Vəkil: "Ali Məhkəmənin qərarı yalanlara və spekulyasiyalara son qoydu"
Ali Məhkəmə ləğv prosesində olan “AGBank”ın 2023-cü ilin III rübü üzrə ləğv planının təsdiqi barədə Bakı Apellyasiya Məhkəməsinin qərardadını ləğv edib.
Pravda.az xəbər verir ki, bu barədə Kreditorlar Komitəsinin sədri, vəkil Əkrəm Həsənov məlumat verib.
Vəkil qeyd edib ki, Ali Məhkəmə onun şikayəti əsasında belə qərar qəbul edib: "Məlum olduğu kimi, müflis bankların ləğvedicisi Əmanatlərin Sığortlanması Fondudur. Fond şəffaf formada müflis bankların əmlakını cəld və baha satmalı, verdiyi kreditləri tam və tez qaytarmalı, habelə bütün bu işlərə az pul xərcləməlidir ki, kreditorlara (bankda pulu qalanlara) mümkün qədər daha çox vəsait qaytara bilsin. Amma Fond əksini edir. Ali Məhkəmənin son qərarı onun bu yalanlarına və spekulyasiyalarına son qoydu..
Fondun özbaşınalığı yalnız Kreditorlar Komitəsinin, yəni bankda pulu qalanların nəzarəti sayəsində dəf edilə bilər. Bütün sivil dünyada belədir! Lakin Fond kreditorlara heç bir məlumat vermir, hətta rüblük ləğv planlarını belə rüb bitəndən sonra apellyasiya məhkəməsinin təsdiqinə verir. Məsələn, ötən ilin III rübü üzrə ləğv planını IV rübdə təsdiqə vermişdi. Etirazıma baxmayaraq Bakı Apellyasiya Məhkəməsi həmin “plan”ı qərardadı ilə təsdiq etdi! Halbuki, plan keçmiş yox, gələcək barədə olmalıdır. Üstəlik məhkəmə Kreditorlar Komitəsinin sədri olaraq sənədlərlə tanış olmağıma da imkan vermədi. Bax, həmin bu qərardadı Ali Məhkəmə ləğv etdi.
Ümid edirəm ki, bütün müflis bankların kreditorlar komitələrinin bundan sonra faktiki sahibi olduqları bankların vəziyyəti barədə məlumata çıxışları olacaq və bu Fond üzərində normal nəzarət olacaq. Odur ki, müflis banklarda pulu qalanlar daha fəal olmalıdırlar".
Bu xəbər üçün şərh yazın