
“Türkiyədə qayda-qanun var, bizdə isə...” - Bələdiyyələrlə bağlı acı reallıq açıqlandı
Türkiyənin ən böyük turistik məkanlarından biri Bodrumda şəhər bələdiyyəsi ictimai yerlərdə vətəndaşların sərbəst dolaşımına əngəl yaradan vasitələri aradan qaldırıb.
Bunlar, restoran və kafelərin, əyləncə mərkəzlərinin səkiləri, ictimai məkanları zəbt edən masalar, oturacaqlar, çətirlər, reklam lövhələri, müxtəlif dekor vasitələri, çəlləklər və avtomobillərin park edilməsinə imkan verən süni baryerlər müsadirə edilərək götürülüb. Bəzi yerlərdə sahibkarlar cərimədən yayınmaq üşün bələdiyyəyə etiraz etməyərək prosesdə özləri də iştirak edib. Bələdiyyə isə avtomobillərini qanunsuz park edən və bununla insanların hərəkətinə mane olan avtomobil sahiblərini cərimə edib. Bodrum bələdiyyəsi belə bir təmizlik aparmaqla ictimai yerlərin qanunsuz zəbtinin qarşısını alıb.
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, qardaş Türkiyədə böyük şəhər bələdiyyələri xüsusi səlahyyətlərə malikdir:
- Orada bələdiyyələrin öz büdcəsi, böyük səlahiyyətləri var. İctimai yerlərə nəzarət imkanları genişdir. Təkcə bu deyil, fəaliyyətləri çox genişdir. Çünki idarə və müəssisələr bələdiyyə büdcəsinə vəsait ödəyir. Bələdiyyələr də bu vəsaitlə ictimai işlər görür, vətəndaşların ehtiyacını qarşılayırlar. Bizdə hələ qəbirstanlıqların bələdiyyələrə təhvil verilməsi prosesi başa çatmayıb. Bələdiyyələrin torpaq üzərində mülkiyyət hüququ tam təsbit edilməyib. Bələdiyyələrimizin büdcəsi formalaşmayıb. Problemlər çoxdur. Hansı şəhərdəki bələdiyyələr söz sahibi, səlahiyyət sahibidir, orada qayda-qanun da var, ictimai qaydalara riayət edilir. Türkiyədə Bələdiyyələrə Dəstək Xidməti də var. Təmizlik İşləri Müdürlüyü də bələdiyyələrə kömək edir, onları dəstəkləyir. Bizdə belə bir işlək sistem olmadığından səkilərin zəbt edilməsi, əhalinin rahatlığını pozan hallar yaşanır. Çimərlik mövsümündə insanlar ictimai çimərliklərdən istifadə edə bilmir. Hərə bir çətir, masa qoyub, ərazini özünküləşdirir. Şəhərdə təmizlik, abadlıq işləri gec icra olunur. Çünki şəhər təsərrüfatında nə vahid idarəçilik var, nə də koordinasiyalı fəaliyyət. Biri gəlir yolu qazır, gedir, günlərlə yol bu vəziyyətdə qalır. Kanalizasiya lyuklarının üstü açıq qalır, təhlükə yaradır. Hardasa səkiyə yol nişanı qoyurlar, səki daşlarını qırıb tökürlər, çıxıb gedirlər. Bərpa edən də yoxdur.












Bu xəbər üçün şərh yazın