"Ukrayna Rusiyanın işğal etdiyi ərazilərin böyük qismini azad edib" - Von der Leyen
Rusiya öz strateji hədəflərində uğursuzluğa düçar olub.
APA.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışında deyib.
O bildirib ki, Rusiya iki il əvvəl Ukraynaya hücum edəndə bir neçə gün ərzində Kiyevin təslim olacağını və bütün Ukraynanı ələ keçirəcəyini düşünürdü, amma Rusiya buna nail ola bilmədi: “Rusiya hərbi imkanlarının təxminən yarısını itirib. Ukrayna ordusu Rusiyanın işğal etdiyi ərazilərin böyük qismini azad edib. Ukrayna qüvvələri Rusiyanı geri oturdaraq Qara dənizdə yolunu açıb.
Ukrayna öz azadlığını, müstəqilliyini qazanıb”.
Avropa Komissiyasının rəhbəri vurğulayıb ki, Rusiya iqtisadi sahədə də itkilərə məruz qalıb. Onun sözlərinə görə, “Rusiya indi Çindən asılıdır”.
“Rusiya diplomatik sahədə də uğursuzluqla üzləşdi. Finlandiya NATO-ya qoşuldu, tezliklə İsveç də Alyansa qoşulacaq, Ukrayna da Avropa İttifaqına üzv olmağa çox yaxındır”, - o vurğulayıb.
Bu xəbər üçün şərh yazın