“40 DİREKTOR ONA HESAB VƏ HESABAT VERİR...” – Deputatdan sensasiyalı açıqlamalar
“Orta məktəblərdə direktorların rüşvətlə təyinatı barədə mətbuatda xeyli sayda yazılar dərc olunub.
Mənə xeyli sayda insanlar direktor təyinatı zamanı süni maneələrə rast gəldikləri barədə müraciətlər edirər. Təyin olunmuş direktorların əksəriyyətinin məktəbdə davranışları onların təsadüfi şəxslər olmaları barədə dərhal təəsürat yaradır. Uşaqlar arasında ayrıseçkilik yaradırlar, 10-11-ci sinifdə uşaqların dərslərdə iştirak etməməsi üçün valideynlərlə sövdələşirlər. Məktəbə şəxsi kommersiya obyekti kimi baxırlar… İnsanlarla qaba rəftar edirlər”.
Bu sözləri təhsil eksperti, millət vəkili Etibar Əliyev“Yenisabah.az” saytına müsahibəsində deyib.
O qeyd edib ki, təhsil sahəsindəki problemlərlə bağlı çıxışlarına Təhsil Nazirliyi çox vaxt cavab vermək haqqını Bakı Şəhər Təhsil İdarəsinin üzərinə qoyur. “Onların verdiyi cavablar isə 164 nömrəli məktəbdə baş verən “Georgi lenti” hadisəsinin cavabına bənzəyir”, - o əlavə edib.
E.Əliyev vurğulayıb ki, məktəb direktorlarının təyinatında qruplaşmalar mövcuddur və bu qruplaşmanın ən böyüyünün başında Təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyeva durur: “Onun 40-a yaxın məktəb direktoru var, indi də ona hesabat və hesab verirlər. Hətta onun məktəb direktoru təyin etdiyi adamlar belə, digər məktəblərə direktor təyin etdirirlər. Orta təhsildə rüşvətin dərinləşməsində və təhsil mühitinin darmadağın edilməsində bu qadının müstəsna rolu var. İndiki Bakı Şəhəri Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva onun təlimatları əsasında işləyir və böyük bir idarəni intriqa məkanına çevirib. Heç şübhəniz olmasın ki, Məhəbbət Vəliyeva hansısa anti-Azərbaycan şəbəkələrinin birinin üzvüdür. Və arxasında duranı da hamı tanıyır…”
Millət vəkili daha sonra bildirib ki, M.Vəliyeva orta məktəbdən topladığı milyonlar hesabına 2021-ci ilin sonunda Moskvada bir neçə mərtəbəli “Estetik Mərkəz” açıb. “Görün, vəziyyət nə həddədir ki, bu mərkəzin açılışında iştirak etmək üçün Mehriban Vəliyeva 2021-ci ilin dekabr ayında bir həftəlik məzuniyyət götürür. Sonra da rəfiqəsinin Moskvadakı obyektinin açılışına qatılır. Bir məsələ də var. Hətta Məhəbbət Vəliyeva üçün Təhsildə İnnovativ Texnologiyalar və Əlavə Təhsil Mərkəzi deyilən bir departament də yaradıblar. Bu mərkəzə heç bir əhəmiyyəti olmayan təlimlər üçün yüzminlərlə vəsaitlər köçürülür”, - deputat qeyd edib.
E.Əliyev əlavə edib ki, Təhsil Nazirliyinin yanında İctimai Şuranın iclaslarında belə məsələləri dəfələrlə qaldırıb, konkret adlar da çəkib: “İctimai Şuranın iclaslarında Nazirliyin Mərkəzi Aparatında yüksək vəzifə tutan şəxsləri də kəskin tənqid etmişəm. Nazirliyin Mərkəzi Aparatında Dünya Bankının milyonlarla dollar vəsaitini talayıb, indi də yüksək vəzifə tutan şəxsdən tutmuş, nazir müavini birisinin yarıtmaz fəaliyyətini kəskin şəkildə tənqid etmişəm. Yeri gəlmişkən, Dünya Bankının vəsaitinin dibinə daş atan Elvin Rüstəmov indi də məktəb qrantlarına ayrılan vəsaitləri mənimsəməklə məşğuldur. Özü də açıq-aşkar, heç kimdən çəkinmədən. Mən Pesablama Palatasından bu işin auditinin aparılmasını xahiş etmişəm, lakin nəticə yoxdur.
Əgər “Şura” sözünün qarşısında “İctimai” sözü dayanırsa, bu məslələr ictimailəşməlidir. Təhsillə bağlı heç bir məsələ qapalı qala bilməz. İdarəetməni dəstəbazlıq və şəbəkə prinsipi üzərində quranlar, İctimai Şurada da parçalanma yaratmaq istəyirlər. Ancaq ümid edirəm ki, buna nail ola bilməyəcəklər. Düşünürəm ki, Şurada kifayət qədər təcrübəli şəxslər təmsil olunur və məqsədləri təhsilin inkişafına mane olan halların aradan qaldırılmasıdır”.
