2 vəkilin fəaliyyəti dayandırıldı, 2-sinə töhmət verildi…

2 vəkilin fəaliyyəti dayandırıldı, 2-sinə töhmət verildi… 

Azərbaycan Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin iclası keçirilib.

Bu barədə Axar.az VK-dan məlumat verilib.

İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 22.02.2018-ci il tarixli sərəncamının tarixi əhəmiyyəti, onun Azərbaycan vəkilliyinin inkişafına verdiyi təkan və sənədin bu gün Azərbaycan vəkilliyinin intibahındakı rolu barədə fikirlərini bölüşüb, hazırda VK-nın regional mərkəzlərinin, eləcə də fəaliyyətdə olan vəkil bürolarının təmiri və istifadəyə verilməsi üzrə aparılan işlər, yaxın günlərdə ASAN xidmət mərkəzlərində açılması gözlənilən vəkil bürolarının təşkili üzrə vəziyyət, o cümlədən dekabrın 23-də keçiriləcək vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsinin təşkili, sənəd qəbulu prosesinin hazırki vəziyyəti və digər məsələlər barədə iclas iştirakçılarına məlumat verib.

Həmçinin iclasda VK-nın “Hüquqi yardım və tədris mərkəzi”nin yaradılması məsələsinə baxılıb, qeyd olunan məsələ ilə bağlı müsbət qərar qəbul edilib, təşkil olunacaq Komitəyə VK-nin üzvü, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun rəhbərlik etməsi qərara alınıb.

Eyni zamanda, yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunub. Belə ki, Bakı şəhərində fəaliyyət göstərəcək “Entilex Law Group” və Sumqayıt regional Vəkil Bürosunun təsis olunması barədə məsələlərə baxılaraq müsbət qərarlar qəbul edilib, başqa vəkil qurumuna keçmək və vəkilliyə qəbul üzrə müraciətlərə baxılıb.

İclasda vəkillər barəsində başlanılmış 39 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, üzrlü səbəb olmadan üzvlük haqqının 6 aydan artıq müddətə ödənilməməsi səbəbilə 2 vəkilin fəaliyyətinin dayandırılaraq VK-nın üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət olunması barədə qərər qəbul olunub.

Həmçinin 2 vəkilə töhmət, 2 vəkilə xəbərdarlıq verilib, 27 iş üzrə isə pozuntu aşkar edilmədiyi, həmçinin daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib, 6 intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi