Ukrayna PUA-ları Engelsə hücum edib – Hədəf strateji bombardmançılar olub
Martın 20-nə keçən gecə Ukrayna PUA-ları Rusiya Federasiyasının Saratov vilayətinin Engels şəhərinə hücum edib.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Saratov vilayətinin rəhbəri Roman Busarqin bildirib ki, PUA-lar “vaxtında və effektiv şəkildə işləyən” hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.
Engels sakinləri isə sosial şəbəkələrdə şəhərdə silsilə partlayışlar barədə məlumat yayıblar. Onların sözlərinə görə, şəhərin üzərində 2-4 güclü partlayış səsi eşidilib. Rusiya Müdafiə Nazirliyi, öz növbəsində, Saratov vilayəti üzərində dörd PUA məhv edildiyini açıqlayıb.
Ukrayna mətbuatı isə yazır ki, hücumun arxasında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi dayanır. Bunu xüsusi xidmət orqanlarındakı mənbələr təsdiqləyib. Qeyd olunur ki, Engelsə hücumu effektiv olub: “Hədəflər vuruldu. Nəticələr dəqiqləşdirilir".
Qeyd edək ki, Engels şəhəri Ukrayna ilə sərhəddən təxminən 600 km aralıda yerləşir. Burada Rusiya Aerokosmik Qüvvələrinin aviabazası var və bazada Ukraynaya raketlər atan strateji bombardmançılar yerləşir. Baza artıq bir neçə dəfə hücuma məruz qalıb./Azpolitika.info
Bu xəbər üçün şərh yazın