Abşeron İH-in xalqa danışdığı yalan - Video
Xəbər verdiyimiz kimi, fevral ayında Yeni Saray yaşayış massivi, Ziya Bünyadov küçəsindəki ümumi istifadədə olan ana yolda qanunsuz obyektin tikintisinə başlanılmışdı.
Faktinfo.az xəbər verir ki,Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin Axar.az-a şikayəti əsasında məsələ geniş işıqlandırılmışdı.
Bundan sonra fevralın 8-də Saray bələdiyyəsinin sədri Mehi Həsənov tikilinin sökülməsinə başlandığını bildirmiş, faktı təsdiqləyən foto göndərmiş, bizə izah etmədiyi özünəməxsus səbəbə görə bunun işıqlandırılmamasını xahiş etmişdi. Lakin yazı işıqlandırılmışdı.
Amma olayın üzərindən 3 gün keçməmiş sökülən qanunsuz tikili gecə ilə yenidən bərpa olunmuşdu. Abşeron Rayon İcra Hakimiyyətinə saytımız tərəfindən dəfələrlə müraciət olunmuş, məsələ barədə məlumat və videomaterial təqdim edilmiş, cavab istənilmişdi. İH başçısının Saray qəsəbəsi üzrə nümayəndəsi Müşfiq Abbasov qanunən obyekt sahibinə xəbərdarlıq edildiyini bildirmiş, lakin söküntü üçün texnika və işçi qüvvələrinin olmadığı yalanını uydurmuş, işi FHN-in üzərinə atmışdı.
Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev isə bəlkə də Azərbaycanda bir ilkə imza atdı: o, ictimai maraqlar naminə Abşeron rayon İcra Hakimiyyətini məhkəməyə verdi və qanunsuz tikintini sökmədiyi üçün “vəzifəli şəxsin hərəkətsizliyindən” şikayətçi oldu.
Ötən gün Xəzər TV məsələni yenidən gündəmə gətirib. Məlum olub ki, qanunsuz tikili Azər Rəşidov adlı şəxsə məxsusdur və obyektin heç torpaq sənədi də yoxdur. O, Abşeron Rayon İcra Hakimiyyətindən qeyri-rəsmi şəkildə rüşvət verərək, öz dili ilə desək, “xahiş edərək” tikintiyə icazə aldığını efirdə etiraf etdi.
Abşeron İH-in Memarlıq və tikinti şöbəsinin müdiri Elvin Quliyev isə Xəzər TV-nin efirində xalqa sözün bütün mənalarında əndazəni aşan yalan püskürməklə məşğul oldu. O dedi ki, guya məsələdən xəbərdar olmayıblar və bu qanunsuz tikinti ilə bağlı “ciddi” addımlar atılacaq. Sonra isə əlavə etdi ki, obyekt sahibinə İH tərəfindən heç bir icazə sənədi verilməyib.
E.Quliyevin sözündən belə çıxdı ki, xəbərləri olmadığına görə qanunsuz obyekt tikilib, indi isə “sənədləşmə aparıb”, ölçü götürülməsi üçün müvafiq qurumlara müraciət edəcəklər.
Halbuki 15 fevral tarixində saytımız rəsmi sorğu verərkən İH-dən araşdırılacağı bildirilmişdi. Necə araşdırma aparıblarsa, 15 fevraldan indiyə qədər qanunsuz tikilinin üstü də örtülüb, üzərinə də suvaq vurulub və guya bunu rayonun baş memarı görməyib.
Əgər bu qədər müraciətlərdən, hüquq professorunun birbaşa şikayətindən, bizim dəfələrlə verdiyimiz sorğudan sonra da baş memar o tikilidən “xəbərdar deyilsə”, onda ya xalqı ələ salır və yalan deyir, ya da o vəzifədə oturmağa qətiyyən layiq deyil.
Yeri gəlmişkən qeyd edək ki, məsələ ilə bağlı ötən gün Fərhad Mehdiyevin müraciəti əsasında Sumqayıt İnzibati Məhkəməsində hazırlıq iclası olub. Fərhad Mehdiyevin sözlərinə görə, həlli İH-in səlahiyyətində olan bir məsələnin məhkəməyə qədər gəlib çıxaması hakimə qəribə gəlib...
Bu xəbər üçün şərh yazın