi əməliyyatlar nəticəsində Türkiyəyə yeni köç dalğası təhlükəsi yaranarsa, Ankara bütün vasitələrdən istifadə edərək bu təhlükənin qarşısını alacaq.


Aydındır ki, Türkiyəyə köç dalğası təhlükəsi müxaliflərin məğlub olması nəticəsidə yarana bilər. Rəsmi Ankara isə buna imkan verməyəcəyini bəri başdan bəyan edir.

Bütün tərəflər etiraf edir ki, Böyük Orta Şərq regionunda Türkiyə ordusunu məğlub edəcək güc yoxdur. İndiyə qədər Türkiyənin qarşısını diplomatik basqılar və total sanksiyalar təhdidi ilə alıblar. İndi ˝cin şüşədən çıxıb˝, və Türkiyənin önündəki əngəllər aradan qalxıb. Hələb qələbəsi çox böyük düyünün çözülməsinin başlanğıcıdır. Bu çözülmə regionda qərblilərin cızıdıqları süni xəritələri təbii fay xətlərinə və dövlətlərin real güclərinə uyğun şəkildə dəyişdirəcək.  

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi