"XI Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər bəşəriyyət üçün aktualdır" -DEPUTAT
"Bu günlərdə Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir.
Martın 14-də Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XI Qlobal Bakı Forumu öz işinə başlayıb. Forumun bu dəfəki mövzusu "Parçalanmış dünyanın bərpası"dır. Həqiqətən də müasir dünyamızda gedən proseslər bəşəriyyətin həm fiziki, həm də mənəvi cəhətdən çox sayda parçalanmalara məruz qaldığını deməyə əsas verir. Məhz bu səbəbdən də XI Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər aktuallığı və son dərəcə vacibliyi ilə diqqəti cəlb edir.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Beynəlxalq tədbirin açılış mərasimində Prezident İlham Əliyevin iştirakının əhəmiyyətini vurğulayan deputat həmçinin bildirib ki, dövlət başçısının çıxışında təqdim olunan açıqlamalar bu gün Cənubi Qafqazda gedən proseslərin və yaranmış yeni reallıqların düzgün qiymətləndirilməsi baxımından çox vacibdir:"Forumun açılış mərasimində etdiyi çıxışında cənab Prezident İlham Əliyev bir çox digər məsələlərlə yanaşı son bir ildə regionumuzda baş vermiş qlobal əhəmiyyətli hadisələrin də detallı təhlilini təqdim etdi.Dövlət başçısı bildirdi ki, bəzi dəyişikliklər lokal xarakterli kimi görünsələr də, əslində daha geniş təsir dairəsinə malikdirlər.
Əlbəttə ki, qeyd olunan dövr ərzində baş verən ən önəmli geosiyasi dəyişiklik Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsidir. Bu, həqiqətən də həll olunmayan kimi görünən bir çox münaqişələrin həllinə çox müsbət təsir göstərə biləcək bir nümunədir.Cənab Prezidentin dediyi kimi, Azərbaycan uzun illər ərzində bu münaqişənin sülh yolu ilə həllini tapmaq üçün ciddi səylər göstərdi. Azərbaycan bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalması üçün demək olar ki, 30 il ərzində hər zaman ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdı. Danışırdı ki, ədalət zəfər çalsın.Lakin bu, sülh yolu ilə baş vermədi. Əksinə, keçmiş Minsk qrupunun timsalında bəzi beynəlxalq təşkilatlar yalnız münaqişənin dondurulmasına və Azərbaycan torpaqlarının əbədi olaraq işğalda qalmasına çalışırdılar.Beləliklə, ölkəmizin münaqişənin sülh yolu ilə həllini tapmaq istiqamətində bütün cəhdləri uğursuzluqla qarşılandı. Yalnız bundan sonra Azərbaycan öz legitim hüquqlarından istifadə edərək hərbi yolla işğala son qoydu.Dövlət başçımızın dediyi kimi,münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərdi ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir.Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir. Bu,Azərbaycanın ötən ilin sentyabrında 24 saatdan da az vaxt ərzində həyata keçirdiyi antiterror əməliyyatının nəticəsidir."
Daha sonra deputat COP29-la bağlı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin Forum iştirakçıları ilə bərabər Azərbaycan ictimaiyyətinin də böyük marağına səbəb olduğunu vurğulayıb: “Möhtərəm dövlət başçımızın çıxışında yer almış və ölkə ictimaiyyəti tərəfindən xüsusi maraqla qarşılanan vacib məqamlardan biri də COP29 ilə bağlı oldu.Cənab Prezident İlham Əliyevin bu qlobal əhəmiyyət kəsb edən tədbirin keçirilməsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Azərbaycanın fəal tərəfdaşı olacağına dair səsləndirdiyi fikirlər də rəğbətlə qarşılandı.Qeyd olundu ki, COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. Azərbaycan Prezidenti hər dəfə öz çıxışlarında bəyan etmişdir ki, ölkəmizin neft və qaz sərvətlərinə sahib olmağı bizim günahımız deyil və biz buna görə tənqid edilməməliyik. Əksinə Azərbaycan bu gün yaşıl enerjiyə keçidlə bağlı böyük işlər görür və artıq bu işlərin praktiki nəticələri də var. COP29 Azərbaycana ilk növbədə bunu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Azərbaycanın son 30 ildə apardığı xarici və daxili siyasətin uğur və təntənəsi bunu bariz şəkildə nümayiş etdirir" -deyə, Aqiyə Naxçıvanlı vurğulayıb.
Bu xəbər üçün şərh yazın