" Uğurlu enerji diplomatiyası Azərbaycanın mövqelərini möhkəmləndirir" -DEPUTAT
"Fevralın 18-də Münxendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilmiş plenar iclas bir daha onu göstərdi ki, bəzi qüvvələr Azərbaycanın yaratdığı yeni regional reallıqlarla hələ də barışmaq istəmirlər.
Bu barədə panel müzakirələrindən sonra Azərbaycan telekanallarına müsahibə verən cənab Prezident İlham Əliyev fikir bildirdi. Həmçinin dövlətimizin başçısı qeyd etdi ki, istənilən halda onlar bu reallıqlarla barışmağa məcbur olacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər, əlbəttə ki, yeni yanaşmaları tələb edir. Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər beynəlxalq qurumun bu məsələyə xüsusi diqqət yetirməsi də bir çox mətləblərdən xəbər verir. Azərbaycanın mövqeyi birmənalıdır və açıqdır. Azərbaycan Prezidenti bunu qapalı görüşlərdə də, rəsmi açıqlamalarında da dəfələrlə ifadə edib. O cümlədən Dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də cənab Prezident İlham Əliyev ölkəmizin haqqın, ədalətin tərəfdarı olduğunu, daxili işlərinə kənar qüvvələrin qarışmasına heç vaxt imkan vermədiyini və imkan verməyəcəyini bir daha bəyan edib. Məhz bu qətiyyətin nəticəsidir ki, bu gün artıq bütün dünya Qarabağın Azərbaycan olduğunu görür və təsdiq edir. Əlbəttə ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması da bizim üçün son dərəcə önəmlidir və əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, dövlət başçımızın dediyi kimi, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır.”
Faktinfo.az xəbər verir ki,bu sözləri mətbuata verdiyi açıqlamasında Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji diplomatiyasının tərəflərinə münasibət bildirən Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Deputat əlavə edib ki, Ermənistan tərəfi Laçın-Xankəndi yolunda baş verənləri Avropa ictimaiyyətinə tam təhrif olunmuş formada təqdim etməklə, özünün destruktiv mövqeyini pərdələməyə çalışır: “Ermənistanın baş naziri bu gün Azərbaycanla sülh sazişini imzalamaqdan, sərhədlərin delimitasiyasını həyata keçirməkdən və hətta indiyədək Azərbaycana minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməkdən niyə boyun qaçırdığı barədə beynəlxalq ictimaiyyətə açıqlamalar verməkdənsə, hansısa uydurma blokada və mövcud olmayan humanitar böhran barədə cəfəng fikirlər səsləndirməklə məşğuldur. Əlbəttə ki, Paşinyanın məqsədi yenə də Avropa ictimaiyyətini aldatmaq və tərəfdaşlarımızda Azərbaycana qarşı mənfi rəy yaratmaqdır. Lakin indiki zamanda həqiqəti gizlətmək mümkün deyil. Cənab Prezident İlham Əliyevin real faktlara əsaslanan açıqlamaları Ermənistanın bu cəhdlərini də nəticəsiz qoydu. Bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı ki, keçən ilin dekabr ayının 12-dən, yəni Azərbaycanın vətəndaş cəmiyyəti fəalları keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri həmin məntəqədən maneəsiz keçib. Bundan başqa Qarabağdan 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Belə olan halda, Paşinyan hansı blokadadan danışır? Azərbaycan haqlı olaraq tələb edir ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər. Diqqətəlayiq haldır ki, Avropa İttifaqı da Azərbaycanın bu məsələ ilə bağlı mövqeyini anlayışla qarşılayır.”
Fikirlərini davam etdirən A.Naxçıvanlı həmçinin qeyd edib ki, Ermənistan baş naziri tərəfindən qeyri-obyektiv fikirlərin səsləndirilməsi hələ də Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasını əngəlləyən əsas amillərdən biri kimi çıxış edir: "Bu gün heç kimin, o cümlədən Ermənistanın baş naziri Paşinyanın qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamaları, əlbəttə ki, ciddi qəbul edilə bilməz və qəbul edilmir. Çünki müasir dünyada həqiqətləri gizlətmək və ya reallıqları təhrif etmək mümkün deyil. Ermənistandan fərqli olaraq Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Cənab Prezidentin dediyi kimi, beynəlxalq tərəfdaşlar da Azərbaycanın nə istədiyini bilirlər. Təbii ki, Azərbaycan üçün ilk növbədə Qarabağ məsələsinin beynəlxalq gündəlikdən çıxması vacibdir. Çünki, Qarabağ məsələsinin hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilməsi mümkün deyil. Dövlətimizin başçısı bunu cənab Blinkenin iştirakı ilə keçirilmiş görüşdə də açıq şəkildə bildirdi. Həmçinin Azərbaycan Ermənistanla sərhədlərinin məhz tarixi xəritələr əsasında delimitasiya olunmasını istəyir ki, bu tələb də tarixi məntiqə əsaslanır. Ən əsası, Azərbaycan Ermənistanın ölkəmizə qarşı ərazi iddialarından əl çəkməsini və münasibətlərdə normallaşmanı istəyir. Beləliklə, ölkəmizin mövqeyi aydın və hər kəs üçün başa düşüləndir. Lakin Azərbaycandan fərqli olaraq Ermənistanın nə mövqeyində, nə də istəklərində heç bir aydınlıq yoxdur. Təbii ki, bu vəziyyət sülh prosesini əngəlləyir."
Daha sonra deputat Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsində ən həlledici amillərdən birinin məhz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasəti olduğunu vurğulayaraq bunları deyib: “Bu gün Azərbaycan özünün Avropa ölkələri ilə əlaqələrini həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişaf etdirir. Artıq bir çox Avropa ölkələri ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. İki il bundan əvvəl Cənub Qaz Dəhlizi layihəsi icra edildi və Azərbaycanın təbii qaz resurslarının Avropa İttifaqı məkanına çatdırılmasına başlandı. Əlbəttə ki, Rusiya-Ukrayna müharibəsi səbəbilə təbii qazın ixrac həcmi bu gün artıq Avropa ölkələrini qane eləmir. Buna görə də enerji təhlükəsizliyi məsələsi indi Avropa ölkələri üçün bir nömrəli problemə çevrilib. Cənab Prezident İlham Əliyevin dediyi kimi, istər Davos Forumu çərçivəsində, istər Münxen Təhlükəsizlik Konfransında enerji təhlükəsizliyi məsələləri gündəliyin ön sıralarındadır. Azərbaycan da etibarlı tərəfdaş ölkə olaraq bu problemin həllində önəmli rol oynayır. Keçən il Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfədən də çox artırmağı planlaşdırır. Əlbəttə ki, burada Azərbaycan yeni mənbənin sahibi kimi və Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi böyük hörmətlə qarşılanır. Diqqətəlayiq haldır ki, bir çox görüşlərdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr qeyd olunur və Ölkə Prezidentinə təşəkkürlər çatdırılır. Bu isə bir daha cənab Prezident İlham Əliyevin həyata keçirdiyi enerji diplomatiyasının son dərəcə uğurlu olduğunu göstərir”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bu xəbər üçün şərh yazın