Abel Məhərrəmovun 510 səhifəlik “biblioqrafiya”sı heyrət doğurur-

Abel Məhərrəmovun 510 səhifəlik “biblioqrafiya”sı heyrət doğurur- O,mal-mülk topladığı kimi,bütün elmi nailiyyətləri də öz adına çıxıb

Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun adı müxtəlif səbəblərdən hər zaman mətbuatın gündəmində olub. O gah BDU-da baş verən münaqişələrlə, neqativ hallarla , gah rektorluqdan kənarlaşdırılacağı ilə bağlı, son bir-iki ildə isə təhsil naziri olmağa can atması ilə əlaqədar diqqət çəkib.

Son bir həftədə  Abel Məhərrəmov haqqında yazılanlar da hər kəsə bəllidir.Onun rektor vəzifəsindən azad edilməsi nə qədər təbii qarşılandısa,adamın çoxlu sayda restoranlarının,villalarının,evlərinin və bahalı maşınlarının üzə çıxması bir o qədər şok effekti yaratdı.Alim olasan,adının əvvəlində akademik yazıla,ancaq bir çox məşhur biznesmenlərdə olmayan varidata sahib çıxasan.Heç Nobel mükafatı alan dünya şöhrətli alimlərin bu qədər sərvəti yoxdur.Sıradan bir elm adamı olasan,beynəlxalq səviyyədə qəbul olunan  bir elmi kəşfin olmasın,amma yüz milyonlara sahib olasan. 

Faktinfo.az xatırladır ki, Abel Məhərrəmov BDU-ya rəhbərlik etdiyi illər ərzində tək sərvət toplamaqla kifayətlənməyib,eləcə də elm adına nə varsa,hamısını öz adına çıxmaqdan ötrü əlindən gələni edib.  Sabiq rektorun bir neçə il əvvəl özü haqqında çap etdirdiyi 510 səhifəlik “biblioqrafiya” belə düşünməyə zəmin yaradır. Elə burdaca “xoruzun quyruğu” görsənir. Doğrudan da,“kitab”la tanışlıq adamda əməlli-başlı heyrət doğurur. Adi elmi nəticələrini fantastik dərəcədə şişirtmək, özünü dahi alim, elm fədaisi kimi təqdim etmək ali məktəb rəhbərinə, əsl ziyalıya yaraşarmı? 

Konkret faktlara müraciət edək:

Yüksək vəzifələr daşımadığı,vaxtının çox olduğu 20 ildə (1973-1993-cü illər) cəmi 2 dərslik və dərs vəsaitinin, 50 elmi məqalə və tezisin, 2 patentin müəllifi olub.

Kimya fakültəsinin dekanı işlədiyi 5 ildə isə (1993-1998-ci illər) 45 elmi məqalə və tezisin, 8 dərslik və dərs vəsaitinin müəllifi olub, 1 dissertasiyaya elmi rəhbərlik edib, müxtəlif mövzulara həsr olunmuş məqalələri, 4 müsahibəsi dərc olunub.

Rektor olduğu ilk 10 ildə (1999-2009-cu illər) 612 elmi məqalə və tezisin müəllifi olub, 9 kitabı, 48 dərsliyi və dərs vəsaiti çıxıb, 23 namizədlik, 2 doktorluq dissertasiyasına elmi rəhbərlik edib, 5 kitabın redaktoru olub, ictimai-siyasi çalışmaları ilə bağlı 101 məqalə, müxtəlif mövzulara həsr olunmuş 61 məqaləsi, 81 müsahibəsi dərc edilib, 240 çıxışı baş tutub.

“Biblioqrafiya”nın çapdan çıxdığı 2009-cu ildə 108 elmi məqalə və tezis dərc etdirib, 8 dərslik və dərs vəsaiti yazılıb, 7 patent alınıb, 3 dissertasiyaya apponentlik edilib, 1 namizədlik, 2 doktorluq dissertasiyasına elmi rəhbərliyi gerçəkləşdirilib, 8 ictimai-siyasi mövzulu məqaləsi, 3 müsahibəsi dərc olunub. Həmçinin, deputat kimi Milli Məclisin iclaslarında iştirak edib, rektor kimi ölkənin ən böyük ali məktəbini idarə edib, “BDU-nun Elmi Xəbərləri” jurnalının baş redaktoru, YAP İdarə Heyətinin üzvü, BDU-da doktorluq və namizədlik Dissertasiya Şurasının sədri, BDU-nun “Üzvi kimya” kafedrasının müdiri, Qara Dəniz Hövzəsi ölkələri Universitetləri Assosasiyasının prezidenti, AMEA kimya elmləri bölməsinin büro üzvü, Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının və Azərbaycan Milli Ensiklopediyası redaksiyası heyətinin üzvü kimi fəaliyyət göstərib.

Doğrudan da, adam heyrətə gəlir, təəccüblənməyə bilmirsən . Bütün bu işlərə bir insanın gücü, vaxtı yetərmi? Əlbəttə ki, yox! Demək belə nəticə  çıxır ki, bu "uğur"lar sadəcə onun adına çıxılıb,mal-mülk topladığı kimi,bütün elmi nailiyyətləri də öz adına çıxıb.

Abel Məhərrəmovun təmsil olduğu qurumların işində necə fəaliyyət göstərməsi, vaxtlı-vaxtında iştirak edib-etməməsi ilə bağlı dəqiq söz deyə bilmərik, ancaq onun “yaradıcılıq” uğurlarının maraqlı açıqlaması var. Belə ki, özünün  baş redaktor olduğu “Bakı Universitetinin Xəbərləri”ndə və təşkil etdiyi elmi konfransların materiallarında, BDU nəşriyyatında kimya ilə bağlı dərc olunan bütün elmi məqalə, tezis, monoqrafiya, dərslik və dərs vəsaitlərində rektorun avtorluğu qaçılmaz olub. O, universitet əməkdaşlarının başqa ölkələrdə də dərc olunan yaradıcılıq məhsullarına şəriklik edib.

“Bakı Universiteti Xəbərləri”nin bir sayında onun adı ilə bağlı olan elmi məqalələrin sayı 10-dan artıq olub, təşkil etdiyi elmi konfransların materiallarında bu rəqəm 20-ni keçib.

Vaxtilə KİV-lərdə gedən yazılarda təkrar- təkrar vurğulanırdı  ki, bu cür “məhsuldarlığa”, əslində isə bu cür anormallığa dünyanın heç bir yerində rast gəlmək mümkün deyil.Həm bu qədər "elmi uğurlar"ın olsun,həm də yüz milyonlarla varidat sahibi olasan - bu ancaq bizdə mümkündür.


Həsrət Gündoğan

Faktinfo.az





Birinci məlumatlanmaq üçün facebook səhifəmizi