TÜRKİYƏYƏ QARŞI OYNANILAN NÖVBƏTİ QLOBAL OYUN... - Türk dövlət ağlı İmamoğlu ilə bağlı niyə indi hərəkətə keçdi?

TÜRKİYƏYƏ QARŞI OYNANILAN NÖVBƏTİ QLOBAL OYUN... - Türk dövlət ağlı İmamoğlu ilə bağlı niyə indi hərəkətə keçdi? 

Namiq Bilal

Ərdoğan CHP-nin üzləşdiyi fəlakətli durumdan maksimum yararlanacaq.

İstanbul meri Əkrəm İmamoğlu həbs edildi. Cümhuriyyət Xalq Partiyası (CHP) da bu həbsə etirazlarla cavab verir. Kənardan belə görünür. Pərdə arxasında isə çox böyük kürəsəl oyun gedir. Anlamağa çalışaq.

Dinc məcrada davam edən kütləvi etiraz aksiyaları demokratiyanın tərkib hissəsidir. CHP kimi köklü partiyanın meydanlara yüz minləri və hətta milyonları çıxarma potensialı əlbəttə ki, var. Belə etirazlar dəfələrlə təkrarlanıb, aksiyalar da dinc şəkildə tamamlanıb. Lakin indiki aksiya addım-addım sərtləşməyə doğru gedir.

Hadisələrin ilk günlərində baş verənlər qlobalçı mərkəzlərin hazırladığı və müxtəlif ölkələrdə həyata keçirdiyi rəngli inqilabları xatırladırdı. Belə inqilablar eyni cinsli əkizlər kimi bir-birinə çox bənzəyir. Aksiya öncə dinc şəkildə başlanır, sonra bir mərkəzdən idarə edilən mütəşəkkil qruplar seçilmiş şüarlar səsləndirir.

Paralel olaraq əvvəlcədən təlimat almış minlərlə mənzildə gecə saatlarinda işıqlar sanki bir əlin işarəsi ilə nizamlı qaydada yandırılıb söndürülür, ardından balkonlarda boş qazanları döyməyə başlayırlar. Növbəti günlərdə meydana kaskalı gənclər gəlir. Şiddəti artırma siqnalı verildikdə isə meydanlara üzü maskalı insanlar çıxır və polisə fiziki təzyiq göstərməyə, daş, yandırıcı maddələr və metal parçaları atmağa başlayırlar.


İstanbulda da polisə qarşı şiddətə cəhd edildi və bu proses hələ də davam edir. İstanbuldakı etirazların Avropadakı qlobalçı mərkəzlərdən idarə olunduğunu anladan başqa əlamətlərə baxaq. Qlobalçıların nəzarətindəki media qurumları ˝Demokratiya boğulur˝, ˝Ərdoğan öz rəqibini həbsə atdı˝ və s. kimi materiallar yayır.

İmamoğlunun tutulduğu korrupsiya ittihamı ilə bağlı isə bir cümlə belə işlədilmir. Digər tərəfdən, həm CHP sədri Ö.Özəlin, həm də Ə.İmamoğlunun önündə qlobalçı media qurumlarının qapıları taybatay açılıb. Həmin qapılar əks tərəfin üzünə bağlıdır. Əslində, CHP rəhbərlərinin özləri də hansı beynəlxalq strukturlara bağlı olduqlarını gizlətmirlər. CHP sədri CNN kanalına danışaraq İngiltərənin onları unutduğundan şikayət edir. İmamoğlu isə ˝The New York Times˝-a yazdığı məqalədə, nə az nə çox, kürəsəl gücləri demokratiyanı və ədaləti bərpa etmək üçün Türkiyəyə müdaxilə etməyə çağırır.


Əkrəm İmamoğlu qlobalçı şəbəkənin adamıdır, onların dəyərlərinə söykənir. LGBT-ni dəstəkləyir, kürd separatizminə qarşı çıxa bilmir, PKK-ya terror təşkilatı deyə bilmir, haqqında terrorla bağlı məhkəmə qərarı olan Səlahəddin Dəmirtaşa azadlıq şüarları səsləndirir. Qlobalçı şəbəkə də İmamoğlu kartından maksimum yararlanmağa çalışır. Belə ki, CHP-nin ˝İmamoğluna azadlıq˝ aksiyaları sərtləşdirilir, Türkiyəni çalxalamğa cəhd olunur.

