80 saylı İmişli-Beyləqan Seçki Dairəsində mübarizə kimlər arasında gedəcək? - Çingiz Qənizadə rəqiblərindən hansı üstünlükləri ilə seçilir?
Seçkilərə sayılı günlər qaldığından dairələr üzrə namizədlər arasında gərginlik daha da artır.Belə ərazilərdən biri də 80 saylı İmişli-Beyləqan Seçki Dairəsidir.
Bu dairədə 20 nəfərdən çox şəxsin namizədliyi qeydə alınsa da, əsas mübarizənin daha çox 4 iddiaçı arasında gedəcəyi gözlənilir. Bunlar parlament buraxılanadək millət vəkili olan Çingiz Qənizadə, “Müsavat” partiyasının təmsilçisi Razim Əmiraslanlı, Fövqəladə Hallar Nazirliyi Təchizat Departamentinin sabiq rəisi Rafiq Muradov və tanınmış yazar Kəramət Böyükçöldür.
İmişli və Beyləqan rayonlarında hər zaman müxalif meylli insanların çox olmasını nəzərə alsaq, deyə bilərik ki, “Müsavat”ın təmsilçisi seçicilərin müəyyən qismini özünə tərəf çəkə bilər. Bu zaman ərazidə yaşayan tək “Müsavat” üzvlərinin deyil, digər müxalifət partiyalarının bir çox nümayəndələrinin də Razim Əmiraslanlıya səs verəcəyi gözləniləndir.
Digər namizəd Rafiq Muradov daha çox Fövqəladə Hallar Nazirliyindəki fəaliyyəti ilə diqqət çəksə də, o başqa bir neçə yüksək vəzifədə çalışıb və hər zaman savadlı və bacarıqlı məmur kimi tanınıb. Şəxsi nüfuzu sayəsində onun da kifayət qədər tərəfdarının olduğunu deyə bilərik.
Daha bir iddiaçı Kəramət Böyükçölü də xüsusi qeyd etməyə dəyər.Bədii və publisistik yazıları,eləcə də sosial şəbəkələrdəki bir sıra açıqlamaları ilə kifayət qədər populyar olan Kəramət Böyükçölün daha çox gənc seçicilər tərəfindən dəstəklənəcəyini gözləmək olar.
Göründüyü kimi, yuxarıda adları çəkilən şəxslərin hər biri layiqli namizəddir, hər biri müəyyən mənada qələbəyə ümid bəsləyə bilər.
Lakin etiraf edilməlidir ki, 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin favoriti, ən şanslı namizədi Çingiz Qənizadədir. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, Çingiz Qənizadənin keçdiyi həyat yolu, apardığı mübarizələr, millət və dövlət qarşısındakı xidmətləri hər kəsə, o cümlədən İmişli və Beyləqan seçicilərinə yaxşı məlumdur. İlk növbədə onu qeyd etməliyik ki, Çingiz Qənizadə müstəqillik uğrunda mübarizə gedən illərdə Xalq Hərəkatının fəallarından olub.Elçibəy Hakimiyyəti dövründə Bakı şəhər Prokuroru vəzifəsini daşıyıb.Həmin vəzifədə olarkən rüşvətə qarşı kəskin mübarizə aparanlardan biri olub və təmiz insan kimi tanınıb.
Amalı ,məramı milli məfkurənin üst qatda tutulması olub,gəncliyinin parlaq dövründə həyatını digər əksər gənclər kimi yaşamayıb,dövlət anlayışı həmişə onun üçün son dərəcə önəm kəsb edib. Eləcə də Milli Məclisin üzvü olduğu dönəmlərdə qanunların hazırlanması və qəbulunda hər zaman aktiv fəaliyyəti ilə seçilib. Eyni zamanda öz seçiciləri ilə daim təmasda olan, onların problemlərini həmişə diqqətdə saxlayan millət vəkillərindən hesab edilib.
Bütün bu həqiqətləri yaxşı bilən 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin əksər seçiciləri böyük ehtimalla Çingiz Qənizadəni yenidən özlərinin millət vəkili görmək istəyəcək və 9 fevralda səslərini məhz ona verəcəklər.Başqa cür düşünmək də ağlabatan deyil.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın