Yasamal Bələdiyyəsinin fəaliyyəti yüksək effektivliyi ilə seçilir

Yasamal Bələdiyyəsinin fəaliyyəti yüksək effektivliyi ilə seçilir 

Azərbaycanda demokratik hüquqi dövlətin möhkəm təməlini qoyan Ulu Öndər Heydər Əliyev azad cəmiyyətin əsasını təşkil edən yerli özünüidarəetmənin də banisidir.

Ölkəmiz üçün ən gənc təsisat olan yerli özünüidarəetmənin yaradılması prosesi məhz Ümummilli liderin müəllifi olduğu Konstitusiyamızda bələdiyyələrin təşkilinin və fəaliyyətinin əsas prinsiplərinin təsbit edilməsi ilə başlanıb. Ulu Öndər Heydər Əliyev dövlət və cəmiyyətin idarə olunmasında bələdiyyələrin rolunu yüksək qiymətləndirərək qeyd edirdi: "Bələdiyyələrin fəaliyyəti cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün vacibdir”.

    Yerli özünüidarəetmə sisteminin formalaşdırılması prosesi Azərbaycanda demokratik inkişafın əyani nümunəsidir. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, dövlət və cəmiyyətin idarə olunmasının səmərəliliyinin artırılması istiqamətində atılan addımlar bələdiyyələrin fəaliyyətində öz ifadəsini tapmaqla yanaşı, respublikamızda yerli idarəetmə orqanlarının işinin təşkilinə mühüm töhfə verir.Heydər Əliyev ideyalarından qaynaqlanan bələdiyyə institutu bu gün ölkəmizdə təkmilləşir, formalaşır, Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında öz mövqeyini durmadan möhkəmləndirir.

Əlbəttə ki, bu gün Azərbaycanda getdikcə,daha böyük vüsət alan abadlıq-quruculuq işlərinin aparılmasında bələdiyyələrin də öz əhəmiyyətli rolu vardır. Xüsusilə? Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də daha böyük ruh yüksəliyini təmin etmiş, görülən işlərin intensivliyinin artmasını stimullaşdırmışdır. O cümlədən? son vaxtlar abadlıq-quruculuq işlərinin getdikcə genişləndiyi rayonlardan biri də Bakının Yasamal rayonudur. Tahir Məmmədovun rəhbərlik etdiyi Yasamal Bələdiyyəsi rayon ərazisində aparılan abadlıq-quruculuq işlərində, eləcə də digər tədbirlərdə fəal iştirak edir. Diqqətəlayiq faktdır ki, Yasamal Bələdiyyəsinin 2023-cü il ərzində 30 iclası keçirilmişdir.Bu iclaslarda rayonun yerli əhəmiyyətli problemlərinin həlli üzrə 220 məsələyə baxılmış və hər bir məsələnin icrası təmin edilmişdir. Qeyd edək ki, ötən il bələdiyyəyə rayon sakinlərindən və ayrı ayrı təşkilatlardan ümumilikdə, 883 ərizə və müraciət daxil olmuş, onların təmin olunması məqsədilə, 1837 ünvana cavab və sorğular göndərilmişdir.

 Əlbəttə ki, Yasamal Bələdiyyəsinin fəaliyyətinin sadəcə müraciətləri, ərizə və məktubları cavablandırmaqdan ibarət olduğunu düşünmək qətiyyən düzgün olmazdı. Tam əksinə, hazırda məhz bu özünüidarətmə orqanı respublikamızda fəaliyyət göstərən bələdiyyə qurumları arasında ən çox fəallığı ilə seçilən bələdiyyələrdən biridir. Buna əmin olmaq üçün Yasamal Bələdiyyəsinin keçən il ərzində gördüyü işlərin hesabat xarakterli məcmusuna nəzər salmaq kifayətdir.

    Yeni yaşıllıq zonaları salınır...

İlk növbədə qeyd edək ki, Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda “Heydər Əliyev İli” elan olunmuş 2023-cü ildə Yasamal Bələdiyyəsi tərəfindən bir çox tədbirlər keçirilmişdir. Bu tədbirlər arasında rayon ərazisində yaşıllıq zonalarının artırılması xüsusi yer tutub. O cümlədən, “Heydər Əliyev İli” çərçivəsində Yasamal Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndələrinin və şəhid ailələrinin iştirakı ilə ikinci Fəxri Xiyabanın ərazisində ağacəkmə aksiyası keçirilmişdir. Yüzlərlə ağacın əkildiyi aksiya zamanı, Eldar şamı, sərv, tuya, akasiya və digər növ ağaclar əkilib, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir. Həmçinin, ötən il rayonun 52 və 161 saylı tam orta məktəblərinin ərazilərində Yasamal Bələdiyyəsinin üzvləri və qulluqçuları, məktəblərin rəhbər heyəti, müəllim kollektivi və şagirdlərin fəal iştirakı ilə ağacəkmə aksiyaları keçirilmişdir. Aksiya zamani giparis, Eldar şamı və digər növ ağaclar əkilib, ərazidə abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir. Sonda məktəblərin fəal şagirdləri Yasamal bələdiyyəsi tərəfindən fəxri fərmanla təltif olunmuşlar. Ümumiyyətlə, ötən il ərzində Yasamal Bələdiyyəsinin təşəbbüsü və iştirakı ilə Yasamal rayonu Mətbuat prospektində yerləşən parkda, rayonun şəhid ailələrinin və müharibə iştirakçılarının yaşadığı Əsəd Əhmədov küçəsi 31 ünvanında, Akim Abbasov küçəsi 1, Fuad İbrahimbəyov küçəsi 5 və Yeni Yasamal-1 massivində 5 və 6 saylı binaların həyətində, MİDA yaşayış kompleksinin ərazisində ağacəkmə aksiyaları keçirilmişdir. Bu aksiyaların keçirilməsində məqsəd Yasamal rayonunda yaşıllıq ərazilərini genişləndirmək, ekoloji tarazlığın bərpasına nail olmaq, ətraf mühitin qorunmasına kömək etmək və ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

 "Bir Bələdiyyə - azı bir layihə"...

Bu şüar Yasamal Bələdiyyəsinin təşəbbüslərindən birinin təzahürü kimi yaranıb. Bələdiyyə kollektivi hesab edir ki, bu kimi təşəbbüslər yerlərdə özünüidarəetmə orqanlarının nüfuzunun yüksəlməsinə, vətəndaş məmnunluğunun səviyyəsinin qalxmasına və sakinlərin bələdiyyələrə etimadının artmasına səbəb olur.

 Məhz bu layihə çərçivəsində keçən il Yasamal rayonu ərazisində məhəllədaxili yolların və yaşayış məhəllələrinin abadlaşdırılması üzrə tədbirlər planına uyğun olaraq, Zaur Kərimov, Mirzə Cabbar Məmmədzadə, Dadaş Bünyadzadə, Əlibəy Hüseynzadə, Ümüd Əkbərov, İsmayil bəy Talıblı, Xıdır Mustafayev və Rahib Tağıyev küçələrində, eləcə də II Alatava yaşayış massivində məhəllədaxili yollara asfalt örtüyü çəkilmiş, Məhəmməd Naxçıvani küçəsi 14, Nazim Hikmət küçəsi 55-63, Fuad İbrahimbəyov küçəsi 5, ünvanlarında və Yeni Yasamal-1 massivində 5 və 6 saylı binaların həyətində geniş miqyaslı abadlıq işləri aparılmışdır.

 Sosial-humanitar yönümlü tədbirlər...

Yasamal Bələdiyyəsinin fəaliyyətində sosial-humanitar tədbirlərin keçirilməsi önəmli yer tutur. Bələdiyyə rəhbərliyi ərazidə yaşayan aztəminatlı ailələrin, sosial qayğıya ehtiyacı olan sakinlərin həmişə diqqət mərkəzində saxlanmasını, onları narahat edən problemlərin həlli istiqamətində əməli işlərin görülməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Keçən il Yasamal Bələdiyyəsi və Yasamal rayon İcra Hakimiyyəti tərəfindən “20 Yanvar” faciəsinin 33-cü ildönümü ilə əlaqədar, 300 nəfərlik ehsan süfrəsi açılmışdır. Tədbirdə şəhid ailələri, əlillər, müharibə iştirakçıları və qazilər iştirak etmişdilər.Ümumilikdə, 81 nəfər “20 Yanvar” şəhidinin ailə üzvlərinə və əlillərinə ərzaq yardımı paylanmışdır.

