Xəzərdə üzən 148 minlik oğurluq gəmi - “Qüdrət Qurbanov 35 minə icarəyə verib”
"2003-cü ildən hüquqi müstəvidə mübarizəmi aparıram. Artıq vəziyyət o yerə gəlib çıxıb ki, ailəmlə birlikdə ölkə vətəndaşlığından imtina edib xaricdə sığınacaq alım. Çünki dövlətin ədalətsiz məmuru dövlətin haqqını tələb edən vətəndaşından üstün tutulur”.
Bu sözləri BakuPost.az-a "Yuniy Moryak” adlı gəmisi əlindən alınan Qəmbər Səfərov adlı vətəndaş deyib. Onun sözlərinə görə, gəmini qeyri-qanuni şəkildə müsadirə edən Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov Ali Məhkəmənin qərarını icra etmir.
Q. Səfərov qeyd edir ki, "Yuniy Moryak” adlı gəmini 148 min dollara alıb və ekipajla gətirilməsinə isə 12 min dollar xərcləyib: "Mən Türkiyədən gəmi alıb satırdım. Bu gəmini isə almışdıq ki, Bakı-Nabran gəzintisi üçün istifadə edilsin. Gəminin 2 mərtəbəsi, 60 nəfərlik tutumu var. Ancaq gəmini əlimdən alıblar və eşitdiyimə görə ayda 35 min manata icarəyə veriblər.
Qüdrət Qurbanov əmlakımı əlimdən almağı azmış kimi, məsuliyyəti boynundan atmaq üçün bu məsələdə Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri, general-polkovnik Bəylər Əyyubovun adını hallandırır.
Onun yanında olanda mənə dedi ki, gəmi Bəylər müəllimdədir. Amma onun bu sözlərinə inanmıram və bilirəm ki, yüksək vəzifəli şəxsin adını hallandırmaqla öz yaxasını kənara çəkmək istəyirəm.
Mən cənab generalı ittiham edə bilmərəm ki, gəmimi əlimdən alıb. Faktiki gəmi Dövlət Dəniz Administrasiyasının rəhbəri tərəfindən oğurlanıb”.
Q.Səfərov bildirir ki, gəmisi itəndə Yasamal rayon prokurorluğunun istintaq şöbəsinə müraciət edib: "Həmin vaxt gah dedilər ki, Mahaçkaladadır, gah da Qazaxıstanda. Sonra məlum oldu ki, administrasiyadadır.
Oğurlanan gəmimə Qüdrət Qurbanov saxta sənəd verib və faktiki olaraq cinayətə şərik olub. Məhkəməyə müraciət etmişəm, Qüdrət Qurbanovun verdiyi saxta sənəd etibarsız sayılıb, gəminin qaytarılması ilə bağlı qərar çıxarılıb.
Amma məhkəmə qərarını icra etmir. O vaxt Qüdər Qurbanov mənə dedi ki, möhlət ver, həll edəcəyəm. Bu möhlət 8 ay çəkdi və axırda məhkəməyə üz tutmalı oldum.
Amma bu adam məhkəmə qərarını saymır. Ekspert sənədi isə tamamilə saxtadır. Məsələn, gəmi iki mərtəbəlidir, üç yazıblar, 7 qapı var, 11 yazıblar. Yəni, rəqəmlər şişirdilib. Apellyasiya məhkəməsində dedilər ki, gəmini təmir etmişik.
Məgər mən demişəm ki, gəmimi təmir edin? Sadəcə o vaxt pulum varıydı. Onlar da Rusiyadan gələn pullu adamları "ov”layırdılar. Qüdrət Qurbanov da başıma belə oyun açdı. Mənim tələbim budur ki, ya gəmi qaytarılsın və ya da pulu. Mən indi müflis olmuşam, uşaqlarım kirayədə yaşayır”.
Şikayətçi deyir ki, Səbail Rayon Məhkəməsi dəhşətli saxtakarlıqları üzə çıxarmışdı: ”Məhkəmə zamanı bəlli oldu ki, Dövlət Dəniz Administrasiyasından gəminin sənədlərinin surətini əldə edən "Mərdəkan-Broyler” ASC saxta alqı-satqı müqaviləsi, saxta aktlar tərtib edib. Bu saxtakarlığı o qədər biabırçı səviyyədə həyata keçirib ki, hakimlər özləri belə təəccübləndilər.
Mənim başım çıxmır ki, "Mərdəkan-Broyler” ASC ilə bu gəminin nə əlaqəsi var. Məsələn, mənimlə "Mərdəkan-Broyler” ASC arasında bağlanan saxta alqı-satqı müqaviləsinin tarixi 09 yanvar 2003-cü il olaraq göstərilib.
2003-cü ilin 20 fevralında Həştərxanda alınan, 28 fevralında təhvil-təslim aktı ilə əldə edilən və iyulun 24-də Bakı buxtasına daxil olmasıyla bağlı "Yük gömrük bəyannaməsi” olan "Yunıy maryak”ı yanvarın 9-da "Mərdəkan Broyler”ə necə sata bilərdim?
Belə çıxır ki, gəminin sənədlərini əldə etdiyim tarixdən (28 fevral) ay yarım əvvəl "həmin sənədlər əsasında” "Yunıy maryak”ı satmışam.
Hazırda "Yunıy moryak” Xəzər sularında üzməkdədir. Heç bir sənədi yoxdur, şəhadətnaməsi məhkəmə tərəfindən ləğv edilib, ancaq bu sənədsiz-sübutsuz, bayraqsız gəmini saxlayan, onunla maraqlanan yoxdur”.
Bu xəbər üçün şərh yazın