CHP-nin aksiyalarında bir məqama xüsusi diqqət yetirmək önəmlidir. İnsanları meydanlara CHP çağırdı, deməli, məsuliyyət də bu partiyanın üzərindədir. Dinc etirazların ciddi toqquşmalara dönüşəcəyi halda partiya rəhbərliyinin hüquqi məsuliyyətdən yaxa qurtara bilməyəcəyi ortalıqdadır. Bu səbəbdən partiya sədri Özgür Özəl aksiyaları dinc müstəvidə saxlamaqda maraqlıdır. Amma tədricən hadisələr nəzarətdən çıxır. Aksiyaçılar Özəlin ˝evlərinizə gedin˝ tələbini qulaqardına vurur, onun özünü qətiyyətsizlikdə ittiham edirlər.

Polisə daş, dəmir parçaları atan maskalıları da heç şübhəsiz, meydanlara CHP gətirməyib. Meydan nəzarətdən çıxarsa, sonuclar CHP üçün ağır olar. Toqquşma əmri olacaqsa, bu əmr CHP-dən deyil qlobalçılardan gələcək. Dünyanın qarışdığı belə həssas məqamda Türkiyəni daha dərindən silkələmək üçün qlobalçı düşərgə İmamoğlunu da, CHP-ni də qurban verməkdən çəkinməz.


İmamoğlunun Türkiyənin içində ˝qlobalçıların maşası˝ olduğu ilk gündən söylənilirdi. Lakin Türk dövlət ağlı və dövlət səbri məsələni uzun illərə yayaraq yetişdirdi, İstanbul meri dibinə qədər korrupsiya bataqlığına saplandı və beynəlxalq konyunkturun imkan verdiyi ilk anda, yəni Birləşmiş Ştatların qlobalçıların arxasindan çəkildiyi məqamda iş tamamlandı. Qlobalçıların ipi ilk öncə ABŞ-də kəsildi.

Bütün dünyadakı ˝İmamoğluları˝ dəstəkləyən və maliyyələşdirən Amerika İnkişaf Angentliyi artıq yoxdur. Qlobalçıların ən böyük düşməni isə Trampdır. ABŞ Prezidenti açıq şəkildə qlobalçı demokratları bitirəcəyini söyləyir və addım-addım təkcə Birləşmiş Ştatlarda deyil, bütün dünyada qlobalçı şəbəkənin üzərinə gedir. Türkiyəni də qlobalçılar qarışdırırsa, Tramp əks cəhhədə olmalıdır. 

Təsadüfi deyil ki, D.Tramp ˝İmamoğlu məsələsi Türkiyənin daxili işidir˝ deyir, dövlət katibi M.Rubio isə ˝İstanbul meri korrupsiya ittihamı ilə tutulub, o, siyasətdən özünü müdafiə üçün yararlanırdı, Türkiyənin qarışmasını istəmirik˝ bəyanatını verir.

R.T.Ərdoğan Türkiyə dövlətinə və şəxsən özünə qarşı yönələn bütün basqıları öz lehinə çevirməyi bacarır. Daxildəki əsas rəqibi də CHP-dir. İndi bu partiya korrupsiya araşdırmalarının və partiyadaxili çəkişmələrin içində boğulur. Üstəlik, özünün başlatdığı kütləvi aksiyadan CHP-nin qazancla, yaxud zərərlə çıxacağı məlum deyil. 


Bu partiya aksiyaları sonlandırma qərarı verəcəksə, alovlandırdığı tərəfdarlarının ˝qətiyyətsizsiniz˝ ittihamı ilə, davam edəcəksə, toqquşmalar və hüquqi məsuliyyət təhlükəsi ilə üz-üzə qalacaq. Və şübhə etməyin ki, Ərdoğan CHP-nin üzləşdiyi fəlakətli durumdan maksimum yararlanacaq. Böyük siyasətdə kimsənin gözünün yaşına baxılmır. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi