Xalqımız Yeni Azərbaycan Partiyasına birmənalı dəstək ifadə edir

Xalqımız Yeni Azərbaycan Partiyasına birmənalı dəstək ifadə edir 

Müsahibimiz 48 saylı Abşeron birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Nigar Məmmədova

- Nigar xanım, sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm ümumxalq Zəfərindən sonra ilk dəfə bütün ölkə ərazisində keçirilən parlament seçkilərinin önəmi barədə nə deyə bilərsiniz?

- Azərbaycan keyfiyyətcə yeni dövrə qədəm qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər savaşında ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilib, Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiya formalaşıb.

Hazırda qarşıda duran əsas vəzifə növbəti milli hədəflərimizin reallaşdırılmasıdır. Tarixi Zəfərimizin beynəlxalq müstəvidə tam təsbit olunması, Böyük Qayıdış proqramının ardıcıl həyata keçirilməsi və digər vacib məqamlar bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Seçki dövlətin növbəti illərdə atmalı olduğu addımları, strateji hədəfləri, bir sözlə, onun inkişaf konsepsiyasını müəyyən edən faktorlardandır. Azərbaycan seçkilərə möhtəşəm uğurlar fonunda və ictimai-siyasi sabitlik şəraitində gedir.

Respublikada həyata keçirilən uğurlu siyasət, iqtisadiyyatın dinamik inkişafı Azərbaycanın tərəqqisini və qarşıda duran bir çox milli hədəflərin reallaşmasını mümkün edib. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının təqribən üçdə iki hissəsi Azərbaycan iqtisadiyyatının payına düşür. Ötən illər ərzində həyata keçirilən uğurlu neft strategiyası nəticəsində ölkənin iqtisadi potensialı və valyuta ehtiyatları artırılıb, ordu quruculuğu sahəsində mühüm addımlar atılıb. Sistemli islahatların həyata keçirilməsi nəticəsində əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun həcmi ildən-ilə artır. Ölkəmiz bir çox postsovet dövlətləri ilə müqayisədə həm ümumi iqtisadi gücünə, həm də milli iqtisadiyyatın kəmiyyət və keyfiyyət göstəricilərinə görə qabaqcıl yerlərdən birini tutur.

Regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində şəhər və rayonların infrastruktur təminatı yaxşılaşıb, sahibkarlığın inkişafında mühüm irəliləyiş əldə edilib. Əlverişli biznes mühitinin yaradılması Azərbaycana xarici investisiya qoyuluşunu sürətləndirib. Bütün bu reallıqlar dünyanın əksər nüfuzlu iqtisadi-maliyyə mərkəzlərinin hesabatlarında da öz əksini tapıb.

- Son 30 il ərzində Azərbaycanda həyata keçirilən davamlı islahatların nəticələri özünü bütün sahələrdə göstərir...

- Cənab İlham Əliyev 2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra andiçmə mərasimində yeni islahat dalğasının anonsunu vermişdi. Qısa müddət ərzində çoxşaxəli institusional və struktur islahatları idarəetmənin səmərəliliyi və çevikliyini təmin etməklə yanaşı, vətəndaş məmnunluğuna, milli həmrəyliyin güclənməsinə, bütövlükdə Azərbaycan dövlətinin milli gücünün artmasına etibarlı zəmin yaratdı. Sistemli və davamlı xarakter daşıyan siyasi, hüquqi və sosial-iqtisadi islahatlar Azərbaycanın tərəqqisini və qarşıda duran bir çox milli hədəflərin reallaşmasını mümkün edib. Yeni mərhələdə Azərbaycanın dünyada islahatçı ölkə kimi imicini daha da möhkəmləndirmək üçün idarəetmədə çeviklik və effektivliyin artırılması məqsədilə islahatların davam etdirilməsi mühüm əhəmiyyət daşıyır.

Seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyasının seçki platformasında da islahatların nəticələrini əks etdirən uğurlar və bu istiqamətdə qarşıda duran hədəflər öz əksini tapıb. Platformada qeyd edildiyi kimi, bu gün uğurla davam etdirilən genişmiqyaslı islahatlar dövlət idarəçiliyinin və siyasi sistemin təkmilləşməsinə, iqtisadiyyatın inkişafına, əhalinin sosial rifahının yaxşılaşmasına, xalqımızın milli mədəni irsinin və mənəvi dəyərlərinin qorunmasına və ümumilikdə Azərbaycanın yüksəlişinə xidmət edir. Yeni mərhələdə islahatların dərinləşdirilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Bu islahatlar iqtisadi idarəetmənin köklü səviyyədə müasirləşməsinə, inkişafın yeni hərəkətverici qüvvələrinin təşəkkül tapmasına və hər bir Azərbaycan vətəndaşının rifahının yüksəlməsinə zəmin yaradacaq.

- Parlament seçkilərinin təşviqat kampaniyası çərçivəsində YAP-ın deputatlığa namizədi olaraq seçicilərlə görüşürsünüz. Seçicilər hansı fikirləri ifadə edirlər və ümumi ictimai rəyin əks etdirdiyi reallıq nədən ibarətdir?

- Əvvəla qeyd edim ki, bu seçkilər mahiyyət etibarilə fərqli və əlamətdar xarakter daşıyır. Çünki bu, dövlət müstəqilliyinin bərpasından sonra ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək parlament seçkiləridir.

Seçki dövlətin öz vətəndaşına verdiyi dəyəri müəyyən edən barometrdir. Bütün namizədlərə bərabər şərait yaradılıb və yüksək rəqabət mühiti var. Seçkilərin azad, şəffaf və demokratik şəraitdə keçəcəyini əminliklə söyləmək olar.

Seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərimiz davam edir. İnsanlar dövlət başçısının siyasətini birmənalı şəkildə yüksək qiymətləndirir, Yeni Azərbaycan Partiyasına dəstək ifadə edirlər.

Vətəndaşlarımızı seçkilərdə fəal iştirak etməyə çağırıram.  İnanırıq ki, bu seçkilər də xalqın Heydər Əliyev yoluna sədaqətinin, Prezident İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi və hakim partiyaya inamının növbəti ifadəsi olacaqdır.

Xalqımız Yeni Azərbaycan Partiyasına birmənalı dəstək ifadə edir
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər