
Yaranmış ümumi mənzərəyə rəğmən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə nəzər saldıqda, Etibar Məmmədovu görmək mümkündür
İntensiv yağışlar zamanı maneələrin yaranması, subasma hallarının mövcudluğu, magistral, yardımçı yolların iflic olması yeni mövzu deyil.
Artıq vaxtaşırı bu hallar təkrarlanır, ardınca sosial şəbəkələrdə, mətbuatda müzakirələr açılır. Pisi isə odur ki, hər şey adiləşib, eləcə də problemlərə qarşı tədbir görülməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin intensiv yağışlar başladıqdan bir neçə saat sonra yadına düşür.
Kollektorlara, su daşıyıcı xətlərə nəzarət, xətlərin hansı səviyyədə yüklənməsi, yağış yağdığı müddətdə istismar qaydalarına necə riayət edilməsi, yollarda, tunellərdə, həyətlərdə yaranan gölməçə vəziyyətinin aradan qaldırılması, kanalizasiya sistemlərinin yağış sularını istənilən həcmdə ötürə bilməsi vəs. qarşı tədbirlər müəyyən ərazilərdə "fontan"lar yarandıqdan sonra İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti rəhbərliyinin yadına düşür.
Ümumiyyətlə, bu kimi halların təkrarlanmaması, intensiv yağışlar zamanı daha ciddi ağırlaşdırıcı vəziyyətin yaranmaması üçün əvvəlki adı "Azərsu" ASC adlanan, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə hazırda bu işləri dərindən bilən, tələbkar bir şəxsin rəhbərlik etməli olduğu qənaəti yaranır. Çünki, problem təkcə intensiv yağışların yağdığı saatlarda görüləcək tədbirlərlə bağlı deyil. Artıq adi günlərdə belə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tutulan kanalizasiya sistemlərinin açılması, binaların altına axan çirkab suların aradan qaldırılmasını, binaların altında kanalizasiya tullantılarının daşınmasını təmin edən borularda deşilməni, cırılmanı, yaranmış texniki problemi aradan qaldırmaqda çətinlik çəkir.
Bu quruma illərlə Oktay Əsədov, ondan sonra Nizaməddin Rzayev, Qorxmaz Hüseynov daha sonra bir neçə il Köçərli Həsənov, hazırda isə sədr əvəzi olaraq, Tahir Xəlilov rəhbərlik edir. Belə götürdükdə, bu illər ərzində qurum ayrılan dövlət vəsaiti hesabına həyata keçirilmiş işlərdən əlavə, öz daxili mənfəəti hesabına yaddaşlarda qalacaq heç nə etməyib. Əksinə, son bir neçə ilə qədər hazırkı adı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti olan bu təşkilatda vəzifə uğrunda mübarizələr, rəhbər şəxslərin bir-birindən mətbuata məlumatlar ötürmələrinə qədər bir çox xoşagəlməz hallar təzahür edib, mətbuat bu barədə yazıb. İndi isə o dövrdən bu yana zaman fərqi var və yaşadığımız reallıqlar tələb edir ki, bir çox mövcud infrastrukturun qorunub saxlanması, təkmilləşdirilməsi üçün iş görmək zamanıdır.
Bu mənada əhatəli yanaşdıqda, yaranmış ümumi mənzərəyə rəğmən,İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sədr vəzifəsinə tələbkar, peşəkar, uzun illər orada çalışmış təcrübəli bir şəxsin rəhbərlik etməsinə ehtiyac var. Bu halda ordakı müavinlərə, rəhbər şəxslərə müqayisəli nəzər saldıqda, Etibar Məmmədovu görmək mümkündür.
Mənbə:Faktinfo.az












Bu xəbər üçün şərh yazın