YAZIÇILAR BİRLİYİ 21 NƏFƏRƏ EV VERDİ, ARA QARIŞDI – Təhqirlər, etirazlar, qarğışlar havada uçuşur -QALMAQAL
Azərbaycan Yazıçılar Birliyi tərəfindən (AYB) adları hələ ki, açıqlanmayan 21 nəfərə mənzil verilməsi ilə bağlı qalmaqal yaranıb.
Qurumun bəzi üzvləri sosial şəbəkələrdə buna etiraz ediblər.
Onlardan şair, yazıçı Zahid Sarıtorpaq bildirib ki, onun kimilərini həmişə görməzdən gəliblər: “İllər uzunu susdum. Əziyyətlərə qatlaşıb heç kimə şikayət etmədim, ədəbiyyatla məşğul oldum. 80-ci illərdə M.Qorki adına ədəbiyyat institutunu bitirənlərə Heydər Əliyevin tapşırığıyla mənzillər veriləndə, yada düşmədim. Yenə susdum. Bakıda kirayələrdə yaşamağa davam etdim. 35 ildir AYB üzvüyəm. Beş il də idarə heyətinin üzvü olmuşam. 1989-cu ildə evdən ötrü verdiyim ərizəni çox sonralar xəbər tutdum ki, "itiriblər". 2000-ci ilin ortalarında yenə ərizə verdim. Nə isə... Övladlarımı kirayələrdə böyütdüm. Məcbur olub rayonda ev tikəsi oldum. Bu üzdən maddi ehtiyaclara görə ömrümün 12 ilini Rusiyanın şaxtasında-soyuğunda çörək qazanmaqla keçirdim. Mənim adımdan saxta zəmanət düzəldib AYB-a üzv seçilən, Bakıda evi olan, ədəbi mühitdə tanınmayan, təmsilyazan, düşük birisinə mənzil pulu verdilər. 9 mənzili satıb pulunu 36 nəfər arasında bölmüşdülər, yenə mən yada düşmədim. 66 yaşım var. Günü bu gün də oğlumun öz gücünə Masazırda inşa etdiyi evdə, onun himayəsində yaşayıram. AYB –də də gözəl bilirlər ki, mən ədəbiyyatla məşğulam. Şeirlərim öz yerində, son on ildə altı roman nəşr etdirmişəm. Hələ üzə çıxarmadıqlarım da var. Təvazökarlıqdan uzaq olsa da, romanlarımla bağlı elmi araşdırma aparılır. Üzünü belə görmədiyim, yazılarıma dəyər verən insanlar var ki, mətnlərimlə bağli doktorantlıq işi yazırlar... Onlarla xarici müəlliflərin əsərlərini dilimizə çevirmişəm. Yəni, doğrudan da bunlardan AYB rəhbərliyinin xəbəri yoxdur? Nəyə görə haqqa göz yumurlar? Heç olmasa, vikipediyama göz yetirsinlər. Sonrakı ədəbi nəslin içində çox istedadlı yazarlar var ki, vəziyyətləri dilə gətiriləsi deyil. Yaxşı, məni görmürsünüz, bəs onları? Bəs onlar necə olsun?
Amerikanın ilk prezidentlərindən olan Avraam Linkolnun çox gözəl bir fikri var. O, deyib ki, "bir adamı həmişə aldatmaq olar. Bir qrup adamı müəyyən vaxta qədər aldatmaq olar. Amma bütöv bir xalqı aldatmaq mümkün deyil..."
Şair Cəlil Cavanşir də AYB-ni tənqid edərək qurumun ünvanına "ayıb olsun" yazıb: "Azərbaycan Yazıçılar Birliyi 21 nəfər yazıçıya ev paylayıb. Yəqin hamısı evsiz gənclər, ya da Bukerin uzun siyahısına düşənlərdir.
Bilinmədi də, bu AYB yaradıcı təşkilatdır, yoxsa sosial təminat idarəsi?!
Əminəm ki, 21 nəfərdən 11-nin evi, 10 nəfərin isə hətta bağ evi də var".
Şair, AYB-nin orqanı olan "Ulduz" jurnalının əməkdaşı Taleh Mansur isə bildirib ki, Azərbaycan Yazıçılar Birliyində çalışanlar arasında yeganə kirayədə yaşayan özüdür: “Həm də iki körpə uşaqla, şəraitsiz və qəbir kimi balaca bir evdə. Sağ olsunlar, bu gün "ədalətli seçim əsasında" 21 nəfərə mənzil verildi. Uzun sözün qısası, gedim kirayə haqqımı ödəyim... Mənliyiniz, kişiliyiniz, vicdanınız olsun, heç olmasa, Allahınız!”
Tərcüməçi Sevil Gültən isə bildirib ki, o evləri alan dostların bu xəbəri paylaşmaması çox maraqlıdır: “Başqa vaxtlar səhər, günorta yedikləri yemək haqda status yazanlar, nə əcəb bu şad xəbəri paylaşmayıblar? Cavabını özüm deyirəm: onların o evə haqqı yoxdur, çünki hamısının evi var. Ev problemim haqda bir neçə dəfə yazmışam. Bu ilin avqust ayında kirayədə qalmağımızın 20 ili tamam oldu. 20 ildir ki, iki yetim qız saxlayıram kirayə evlərdə... Mən dövlətdən ev istəmərəm, amma haqqı olmayanlara ev verildiyini görəndə haqqımı tələb edirəm. Bu gün ev alanların kimliyi ilə maraqlandım. Onların hamısının evi var. Şərt evi olub-olmamaq deyil. Dövlətdən ev alanın ədəbiyyatda öz yeri, öz imzası olmalıdır. Ev alanlar içində iki qadının adının eşidəndə şok oldum. Birinin iki oğlu, hər iki oğlunun əməlli-başlı evi var. Özü isə AYB üzvü olan minlərlə şairlərdən heç nə ilə fərqlənmir. Digər qadının ərinin biznesi var. Bir evlərini də kirayə veriblər. Xanəmirə də ev verildiyini dedilər. Xanəmirin yazdıqlarını heç özü başa düşmür, nəinki oxucular... O ki qaldı onun evi olub-olmamağına, evi olduğuna tam əminəm. Elə isə ev verilərkən hansı meyar əsas götürülür? Yaltaqlıq? Anarı mədh etmək?...
Statusumu qarğışla bitirəcəm. Evi ola-ola dövlətdən verilən evin orderini qəbul edənləri heç Yeni ilə çıxmasınlar. Evi olanlara ev verənlər! Allah sizə xoş gün göstərməsin! Villanız olsun, o villada qan qusasınız!”/Azpolitika.info
Bu xəbər üçün şərh yazın