Vətəndaş 1 kvadratmetr üçün 3 ay işləməlidir... - Məmurlar mənzil bazarında süni "ehtiyac" yaradır

Vətəndaş 1 kvadratmetr üçün 3 ay işləməlidir... - Məmurlar mənzil bazarında süni "ehtiyac" yaradır 

Ölkədə işləyən kəsimin nəinki real, hətta nominal gəlirləri də artmır. Yəni maaş artımı yoxdur. Amma mənzil bazarı od tutub yanır.

Paytaxtda yalnız şəhər kənarında 100 min manatdan ucuz ikiotaqlı mənzil tapmaq mümkündür. Buna da, əsasən, sovet binalarında rast gəlmək ehtimalı var.

Bizimyol.info xəbər verir ki, müstəqilliyə qədər inşa edilmiş tikililərdə mənzilin kvadratmetri 2400-2500 manatdan ucuz təklif olunmur. Metronun “Həzi Aslanov” stansiyasına yaxın ərazilərdəki “Leninqrad” layihəli binalarda ikiotaqlı mənzil 120 manatdan aşağı qiymətə satılmır. Metronun “20 Yanvar” stansiyasına tərəf gələndə artıq qiymət 140-145 min manata çatır.

Yeni çoxmərtəbəli binalarda da oxşar mənzərə müşahidə edilir. Təsəvvür edin, Masazır gölünün yanında tikilməkdə olan binalarda mənzilin kvadratmetri 1390 manatdır. Təmirsiz birotaqlı mənzil 69 min manata başa gəlir. Tamamilə infrastruktur olmayan yer üçün olduqca baha qiymətdən söhbət gedir. Şəhərin mərkəzinə doğru kvadratmetri 2500 manata yaxşı mənzil tapmaq müşkül məsələdir. “Bakı Bağları” layihəsində ən ucuz variant 4700 manatdan başlayır.

Mənzil bazarına yaxın getmək olmur. Median əməkhaqqının həcmi göstərir ki, ölkədə işləyən kəsimin yarısı ayda 460 manatdan az qazanır. Deməli, Azərbaycanda milyonlarla insan Masazır gölünün yanındakı təmirsiz mənzilin 1 kvadratmetrinə sahib olmaq üçün üç ay işləməlidir. Təbii ki,yeməyib-içməyib mənzilin pulunu ödəmək şərti ilə. İndi 460 manat bir adamın aylıq ərzaq, nəqliyyat və kommunal xərclərini çətinliklə ödəyir. Bu da onu deməyə əsas verir ki, ölkə əhalisinin böyük hissəsi evdən əlini "əbədi" üzə bilər.

İlk baxışdan elə təəssürat yaranır ki, insanlarda pul var, yoxsa bu qədər bina tikilməzdi. Orta məmur tayfasının mənzil bazarına hücumu yanlış təsəvvür yaradır. Mənzil agentləri həqiqəti daha yaxşı bilir. Məmurlar paytaxtda xeyli ev alıblar. Əksər hallarda çoxmərtəbəli binaların 5-10 mənzilinin bir sahibi olur. Rüşvətlə yığılan vəsait daşınmaz əmlaka yönləndirilir. Çünki evdə və ya bankda pul saxlamaq təhlükəlidir. Ölkədən pul çıxarmaq imkanları da məhduddur. Bazara yönələn milyonlar süni ehtiyac mühiti yaradır. Binalar bir-birinin ardınca tikilir. Amma bu, böyük əksəriyyət üçün əlçatmazdır.


Proses çox sürətlə davam edir və yəqin ki, bir müddət belə olacaq. Mənzillərin qiymətinin aşağı düşməsi gözlənilmir. Çünki bazar hələ də orta məmur qrupunun təsiri altındadır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər