Türkiyənin terminalı Rusiyadan neft qəbulunu dayandırır – Müştərilərə xəbərdarlıq edib
Aralıq dənizinin orta ölçülü limanlarından biri olan Türkiyənin Dörtyol neft terminallarını idarə edən “Global Terminal Services” (GTS) şirkəti müştərilərinə Rusiyanın neft məhsullarını qəbul edə bilməyəcəyi ilə bağlı xəbərdarlıq edib.
AzPolitika.info "Reuters" agnetliyinə istinadla xəbər verir ki, GTS-dən verilən açıqlamada şirkət heç bir qanun, qayda və ya sanksiyaların pozulması halları olmasa belə, Rusiya mənşəli və ya Rusiya limanlarından yüklənən hər hansı məhsulu qəbul etməyəcək. GTS bəyan edir ki, bu addımı bütün sanksiyalara riayət etmək səylərinə baxmayaraq, onun imkanları və nəzarəti xaricində olan fəaliyyətlərin təsirini aradan qaldırmaq məqsədi ilə atır. Başqa sözlə, şirkət kənardan gələn risklərə məruz qalmaq istəmir.
“Potensial pozuntuları nə qədər izləsəniz də, nəyisə qaçıra bilərsiniz və bunun biznes üçün nəticələri dağıdıcı olar”, - açıqlamada qeyd olunur.
Terminal 2023-cü ildə 11,74 milyon barel Rusiya nefti qəbul edib ki, bu da 2021-ci ilin həcmindən yeddi dəfə çoxdur. Yəni şirkət ruslardan külli miqdarda pul qazanıb. Lakin yaranmış vəziyyətə görə, şirkət bu mənfəətdən imtina etməyə hazırdır. Yalnız fevralın sonunda, qadağadan əvvəl elan edilmiş Rusiya yükləri qəbul edəcək, daha sonra onların qəbulu dayandırılacaq.
“Global Terminal Services”in qoyduğu məhdudiyyətlərin təsirlərini Türkiyə Ticarət Nazirliyinin dərc etdiyi məlumatlar da təsdiq edir. Belə ki, fevralda Türkiyənin Rusiyaya ixracatında ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 milyard dollardan 670 milyon dollara qədər 33% azalma müşahidə edilib. Yanvarda da ixracda azalma qeydə alınıb - 39%. Rusiyadan idxal illik müqayisədə 36,65% azalaraq 2 milyarddan 1,3 milyard dollara düşüb.
Mümkündür ki, bu, Türkiyədəki bəzi şirkətlərin Birləşmiş ŞtatlarIN Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayınmaq istəməsi ilə bağlıdır.
Sanksiyalar Türkiyə banklarına və otellərinə də problemlər yaradır. Yerli mətbuat yazır ki, türk otelləri Rusiya vətəndaşlarının ödənişlərini qəbul etməkdə çətinlik çəkirlər. Rusiyadan transferlər ya ümumiyyətlə gəlmir, ya da uzun müddətli gecikmə ilə gəlir. Turizm mövsümü ərəfəsində bu böyük problemə çevrilə bilər.
Bu xəbər üçün şərh yazın