“Bildirmisiniz ki, bir biznesmenin 10 müavini direktor təyin edilib. Biznesmenin məktəb direktoru olmaq arzusu nədən qaynaqlanır? Orta məktəb direktorluğu biznesdən o qədərmi gəlirli sahədir ki, öz iş yerlərini dəyişməyə həvəsli olurlar?” Bu suallara cavabında millət vəkili deyib ki, həmin biznesmen adam direktor təyinatlarında qruplaşmaların birinin rəhbəridir: “Onun təyin etdirdiyi direktorların əksəriyyəti müavinləri olub. Bu, təsadüfi deyil. Biz qüsurları işıqlandırdıqca bunlar daha da saymazyana hərəkətlərini genişləndirirlər. Məktəb dəyərlərini aşındırmaq, qrup maraqlarına qurban vermək olmaz. Ölkənin gələcəyi məktəblərdə formalaşır. Təhsili idarə etmək iddiasında olanlar bu cür qrup maraqlarından çıxış edənlərə hədsiz səlahiyyət verməklə məktəbi onların bayağı biznes təfəkkürünün qurbanına çevirirlər. Sualın cavabı kimi onu da deyim ki, direktor seçimi imtahanlarına müdaxilə edənlərdən biri də bu biznesmendir, Fuad Babayev… Həssas paytaxt ümumtəhsilinin idarəedilməsində vəzifə tutan və birbaşa məktəblərə nəzarət edən şəxsin adı və ünvanları göstərilməklə neçə-neçə biznes obyekti ictimailəşirsə və daha səlahiyyətli şəxslər buna reaksiya vermirsə, deməli törədilən əməllər özfəaliyyət deyil”.
E.Əliyev vurğulayıb ki, təhsil sistemində baş verənləri sərt tənqid etməsi nazirliyin rəhbərliyi ilə bağlı deyil: “İctimaiyyət mənim illərdir ki, tənqidi fikirlərimə şahidlik edir. Və zaman da göstərdi ki, biz neqativlərə qarşı mübarizəmizdə haqlıyıq. İndiki halda da yalnız ictimai mənafedən çıxış edərək ən qabarıq problemləri göstəririk. Konkret olaraq mənim nazirliyin rəhbərliyi ilə heç bir problemim yoxdur. Və nazirlə görüşlərdə də kifayət qədər tənqidi fikirlər səsləndirmişəm. İnsafən o da bir çox halda bunlarla razılaşıb.
Nazir bağçadan tutmuş, ali təhsil müəssisələrinə qədər rasional idarəetmə mexanizmi qurmalıdır. İdarəetmənin təkmilləşməsi nazirliyin Mərkəzi Aparatından başlamalıdır. Təhsildəki qruplaşmalar, dəstəbazlıq və kənar müdaxilələr nazirin işinə ciddi maneçiliklər törədir. Ola bilsin ki, o, müqavimət göstərir, lakin ciddi dəyişiklik nəzərə çarpmır. Dialoq mühiti sıfırdır. Zaman isə bizi gözləmir, bizim nəsilləri itirmək haqqımız yoxdur”.
Millət vəkili daha sonra təkliflərini açıqlayıb: “Şagirdlərin məktəbdən yayınmasının qarşısı alınmalıdr. Şagirdlərin bilərəkdən məktəbdən yayınmasını təşkil edib, bundan milyonlar qazananlar bu millətin gələcəyinə çox ağır zərbələr vururlar. Uşaqlar məktəbdə təkcə biliklər qazanmırlar, tərbiyə alırlar, fiziki və hərbi hazırlıq keçirlər. 10-11-ci sinif şagirdlərinin kütləvi şəkildə məktəbdən yayınmaları onları bu dəyərləri qazanmaqdan məhrum edir. Uşaqları məktəblərə qaytarmaq lazımdır. Qəbul prosesinin sadələşdirilməsi hesabına başa gəlsə də, bunu etmək lazımdır. Orta məktəbə direktor təyin olunanların bioqrafiyası cəmiyyətə təqdim olunmalıdır. Bunu gizlətmək olmaz. Mən Akademiyada çalışdığım illərdə xeyli istedadlı gənc alimlər tanımışam. Onların içərisindən marağı və müvafiq kompetensiyaları olanları məktəb rəhbərliyinə cəlb etmək lazımdır. Onlar indiki təyin olunanların əksəriyyətindən daha böyük fayda verə bilərlər”.
Bu xəbər üçün şərh yazın