Fevral ayında qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində zərər çəkmiş insanlara Yasamal Bələdiyyəsi tərəfindən yataq dəstləri, isti paltarlar, uzun müddət saxlanılması mümkün olan qidalar, uşaq yeməkləri, qablaşdırılmış qidalar, tibbi və gigiyenik ləvazimatlardan ibarət humanitar yardım göndərilmişdir.

Qurban bayramı münasibətilə rayon İcra Hakimiyyəti ilə birgə keçirilən tədbirdə rayonun şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına, qazilərə, aztəminatlı ailələrə, tənha şəxslərə və əlillərə ümumilikdə, 2000 ailəyə, hər birinə 2 kq olmaqla, ümumilikdə, 4 ton ət paylanmışdır.

 Bundan başqa, 2023-cü il ərzində müxtəlif vaxtlarda Yasamal rayon İcra Hakimiyyətinin və rayon bələdiyyəsinin təşkilati dəstəyi ilə keçirilən aksiyaların gedişində Yasamal rayonu üzrə 300 aztəminatlı ailəyə gündəlik tələbat üçün lazım olan ərzaq məhsullarından ibarət yardımlar paylanmışdır. Rayon ərazisində yaşayan şəhid, əlil və imkansız ailələrdən ümumilikdə, 70 ailədən olan 128 uşaq üçün məktəbli formasının və məktəb ləvazimatlarının alınmasına maddi yardım gösrərilmişdir. Daxil olan müraciətlər əsasında, 136 nəfərə maddi yardım göstərilmişdir, ayon ərazisində yaşayan müharibə veteranlarının sosial müdafiəsini gücləndirmək məqsədilə, rayonun “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinə hər ay maddi yardım göstərilmişdir.

3 dekabr Beynəlxalq Əlillər Günü ilə əlaqədar, tədbir keçirilmiş və əlillərə maddi yardım göstərilmişdir.

31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Yasamal Bələdiyyəsində Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirilmiş, tədbirin sonunda 100 nəfər Vətən Müharibəsi iştirakçısına bayram sovqatı paylanmışdır.

Qəhrəmanlar unudulmur...

Yasamal rayonunda torpaqlarımızın azad olunması, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş və sağlamlıqlarını itirmiş qəhrəmanlarımızın ailələrinə hər zaman xüsusi diqqət və qayğı göstərilir. O cümlədən, 2023-cü ildə keçirilmiş tədbirlər çərçivəsində, keçən ilin sentyabr ayında Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirinin həyata keçirilməsi zamanı, Yasamal rayonundan olan 3 şəhidin hüzr mərasimləri rayon bələdiyyəsi tərəfindən təşkil edilmişdir. Vətən Müharibəsində şəhid olan Yasamal sakinlərinin doğum və anım günlərində məzarları ziyarət olunmuş, ehsan süfrələri açılmışdır. İl ərzində mütəmadi olaraq, şəhid ailələri və Vətən Müharibəsi iştirakçıları ziyarət olunmuş, onlara ərzaq və maddi yardım verilmiş, 3 Vətən müharibəsi iştirakçısının evi təmir olunmuşdur. Şəhid ailələrinin yaşadıqları ünvanlarda abadlıq işləri aparılmış, söhbətgahlar qoyulmuş və xatirə bulağı inşa edilmişdir.

 8 noyabr Zəfər Gününün üçüncü ildönümü münasibətilə 2-ci Fəxri Xiyabanda Vətən müharibəsində şəhid olmuş, əsgər və zabitlərimizin ruhlarına dualar oxunmuş, xatirələri ehtiramla yad edilmişdir. Tematik tədbirlər gənc nəslin təlim tərbiyəsində önəmli rol oynayır. Əlbəttə ki, gənc nəslin milli-vətənpərvər ruhda təlim-tərbiyəsi dövlətimizin gənclər siyasətində mühüm istiqamətlərdən biri olduğu kimi, yerlərdə, o cümlədən, Yasamal rayonunda da hər zaman xüsusi diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bu məqsədlə rayonda mütəmadi olaraq, Yasamal Bələdiyyəsi tərəfindən də tematik tədbirlər həyata keçirilir, müxtəlif layihələr reallaşdırılır. 2023-cü ilin 15 iyun tarixində Milli Qurtuluş Günü münasibətilə Yasamal Bələdiyyəsinin inzibati binasında “Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda tədbir keçirilmişdir. Tədbirin gedişində Ulu Öndərimizin bütünlüklə öz xalqına həsr etdiyi həyat və fəaliyyətindən bəhs olunmuş, Ümummilli Liderimizin xilaskarlıq missiyasının mahiyyəti barədə ətraflı məlumatlar təqdim olunmuşdur. 

Həmçinin, “Heydər Əliyev İli”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində talassemiyadan əziyyət çəkən uşaqlara qayğı məqsədilə, rayon ərazisində keçirilən qanvermə aksiyasında Yasamal Bələdiyyəsinin üzvləri və qulluqçuları iştirak etmişlər. 

Dekabrın 23-də isə Bakı Şəhər Gənclər və İdman İdarəsinin, Yasamal rayon İcra Hakimiyyətinin və Yasamal Bələdiyyəsinin birgə təşkilatçılığı ilə yenə də “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər çərçivəsində, Azərbaycan Texniki Universitetində ali və orta ixtisas təhsili müəssisələrinin komandaları arasında “Nə? Harada? Nə vaxt?” adlı intellektual oyun keçirilmişdir. Qeyd etmək lazımdır ki, Yasamal Bələdiyyəsinin öz işini düzgün qurması nəticəsində, bələdiyyə büdcəsinin formalaşdırılması üçün vergi və ödənişlərin vaxtı-vaxtında yerli büdcəyə ödənilməsinin təmin edilməsində də müsbət nəticələr əldə edilmişdir. Bu nəticələrin əldə olunmasında məhəllə komitələri hər zaman bələdiyyə tərəfindən aparılan təşkilatı işlərdə yaxından köməklik göstərməklə böyük rol oynayıblar. Bu qurumlar əhalinin maarifləndirilməsində daima bələdiyyəyə yardımçı olur. Eyni zamanda, əmlak vergisinin ödənilməsinə, ərazilərin təmiz saxlanılmasına nəzarət edirlər və mövcud vəziyyət barədə daima bələdiyyəni məlumatlandırırlar. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, gənclərə hərbi-vətənpərvərlik ruhunun aşılanması və bələdiyyə-vətəndaş vəhdətinin möhkəmlənməsi istiqamətində aktiv fəaliyyətlərinə görə, keçən il 25 məhəllə komitəsinin sədrləri Yasamal Bələdiyyəsinin Fəxri fərmanı ilə təltif ediliblər.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrasının təmin etmək məqsədilə, Yasamal Bələdiyyəsinin elektron saytı və elektron ünvanı yaradılmış, müasir İKT-nin bütün imkanlarından istifadə edərək fasiləsiz internetlə təmin olunmuş, elektron vergi sistemi yaradılaraq bələdiyyənin vahid informasiya bazası formalaşdırılmışdır. Bələdiyyənin fəaliyyətini özündə əks etdirən hesabatlar, keçirilən tədbirlər barədə məlumatlar bələdiyyənin saytında yerləşdirilərək, əhalinin bələdiyyənin fəaliyyəti barədə məlumat almaq və onlardan elektron müraciətlərin qəbulu üçün müvafiq şərait yaradılmışdır.

Sonda bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması fonunda Tahir Məmmədovun rəhbərlik etdiyi Yasamal Bələdiyyəsinin rayon ərazisində yaşıllaşdırma sahəsində gördüyü işlər xüsusi önəm kəsb etmiş olur. Məlumdur ki, bu ilin noyabr ayında Azərbaycan COP29-a ev sahibliyi edəcək.Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi hər birimiz üçün böyük şərəf və məsuliyyət deməkdir.Öz növbəsində Yasamal Bələdiyyəsinin rəhbərliyi və əməkdaşları bu məsuliyyəin öz üzərlərinə düşən hissəsinin öhdəsindən ləyaqtlə gələ bilmək üçün bütün potensiallarını səfərbər ediblər.

Faktinfo.az




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər