AAK-da baş verən oyunlar, saxta jurnalların ifşası - Səadət Zeynalova ona qarşı olan haqsızlıqlardan danışdı

AAK-da baş verən oyunlar, saxta jurnalların ifşası - Səadət Zeynalova ona qarşı olan haqsızlıqlardan danışdı 

Ali Attestasiya Komissiyasının (AAK) fəaliyyəti barədə çoxlu sayda neqativ halların olması barədə məlumat vermişdik.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, AAK-ın sədri, akademik Arif Mehdiyevin vəfatından sonra sədrin səlahiyyətlərini Vəli Hüseynov icra etməyə başlayıb. AAK-da işləyənlərin bildirdiyinə görə, Vəli Hüseynov işçilərə deyib ki, yaxın günlərdə prezidentin sərəncamı ilə sədr olacaq.

Vəli Hüseynov vəzifəyə gəldikdən sonra AAK-da bəzi kadr islahatları aparıb. Onun ən çox problem yaşadığı şəxslərdən biri də filologiya elmləri doktoru, professor Səadət Zeynalova olub. Zeynalovanın sözlərinə görə, Vəli Hüseynov öz əməllərini həyata keçirərkən qarşısında böyük maneə kimi onu görüb. Bu maneəni aradan qaldırmaq məqsədi ilə “kadr siyasəti” adı altında Səadət Zeynalovanı özünün razılığı olmadan qeyri-qanuni şəkildə Humanitar və ictimai elmlər şöbəsindən qeyri-elmi və ixtisasına uyğun olmayan İnformasiya və analitik tədqiqatlar texniki şöbəsinə keçirilməsinə əmr verib. Vəli Hüseynovun özbaşınalığına son qoymaq və özünün pozulmuş hüquqlarını bərpa etmək üçün professor Səadət Zeynalova 1 saylı Bakı inzibati-iqdisadi məhkəməsinə müraciət edib.

Səadət Zeynalova Yenicag.az-a bildirib ki, Ali Attestasiya Komissiyasının sədr vəzifəsini müvəqqəti icra edən V.Hüseynovun vəzifəsindən sui-istifadə edərək özbaşınalığı, qanunsuz hərəkətləri və qeyri-qanuni verdiyi əmrləri barəsində konkret faktlarla bağlı şikayət edib:

“2017-ci ilin iyun ayının sonunda V.Hüseynov məni otağına çağıraraq dedi ki, “ya mən ona ən yaxın işçi olmalıyam, ya da bu təşkilatdan çıxıb getməliyəm”. Yəni mən onun saxta və cinayət xarakterli işlərində ona dəstək olmaqla köməklik göstərməli idim. Ona “mənim müqaviləmin sonuna 1,5 il (bir il yarım) qalıb. Əgər siz təşkilatın rəhbəri olsanız, mən özüm çıxıb gedəcəyəm və sizinlə işləməyəcəm”,dedim. V.Hüseynov mənə cavab verdi ki, “fikirləşirəm, tez gedəcəksiniz”. Bundan başqa, dəfələrlə deyib ki, “mənə AAK-da yüksək ixtisasalı mütəxəssislər lazım deyil, adi texniki işçilər lazımdır, gəlin keçirim sizi ekspert şurasına”. (Dediyindən belə çıxır ki, ona işlərindən başı çıxmayan işçilər lazımdır). Birdə tez-tez eşitdirirdi ki, “mən keçmiş AAK-ın sədri, akademik Arif Mehdiyevin kadrlarını işdən çıxartmayacağam, amma elə dərəcəyə çatdıracağam ki, özləri öz xoşları ilə ərizə yazıb çıxıb getsinlər.

Bəlkə də AAK-ın keçmiş sədri, mərhum akademik Arif Mehdiyev dünyasını dəyişəndən sonra məni bu təşkilatda nələrin gözlədiyini yaxşı bilirdi və buna görə də,bu təşkilatda təkcə mənimlə 1 illik yox 2 illik müqavilə bağlamışdı”.

Professor Səadət Zeynalova qeyd edib ki, V.Hüseynovun ona qarşı olan təzyiqinin artması, onun barəsində xəbəri olmadan ardıcıl olaraq böhtan xarakterli əmrlərin verilməsi, sonda üstünə böhtan ataraq 27.11.2017-ci il tarixində qeyri-qanuni töhmət verməsi onu 19.12.2017-ci il tarixində axırıncı ərizəsilə V.Hüseynova bir də müraciət etməyə və məhkəməyə iddia ərizəsi verməyə məcbur edib:

“V.Hüseynov mənə yalan vədlər verirdi ki, “keçdiyim şöbə mənim gələcəyim və sonrakı inkişafım üçün təkan verəcək”. Bununla da, məndən adı çəkilən şöbəyə keçməyə etirazım olmadığına dair müraciət yazmağı təklif etdi. Hətta bununla bağlı bir əmr də vermişdi. Mən də ona inanıb (təşkilatın müvəqqəti sədri olduğuna görə) 06.07.2017-ci il tarixli izahatımda AAK-ın hüquqşunası Fazil Nəsibovun diktəsi əsasında yazdım ki, “mənə məlum oldu ki, keçdiyim şöbəyə ixtisasımla uyğun əlavə funksiyalar verilib. Buna görə də, həmin şöbədə işləməyə etiraz etmirəm”. Ancaq bu günə kimi bu şöbədə mənə heç bir səlahiyyətlər verilməyib, xarici jurnallar şöbəyə daxil olmayıb, təkcə plagiata yoxlanılmaq üçün dissertasiyalar gəlir, özü də əksəriyyəti ixtisasımla bağlı olmayan”.

AAK xaricdə nəşr olunan jurnalların saxtalarını yaradaraq sözün əsl mənasında qazanc mənbəyi əldə edib. Bununla bağlı isə professor Zeynalova bunları deyib:

“Mənim Humanitar və ictimai elmlər şöbəsindən qeyri-elmi İnformasiya və analitik tədqiqatlar şöbəsinə keçirilməyimin əsas səbəbi, birinci şöbədə iddiaçılar tərəfindən təqdim edilmiş və elmi-texniki ekspertiza zamanı 48 Thomson Reuters bazasındakı, xarici və MDB ölkələrinin adı ilə nəşr olunmuş saxta jurnalları aşkar etməyim olub.

Bu jurnallar haqqında mən AAK-ın müvəqqəti sədr vəzifəsini icra edən Vəli Hüseynova dəfələrlə məlumat verdim və ona bunların birmənalı saxta olmasını sübut etdim. V.Hüseynov bu haqda müvafiq orqanlara, yuxarı instansiyalara məlumat verəcəyini bildirdi və mənə AAK-ın gözünü belə saxtakarlığa açdığıma görə təşəkkür etdi. Buna baxmayaraq, bir müddət sonra bu acınacaqlı fakta ciddi reaksiya vermək əvəzinə o, vəzifəsindən sui-istifadə edərək AAK-da həyata keçirdiyi “struktur dəyişiklikləri” adı altında məni ixtisasım üzrə işlədiyim şöbədən təkidlə kənarlaşdırdı, işin üstünü ört-basdır etmək məqsəd ilə məni elmi şöbədən ixtisasıma uyğun olmayan qeyri-elmi İnformasiya və analitik tədqiqatlar şöbəsinə keçirmək üçün əmr verdi”.

Məhkəmə prosesi barədə isə professor Zeynalova aşağıdakıları qeyd edib:

“29.06.2018-ci il tarixində 1 saylı Bakı inzibati-iqtisadi məhkəməsində 2 dəfə verilən iddia ərizəsi əsasında 6 ay davam edən prosesin sonuncu iclası idi. Əgər məhkəmə ədalət, düzgünlük və qanun tərəfində olsaydı, qərar mənim pozulmuş hüquqlarımı bərpa edər, verilmiş əmrlərin qanunsuz olmağını dəstəkləyərdi. Vəli Hüseynovun təzyiqi altında məhkəmənin hakimi Miminat Hacibəyova mənim iddiamı təmin etmədi. Vəli Hüseynov bu haqda əvvəlcədən bilirdi və əmin idi ki, törətdiyi qanunsuzluqlara baxmayaraq. o bu prosesi udacaq. Məhkəmədə kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edirdi. Birinci bizi məcbur etdilər ki, V.Hüseynovun adını müraciətdən çıxardaq. Təkcə təşkilatın adı qalmaq şərti ilə qərar veriləcəyini bildirdilər. 6 aydır bu işə baxılır, təkcə sonuncu iclasda bizə irad tuturlar ki, iddia müraciəti düz deyil. Sonra iclas 02.07.2018-ci il tarixinə qədər təxirə salındı. İddiaçı məsələnin uzadılmasına etiraz bildirəndə, yenə də iclası davam etdirmək barədə qərar verildi. Kütləvi informasiya vasitələrinin nümayəndələri – müxbirlər artıq çıxıb getmişdir. Nəticədə iddia təmin edilmədi. Düşünürük ki, bu, bir oyun idi”.

Səadət Zeynalovanın vəkili Qubadəli Rzayevin sözlərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarını aldıqdan sonra apellyasiya şikayəti verəcəklər:

“Biz bilirik ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı tam qanunsuz və əsassızdır, iddia tələbimiz isə qanuni və əsaslıdır”.

AAK-da baş verən qanunsuzluqlar barədə növbəti yazıda daha geniş söz açacağıq.

Məsələ ilə bağlı Vəli Hüseynovun mövqeyini öyrənməyə cəhd etsək də, buna nail ola bilmədik.

Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər