Ümummilli Liderin Anım Günü Penitensiar xidmətdə qeyd olunub

Ümummilli Liderin Anım Günü Penitensiar xidmətdə qeyd olunub - FOTOLAR

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Anım Günü münasibətilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin baş idarəsində və tabe qurumlarda silsilə tədbirlər keçirilib.

Xidmət əməkdaşları Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək, ona dərin ehtiramını bildiriblər.

Penitensiar xidmətin Baş idarəsində də Anım Günü münasibətilə tədbir keçirilib.

İlk öncə Heydər Əliyev guşəsində Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Xidmət rəisinin müavini ədliyyə general-mayoru Oqtay Məmmədov Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının yetişdirdiyi nadir şəxsiyyətlərdən biri olaraq bu gün də milyonlarla insanın qəlbində yaşadığını, həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu Öndərimiz bu müqəddəs amal uğrunda ən çətin sınaqlara mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlandığını, adının Azərbaycan xalqının xilaskarı kimi müasir tariximizə əbədi həkk oldduğunu qeyd etdi. Azərbaycan xalqının minillik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunan müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamış Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideyalarını öz yolunda mayaka çevirəcəkdir. Heydər Əliyev dünyanın nadir insanlarındandır. O, hamının qəlbinə yol tapmağı bacarır, yaddaşlarda dərin iz qoyurdu. Təkrarsız, heyrətamiz yaddaşa malik Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik idi. Geniş və zəngin fəaliyyəti onu yalnız milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əks olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevirmişdir. Bu yenilməz şəxsiyyət həm də təvazökarlıq simvolu idi. Ona görə də təkcə xalqımız deyil, bütün dünya görkəmli dövlət xadiminə, əsrimizin siyasi həyatında mühüm yer tutmuş, uzun və şərəfli yol keçmiş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış insana dərin hörmət və ehtiram bəsləyir.


Heydər Əliyevin dövlətimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Vətənə, xalqa məhəbbəti hədsiz-hüdudsuz olan Ulu Öndərin ürəyi Azərbaycan qədər geniş idi. Dünyanın hansı ölkəsinə gedirdisə, Azərbaycanı, onun problemlərini də ürəyində aparan Heydər Əliyev vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün daim çalışmışdır. Müqəddəs amalları və fəaliyyəti ilə xalqın gözündə dağ kimi ucaldı. Əsl ümumxalq məhəbbəti qazanmış nadir siyasətçilərdən, dövlət xadimlərindən olan Heydər Əliyev müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı var olduqca ürəklərdə yaşayacaq. Bu isə əbədiyyət deməkdir. Dahi və əzəmətli şəxsiyyətin yolunun davamı müstəqil Azərbaycan dövlətinin gələcəyi, onun daha da güclənməsi, ərazi bütövlüyünün bərpa olunması, hər bir vətəndaş üçün firavan və rahat həyat şəraitinin yaradılması deməkdir. Heydər Əliyevin başladığı işləri davam etdirmək, qurduğu dövləti yeni-yeni uğurlara çatdırmaq onun ruhu qarşısında ən ümdə borcumuzdur. Hər bir Azərbaycan vətəndaşı iftixar hissi ilə qeyd edir ki, müstəqil Azərbaycan dövləti Ümummilli Liderimizin şah əsəridir, onun öz xalqı qarşısında tarixi xidmətidir, Heydər Əliyevin adı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.


Ümummilli Liderinə olan böyük xalq məhəbbətinin əsas səbəblərindən biri də özündən sonra çox qiymətli bir varis qoymasıdır. Ulu Öndər deyirdi: “İlham Əliyev yüksək intellektli, proqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan partiyası bundan sonra da xalqımın ən layiqli övladlarını öz ətrafına sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.


Ulu Öndərin irsini, müqəddəs ruhunu davam etdirən, Azərbaycanda hər kəsin inam, etimad ünvanlarından birinə çevrilən Heydər Əliyev Fondu Ulu Öndərin mərhəmət, xeyirxahlıq, maarifçilik kimi dəyərlərin ən bariz daşıyıcısı olduğunu öz fəaliyyəti ilə təsdiq edir və illərdir ki, bu dəyərləri dünyada layiqincə təbliğ edir. Bu fəaliyyət Azərbaycanın Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Dünyanın onlarla ölkəsində Heydər Əliyev Fondu tərəfindən məktəblər tikilir, xəstəxanalar açılır, yardıma ehtiyacı olan insanların problemləri həll olunur, dini ibadətgahlar təmir olunur, onlarla digər sosial layihələr icra olunur. Beləliklə, Heydər Əliyevin bəşəri ideyaları bütün dünyada yayılır.


Ulu öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilmişdir. Bu kursu layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. 44 günlük Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazandı. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi ölkəmizin hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ərazi bütövlüyünün bərpası idi.

Tədbirin sonunda Ümummilli Liderə həsr olunmuş film izlənilib.

Faktinfo.az


Ümummilli Liderin Anım Günü Penitensiar xidmətdə qeyd olunub

Ümummilli Liderin Anım Günü Penitensiar xidmətdə qeyd olunub

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi