PROFESSOR: "UNEC rəhbərliyi dövlət maliyyəsi ilə korporativ maliyyə arasında fərqin olmasını belə bilmir"

PROFESSOR: "UNEC rəhbərliyi dövlət maliyyəsi ilə korporativ maliyyə arasında fərqin olmasını belə bilmir" 

Mən bəzilərindən fərqli olaraq, digər ölkədə qaranlıq işlərlə məşğul olub özümü alim kimi təqdim etməmişəm.

Səmimi etiraf edim ki, bir Azərbaycan ziyalısı, iqtisadçı professor, ekspert, analitik olaraq məni  ölkənin ali iqtisadi təhsil sistemində, iqtisad elmində baş verən proseslər çox narahat edir.

Faktinfo.az xəbər verir ki,bu fikirlər İqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədovun növbəti məqaləsindəndir.O,Azərbaycan Dövlət İqtisad Universiteti,orada həyata keçirilə bilməyən kadır hazırlığı və acınacaqlı durum barəsində növbəti məqaləsini yazıb.Məqalə ilə tanış olduqda professor Elşad Məmmədovun illər əvvəl ADİU-u rektoru Ədalət Muradov tərəfindən qısqanclıqla qəbul edildiyi açıq sezilir və professor Ədalət Muradova açıq,bəzən sətiraltı bildirir ki,biz elm sahəsində fərqli-fərqli şəxslərik.Sizlərdən Azərbaycanda çoxdur,bizlər barmaqla sayılacaq qədərik.

Professorun böyük həcmli, təhlili,paralellərlə zəngin,iqtisadi dairələrin  bəzi suallara cavab axtardığı məqaləsini təqdim edirik:


Mənim iqtisadi təhsillə,iqtisad elmi ilə bağlı ardıcıl tənqidi analitik məqalələrimi yazmağıma təkanverici amillərdən biri ötən tədris ilinin sonu oldu. Mən UNEC-ə ölkədə tanınmış ekspert-analitik olaraq tədrisdə “yüksək göstəriciləri” olan yuxarı kurs tələbələri ilə görüşə dəvət edildim.Qeyd edim ki, uzun illər ali məktəbdə dərs deyirəm. Hansı inzibati vəzifədə olmağımdan asılı olmayaraq auditoriyadan, dərs prosesindən 1 il belə kənarda qalmamışam və tələbələrin gözlərindən onların biliyə, tədrisə, elmə marağının hansı səviyyədə olduğunu hiss edirəm. Həmin görüşdən çox ağır hisslərlə çıxdım! Tədrisdə “yüksək göstəriciləri” olan həmin tələbələr dövlət büdcəsinin xərcləri və gəlirlərinin necə formalaşması və bu kimi sadə suallara belə cavab verə bilmirdilər. Eyni zamanda onların əksəriyyətinin baxışlarından bilik əldə etmək istəyi hiss olunurdu. Həmin gün mən özüm üçün qərar verdim ki, bu kompromisslərin ola bilməyəcəyi məsələlərdəndir və mən bu məsələ ilə bağlı əlimdən gələni edəcəm! Gənc tələbələrə, min bir əziyyətlə övladlarına təhsil verməyə çalışan valideynlərə, ölkəmizin təhsil sisteminə belə münasibət cavabsız qalmamalıdır!


Bu yaxınlarda ölkədə fəaliyyət göstərən institutlarıdan birinin rəhbəri məni beynəlxalq iqtisdi münasibətlərlə bağlı seminarda çıxış etməyə dəvət etdi.Həmin adama izah etdim ki,fikrimcə, onun təklifi auditoriya o peşəkar hazırlıq səviyyəsində deyil ki, orada mühüm elmi müzakirələr aparılsın. Elmdən, real iqtisadiyyatdan  uzaq, populist “tədqiqatlar” aparmaq, qruplaşmalar arasında vəzifə  davaları çərçivəsində  “elmi müzakirələr” həyata keçirmək yox, elmi inkişaf etdirmək lazımdır ki, peşəkarları tədbirlərə dəvət edəndə həmin tədbirlərdə  onlarla heç olmasa fikir mübadiləsi apara biləcək mütəxəssis olsun.


Dünyada  baş verən  iqtisadi və geosiyasi proseslər kontekstində ölkəmizin ali iqtisadi təhsilindəki, elmindəki problemlərə bu gün göstərə biləcəyimiz biganəlik, qeyri-peşəkarlıq, sabah ölkədə böyük sosial, iqtisadi və siyasi problemlərə səbəb ola bilər. Ölkəmizin ali təhsil sistemində uzun illər ərzində müxtəlif vəzifələrdə çalışmışam(baş laborant, baş müəllim, dosent, professor, dekan müavini, dekan əvəzi, prorektor, kafedra müdiri) və çalışmaqda davam edirəm.Professor zirvəsinə kimi ucalmışam və bu gün Ölkə Prezidentinin və Ölkənin 1-ci Vitse-Prezidentinin rəhbərlikləri ilə respublikada həyata keçirilən  sosial-iqtisadi siyasətin  dövlət telekanallarında, digər media resurslarında işıqlandırılmasında, təhlilində, zənnimcə, ən çox iştirak edən analitiklərdən,  iqtisadçı alimlərdənəm. Dövlətçiliyin nə olduğunu, Prezidentimizin ölkəmizi hansı bəlalardan xilas etdiyini yaxşı bilirəm, çünki gəncliyimdən ictimai həyatdayam.15 yaşımda qızıl medalla orta, 20 yaşımda  fərqlənmə diplomu ilə ali məktəbi bitirmişəm, 38  yaşımda isə elmlər doktoru(!), professor olmuşam.  

Heç bir xarici universitetdə təhsil almamışam, özümü kifayət qədər hazırlıqlı makroiqtisadçı-analitik hesab edirəm və bunu düşünürəm ki, təbəssüm doğuran reytinqlərlə deyil, çünki bu apriori həmin reytinqlərlə ölçülə bilməz, öz gündəlik ekspert, analitik fəaliyyətimlə sübut etmişəm (misal üçün aktual iqtisadi mövzular üzrə efirdən 2 dəqiqə əvvəl efirə dəvət alaraq canlı  efirlərə qoşulmaqla).25 ilə yaxındır ki, Azərbaycan Dövlət İqtisad Universitetində elmi-pedaqoji fəaliiyyətlə məşğulam. Ondan öncə 5 il həmin universitetdə təhsil almışam. 

Bunları  qeyd etməyimin səbəbi odur ki, zənnimcə,  Azərbaycan Dövlət İqtisad Universitetində(UNEC) baş verən proseslər barədə fikirlər bildirməyə haqqım var. Və həmin universitetin durumu məni incitməyə bilməz. Yeri gəlmişkən, zənnimcə, hər bir universitetdə özünun yetişdirdiyi və özünə bağlı, universitetdə karyerasını quran məzunları ilə fəxr edilməlidir. Bu baxımdan, universitet rəhbərinin nəzərinə çatdırıram ki, mən fəxr edirəm ki, Azərbaycan Dövlət İqtisad İnstitutunn( o vaxtkı adı ilə) məzunuyam. Əgər həmin ali məktəbə bu gün “Narxoz” deyərək kimsə müraciət edirsə, bu o adamların, fikrimcə, yaşadıqları dərin komplekslərlə və psixoloji zədələrlə bağlı ola bilər. Bəli, mən bəzilərindən fərqli olaraq, digər ölkədə qaranlıq işlərlə məşğul olub özümü alim kimi təqdim etməmişəm, baş laborantdan professorluq zirvəsinə qədər öz zəhmətim və intellektimlə ucalmışam və hansı kalibr mütəxəssis olmağımı bu gün cəmiyyət də, dövlət və qeyri-dövlət qurumları da, ölkə rəhbərliyi də dəyərləndirir ki, fürsətdən istifadə edib ölkə rəhbərliyinə öz təşəkkürümü bildirməyi özümə borc bilirəm.

Düşünürəm ki, mənə görkəmli alim deyərək dünyanın ən tanınmış alimləri müraciət edirsə, analitik məqalələrimin baxış sayı milyonlarla ölçülürsə ki, alimin mütəxəssis kimi qiyməti və dəyəri də elə budur, məzunu olduğum və 25 ilə yaxın müddət ərzində çalışdığım  universitetin rəhbərliyi buna paxıllıq yox, bununla fəxr etməlidir! 

Yaponiya hökümətinin yaratdığı Xarici Ticarətin İnkişafı üzrə Təşkilat(JETRO) Azərbaycana texnoloji tutumlu irihəcmli investisiya paketinin yerləşdirilməsi məsələsini müzakirə etmək üçün ölkəmizə 4-5 saatlıq missiya ilə rəsmi nümayəndəsini göndərəndə həmin rəsmi  nümayəndə UNEC rektorunu, UNEC-in, zənnimcə, insanlarda təbəssüm doğuran reytinqinin liderlərini axtarmadı, mənimlə məsləhətləşmələr apardı. Fikrimcə, universitet öz fəxri məzunlarını təqdim edəndə, universitetdə reytinqlər tərtib olunanda heç olmasa təbəssümlərin, istehzaların olmaması üçün belə amillər nəzərə alınmalıdır!

Özünü mütərəqqi universitet rəhbəri kimi təqdim etməyə çalışan rəhbər öz universitetinin yetişdirdiyi güclü alimləri ilə fəxr etməlidir. Məmurların şəkillərini vurub onların məzun olmaqları ilə fəxr etmək isə, zənnimcə, növbəti çatışmazlıq kompleksinin, psixoloji zədələrin, özündən daha güclü iqtisadçılara, alimlərə, mütəxəssislərə olan patoloji münasibətin göstəricisi kimi dəyərləndirilə bilər. Düşünürəm ki, özünü çox ağıllı göstərməyə çalışan təhsil ocağının rəhbəri, zənnimcə tamamilə mənasız, tələbələrin, müəllimlərin, digər insanların  gülüşünə səbəb olan statuslar deyil, öz professorları, alimləri barədə, onların tədqiqatları barədə fikirlər irəli sürməlidir. Xüsusi ilə, özünün elmdə, iqtisadiyyatda, təhsildə önəmli nailiyyəti, bir dənə də olsun ciddi elmi müzakirəyə səbəb olacaq elmi əsaəri, analitik materialı, ekspert yanaşması olmadığı halda! 

Bir də ki, təkəbbür, xırda kin və küsəyənlik rəhbərə yaraşmaz.Zəif mütəxəssis, uğursuz rəhbər, yarıtmaz təşkilatçı, fikrimcə, çalışmalıdır öz üzərimdə işləsin, peşəkarlarla məsləhətləşsin, öyrənsin, onlardan qorxub qaçıb gizlənib, ətrafına ən zəifləri yığıb onların üstünə qışqıraraq, özünü təsdiq etməyə çalışıb özünü gülünc vəziyyətə salmasın. Çox təəssüflə qeyd etmək istəyirəm ki, ölkəmizin ali iqtisadi təhsil sisteminin flaqmanı olmalı olan UNEC, fikrimcə, bu günkü reallıqlara və çağırışlara cavab verməyən, olduqca primitiv üsullarla idarə edilir!

Hesab edirəm ki, Azərbaycanın ali iqtisadi təhsil sisteminin dünyada baş verən proseslərə nəinki effektiv reaksiyasını, qeyd etdiyimiz  proseslərin təhlilinə belə yaxın düşməsinin şahidi ola bilmirik. Dünya iqtisadiyyatı son onilliklərin ən çətin  və hələ çıxış nöqtəsi üzərində aparıcı "beyin mərkəzlərinin" "baş sındırdığı" struktur böhranını yaşadığı zaman UNEC-də dərslərin əvvəlində və sonunda zəngin çalınmaması qərarı verilir və geniş müzakirə edilir. 21-ci əsrdə...  Bu  acınacaqlıdır. Hesab edirəm ki, monetarizmin və ultraliberalizmin ən bəsit,primitiv, artıq heç bir mütərəqqi ali iqtisadi təhsil sistemlərində ciddi qəbul edilməyən tədris materialları ilə  tədris vəsaitlərinin doldurulması, abstrakt, reallıqda müasir iqtisadiyyatla əlaqəsi olmayan Fişer düsturu ilə, dəfələrlə effektivsiz olması sübut edilmiş Fillips əyrisi ilə, real iqtisadiyyatda lazım olunan tətbiqi effekti olmayan abstrakt ekonometrik modellərlə 21-ci əsrdə iqtisadçı hazırlamaq primitivizm, qeyri-peşəkarlıq olmaqla yanaşı, çox zərərlidir! Zənnimcə, UNEC-də məsələni qəlizləşdirən həm də rəhbərliyin təkəbbürlü olması amilidir! Təkəbbürlük istənilən halda zərərlidir, amma tələb olunan peşəkarlıq olmayanda, onun zərərli olması dəfələrlə artır və onu nümayiş etdirən adam özü xoşagəlməz vəziyyətə düşür. Etiraf edim ki, son zamanlar UNEC rəhbərliyində təmsil olunan bir çox insan mənimlə əlaqə saxlayaraq, mənə bildirməkdə davam edirlər ki, UNEC-dəki vəziyyətlə bağlı fikirlərimi, təhlillərimi tam dəstəkləyirlər.


Yeri gəlmişkən, komanda daxili dərin fikir ayrılıqları menecment üçün pis haldı. Amma istənilən halda məni UNEC-in rəhbər işçiləri arasındakı münasibətlər deyil, ölkəmizin ali iqtisadi təhsil sistemində, iqtisad elmindəki vəziyyət maraqlandırır. O vəziyyət isə, zənnimcə, heç də ürəkaçan deyil! Və əminəm ki, UNEC rəhbərliyi buna görə müvafiq qaydada məsuliyyət daşımalıdır! Azərbaycan iqtisadiyyatı fənninin tədrisinin xeyli dərəcədə azalması(bu məqalənin müəllifinin israrlı təkidlərindən sonra bir sıra ixtisaslarda bərpa olundu, amma heç də bütün ixtisaslarda yox), bakalavriat səviyyəsində dünya iqtisadiyyatı ixtisasının ləğv edilməsi barədə yazmışdım. UNEC-də ən böyük problemlərdən biri odur ki, UNEC-də tətbiq edilən tədris prosesi çərçivəsində iqtisadiyyatın bir çox  istiqamətləri, ümumiyyətlə, fikrimcə, tədris prosesindən kənarda qalmaqdadır! Bəhs edilən problemin bir qədər də dərinləşdirici məqamı  odur ki, doktorantura, magistratura, bakalavriat arsında tarazlılıq, zənnimcə, yoxdur. Doktoranturada, magistraturada və yaxud MBA proqramında  qəbulu olan ixtisas üzrə bakalavriatda uyğun ixtisasın olmaması tədris prosesini, fikrimcə, darmadağın edir!


Dünya iqtisadiyyatı ixtisası bu məsələdə bir misaldır! Sanki binanın üst mərtəbələri tikilir, alt mərtəbələri isə sökülür… UNEC rektorunun sosial şəbəkədə paylaşdığı "Çevrilmiş təhsil" budur bəlkə? Digər tərəfdən, beynəlxalq ticarət və loqistika ixtisası tədris prosesinə daxil edilib, amma ticarət ixtisası ləğv olunub. Sual edilir: ticarət olmadan beynəlxalq ticarət mövcud ola bilərmi? Əgər belə qərarlar qəbul edənlər düşünürlərsə ki, dünya iqtisadiyyatı elə beynəlxalq ticarətdən ibarətdir və müvafiq qaydada ixtisasın əvəz edilməsini reallaşdırmaq olar, bu onların, peşəkarlığı barədə, fikrimcə, böyük suallar ortaya qoyur, çünki dünya iqtisadiyyatında transsərhəd kapital hərəkətinin hansı rola malik olduğunu necə diqqətdən kənarda qoymaq olar?

Tədiyə balansının strukturundan o adamların xəbərləri var? Eyni zamanda, xarici ticarətin  istər idxal, istər ixrac seqmentlərində olsun,  məntiqi nəticəsi, məntiqi yekunu daxili ticarət olmurmu? Təkrar istehsalın istehlak mərhələsi barədə UNEC rəhbərliyində məlumat yoxdur? Məncə, bilmədiyinin göstəricisini həm də aydın şəkildə ona görə bilərik ki, istehlak bazarının idarə edilməsi fənni ümumiyyətlə müvafiq tədris planına salınmayıb(!). Bəlkə o səbəbdən ki, həmin fənn üzrə dərsliyin müəllifi Professor Elşad  Məmmədovdur? UNEC-də Biznesin idarə edilməsi ixtisası üzrə mütəxəssis hazırlığı aparılmaqdadır. Lakin hansısa səbəbdən eyniadlı kafedra olduğu halda bu ixtisas tamamilə başqa kafedrada, Biznes və loqistika kafedrasında tədris edilir!  Beynəlxalq ticarətin tədrisi isə  hansısa, zənnimcə, Ginnesin rekordlar kitabına düşə biləcək sıçrayışla "Beynəlxalq iqtisadiyyat" adlanan kafedrada deyil,  Biznes və logistika kafedrasında  tədris edilir! UNEC-də bir kafedra da var, adı "İqtisadiyyatdır"! Bu adda kafedra olduğu halda başqa iqtisadi kafedraya ehtiyac varmı? UNEC-də eyniadlı fakultə də var! Bəs o biri fakultələrdən  iqtisadiyyatla bağlı olanları yoxdur? Əlbəttə ki, var! Amma, düşünürəm ki,  UNEC-in hazırkı halında buna təəcüblənməyə dəyməz! UNEC-də bir kafedra da var! Adı İqtisadiyyat və texnoloji elmlərdir!  Yeri gəlmişkən,məncə, belə adı kütləvi oxucular üçün nəzərdə tutulan kitablara və yaxud sənədli filmlərə qoymaq olar, kafedraya deyil! Fikrimcə, kafedranın belə adlandırılması sadəcə diletantlıqdır! Çünki, tutaq ki, bu kafedradan bir alim iqtisadiyyat üzrə dissertasiya yazır! İqtisadiyyat üzrə dissertasiyanın, digər elmi işin müzakirəsində texnoloji elmlərin nümayəndələri necə rəy bildirə bilərlər?


Fikrimcə, acınacaqlı olmasa komik  adlanmalı olan "müdrik" idarəetmə qərarları bununla qətiyyən bitmir! UNEC-də rus bölməsində eyni fənnləri, misal üçün, mikroiqtisadiyyatı götürək və yaxud makroiqtusadiyyatı, eyni ixtisasları, misal üçün iqtisadiyyat ixtisasını, bir adda kafedra tədris edir, konkret olaraq, Tətbiqi iqtisadiyyat, amma azərbaycan bölməsində həmin fənnləri başqa adda kafedra, konkret olaraq İqtisadiyyat kafedrası! Belə çıxır ki, rus dilində makroiqtisadiyyat və mikroiqtusadiyyat fənnləri iqtisadiyyatda tətbiqi effektə malik olur, azərbaycan dilinə tərcümə olunanda fənn tətbiqi effektini itirir?  Digər misal: rus dilində menecment ixtisasını tədris edən  kafedra  Tətbiqi iqtisadiyyat adlanır , azərbaycan dilində Biiznes və loqistika! Rus dilində mühasibat uçotunun tədrisinii yenə də Tətbiqi İqtisadiyyat kafedrası aparır, azərbaycan dilində Maliyyə və mühasibatlıq kafedrası! UNEC-də, beləliklə, rus dili , fikrimcə, öz yeni üstünlüyünü əldə edib! Bir sıra ixtisaslar UNEC-də rus dilinə tərcümə ediləndə, fikrimcə, qəflətən, tətbiqi effektə malik olurlar!  Məndə və eləcə də, zənnimcə, bir çox oxucularda belə sual yaranmaya bilməz: UNEC rəhbərliyi bilmir ki, rus dili çox zəngindir və rus dilində mühasibat və çoxlu sayda digər sözlərin tərcüməsi var! Umumiyyətlə, hesab edirəm ki, UNEC rektorunun idarəetmə fəllsəfəsini ölkədə geniş tətbiq etsək, ölkə təhsilində elə əsl inqilab etmək olar. Belə ki, təsəvvür edin ki, hər universitet özündə olan rus bölməsinin adını universitetin istiqamətinə görə Rus Məktəbi qoyur. Misal üçün, Tibb Universitetinin rus bölməsi Rus Tibb Məktəbi,Texniki Universitetinin rus bölməsi Rus Texniki məktəb, Memarlıq və İnşaat Universitetinin rus bölməsi Rus Memarlıq və İnşaat Məktəbi, Pedagoji Universitetin rus bölməsi isə Rus Pedagoji Məktəbi! Məncə, əlavə şərhə ehtiyac yoxdur..... Hələ mən UNEC-də türk və ingilis dilindəki tədrisdən yazmıram! Onu da nəzərə alaq ki, kafedranın işi yalnız tədris prosesi ilə bağlı deyil! Bəs kafedraların elmi fəaliyyəti? Elə çıxır ki, rus dilində tədris edən müəllim  marketinq üzrə dissertasiya yazarsa  həmin müəllimin  dissertasiyasının müzakirəsində mühaisbat ixtisasından olan müəllimlər iştirak edəcək və onlar  müvafiq qaydada qərarların qəbul edilməsində səsvermə hüququna malik olacaqlar! Bu məntiqlə tibb universitetində rus bölməsində tədris aparan kardiocərrahiyə üzrə alimin dissertasiyasının müzakirəsində rusdilli stomatoloqlar iştirak edərək dissertasiya barədə müvafiq qərarın qəbul edilməsi ilə bağlı  səsvermə hüququna malik ola bilərlər?

Bu, zənnimcə, fəlakətdir! UNEC rəhbərliyi universiteti, ölkənin iqtisad elmini zarafat və lağ mövzularına  çevirməməlidir! Bu uçurum deyilmi? UNEC rəhbərliyi bunun adını islahat qoyub? Bu ölkənin ali iqtisadi təhsilinin məhvi deyilmi? Bu cinayət deyilmi? Mən və digər iqtisadçı alimlər bunu dəstəkləməliyik?  Bu qədər sadə suallara cavab tapmaq mümkün olmadığı halda hansısa beynəlxalq reytinqlərin arxasınca qaçmaq, hansısa xarici jurnallarda məqalələri reklam etmək, həmin məqalələri müəllimlik üçün vacib şərt etmək , ümumiyyətlə, ali iqtisadi təhsil sistemi üzərində çox təhlükəli eksperimentlər aparılması demək deyilmi? Həm də xarici jurnallarda məqalələri nəşr edilən bütün  adamları "böyük alim" adlandırıb irəli çəkənlərə məsləhətim odur ki, çox pafoslu bəyanatlar verməsinlər! Həmin məqalə "müəlliflərinin" həmin məqalələrdən nə dərəcədə məlumatlı olduqlarını dəqiqləşdirmək pis olmazdı! Sosial şəbəkələrdə gedən "məqalə ticarəti" barədə yəqin ki iqtisadi təhsildə rəhbər vəzifələrdə olanlar xəbərsiz deyillər! Bir də unutmayaq ki, iqtisadiyyat ictimai elmdir və iqtisad elmində yazılan məqalələr, konfrans tezisləri ictimai inkişafa, ölkəmizin sosial-iqtisadi rifahına xidmət etməlidilər, Ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən  iqtisadi siyasətə müvafiq ekspert dəstəyi, elmi-nəzəri, metodoloji baza təqdim etməlidilər! Amma , fikrimcə, bunun biz şahidi olmuruq!


O məqalələrin, konfrans tezislərinin hansıları ölkə iqtisadiyyatının idarə edilməsində müsbət tətbiqi effekt verib? Daha bir ciddi boşluğu diqqətə çatdırmamaq olmur: ölkədə bank işi ixtisası bakalavr səviyyəsində  ləğv edilmişdir!  Ancaq MBA prorqramında bank və sığortanın idarə edilməsi ixtisası UNEC-də tədris edilir. Botaniklər, filoloqlar bank işi üzrə mütəxəssis olacaq?  Bank işi ixtisasını bakalavriatda saxlamaqla magistraturada bank işi üzrə mütəxəssis hazırlamaq olmazdımı? Maliyyə ixtisasının bakalavr səviyyəsində qalmasına gəldikdə, məncə,  UNEC rəhbərliyi dövlət maliyyəsi ilə korporativ maliyyə arasında fərqin olmasını belə bilmir. İxtisasın adını maliyyə qoymaqla, şaxələndirmə aparmamaqla maliyyə sektoru üçün, xüsusi ilə dövlət maliyyə sektoru üçün hansı problemin yaradılmasından iqtisadi təhsilin rəhbərlərinin məlumatları varmı? Dõvlət maliyyəsinin prioritetləri investisiya siyasəti, büdcə, fiskal siyasətdir, korporativ maliyyə bu məsələləri görmür axı! Sonra....Düşünürəm ki, UNEC rəhbərliyi sosial işlə sosial siyasəti bir birindən fərqləndirə bilmir! Sosial siyasəti, dövlət tərəfindən əhalinin geniş təbəqələrinin sosial rifahının yüksəldilməsinə istiqamətlənən makroprioriteti sosial cəhətdən həssas, fiziki imkanları məhdud insanlara göstərilən xidmətlərdə fokuslaşan sosial xidmətlərlə məhdudlaşdırmağa nə ad vermək olar? Bax belə, dərin, bir tərəfdən gülməli, digər tərəfdən isə kədərlənməli olan problemlər var ki, onların mövcudluğu  ali iqtisadi təhsil sistemimizin  milli iqtisadiyyatımızın inkişaf göstəricilərinə açıq-aşkar uyğun olmamasının, fikrimcə, bilavasitə göstəricisidir! Eyni zamanda, əgər ölkə başçısı ölkədə sənayeni, kənd təsərrüfatını prioritet inkişaf istiqamətləri görərək, respublikada sənaye ili,  kənd təsərrüfatı ili elan edirsə, UNEC-də həmin kafedralar ləğv edilir! Kafedralarla bağlı məsələ UNEC-də xüsusilə ağrılı mövzulardandır!

İqtisadiyyat günü gündən mürəkkəbləşir, UNEC-də kafedralar birləşir! Misal üçün, xarici ticarət üzrə elmi iş yazılarsa, seminar keçirilərsə mühasibat üzrə alim müzakirəyə təqdim olan işin, məsələnin xarici ticarətə uyğun olub olmamasını müəyyən etmək kompetensiyasına necə malik ola bilər? Ümumiyyətlə, kafedraların formalaşması məsələsi, zənnimcə, UNEC-də böyük problemdir. Bir sıra nəticələrə nəzər salaq. İqtisad universitetində yaradılan kafedraların adları: İqtisadiyyat(rus dilində), sonra adı oldu Tətbiqi  İqtisadiyyat.  Suallar: dünyanın hansı ölkəsində kafedranın adı tədris dili ilə şərtlənir? Tətbiqi olmayan iqtisadiyyat var? Onda o məntiqlə Tətbiqi olmayan iqtisadiyyat, Abstrakt iqtisadiyyat  və yaxud Sxolastik İqtisadiyyat kafedrası niyə yaradılmasın? Məndə belə fikir formalaşıb ki, UNEC-də aparılan islahatların ən mühüm nəticələrindən biri odur ki, investisiya prosesi, sənayeləşmə, büdcə-vergi siyasəti, pul-kredit siyasəti, enerji siyasəti(iqtisadiyyatın “bel sütunu”, xüsusən də milli iqtisadiyyatımızın xüsusiyyətlərini nəzərə aldıqda ölkəmizdə, amma UNEC-də enerji sektorunun iqtisadiyyatı üzrə kafedra belə yoxdur, halbuki ölkə ixracatının təxminən 95 faizini, büdcə daxilolmalarının isə təqribən 50 faizindən  çoxunu məhz həmin sekor təmin edir), kənd təsərrüfatı, turizm kimi istiqamətlər UNEC-in "radarlarından" kənardadır. Düşünürəm ki, bu acınacaqlıdır.......

Bəs görək  UNEC-də kafedraların formalaşması, professorların, dosentlərin işdə qalıb qalmaması harada, kimin tərəfindən və necə müəyyən edilir? Bu tip əksər qərarlar UNEC-in elmi şurasında müzakirəyə çıxarılır! O elmi şurada ki,  UNEC-in  saytında olan məlumata görə onun 41 üzvündən cəmi 2-i elmlər doktorudur! O şurada ki, universitetdə mövcudluğu belə fikrimcə, məntiqsiz   olan bölmələrin rəhbərləri  təmsil olunur, amma əksər professorlara yer tapılmadı! Həmin elmi şurada ki, kafedraların formalaşdırılması, professorların, dosentlərin UNEC-də işləyib, işləməməsi məsələlərinə baxılır, UNEC-in elmi istiqamətdə, tədrisin inkişafı istiqamətində fəaliyyəti müzakirə edilir! Elmi şurada daxili auditlə bağlı  qurum kimi universitet üçün, fikrimcə, tamamilə lazımsız qurumların rəhbərlərinin təmsil edilməsinə təbəssümsüz yanaşmaq, düşünürəm ki, olmur! Fikrimcə, UNEC-də yerinə yetirilən və müdafiəyə təqdim edilən dissertasiyaların monitorinqi və təhlili aparılmalıdır və bu istiqamətlər üzrə yeni ictimai nəzarət və ekspert dəyərləndirilmələri mexanizmlərinin təşkili və tətbiqi barədə düşünürəm! Bir məqamı da qeyd edim! Hər bir alimin, xüsusilə elm və təhsil ocağının rəhbərinin elmi dərəcəsi və elmi adı ilə bağlı, həmin elmi dərəcə və adın necə alınması ilə bağlı  aydınlıq, dəqiqlik, zənnimcə, mütləq olmalıdır! Bu məsələ ilə bağlı müvafiq araşdırmalar aparmaq niyyətindəyəm! Eyni zamanda, daha bir  çox ciddi məsələyə də toxunmaya bilmərəm!

Düşünürəm ki, xaricdə oturub, Azərbaycan barədə, ölkəmizin Müzəffər Ali Baş Komandanı barədə, Azərbaycan iqtisadiyyatı  barədə yolverilməz  fikirlər bildirən "ekspertlərə" qarşı UNEC rəhbərliyi tərəfindən müşahidə edilən, fikrimcə, loyal və çox tolerant adlandıra biləcəyimiz münasibətdə aidiyyatı olaraq araşdırılmalıdır! Hesab edirəm ki, işıqlandırdığım problemlər ölkədə ali iqtisadi təhsillə, iqtisad elmi ilə bağlı olan problemlərin yalnız bir hissəsidir! Eyni zamanda, qeyd etmək istəyirəm ki, son zamanlar bu problemlərlə bağlı bildirdiyim fikirlər cəmiyyətdə müsbət qarşılanıb! Mənə edilən çoxsaylı təşəkkürlər bunun konkret göstəricisidir! Əminliklə bildirirəm ki,  həm ictimai müstəvidə, həm də dövlət qurumları  səviyyəsində belə məsələlər qaldırılmalıdır, müvafiq müzakirələr təşkil edilməli, qərarlar qəbul edilməlidir! Mən bir mütəxəssis kimi bu problemlərin ciddiliyini nəzərə alaraq onların müvafiq müstəvilərdə müzakirələrinin təşkilində bilavasitə iştirak erməyə hazıram. Çünki ali iqtisadi təhsil sistemindəki, iqtisad elmindəki problemlər olduqca dərinləşib və  düşünürəm ki, həmin məsələlərlə bağlı məsuliyyət daşımalı olan insanlar  mütləq məsuliyyətlərini daşımalıdılar və daşıyacaqlar!

Ancaq bir reallıqda, hesab edirəm, mövcuddur ki, ölkənin ali iqtisadi təhsil sisteminin, iqtisad elminin hazırkı  vəziyyətdən çıxarılması mürəkkəb, çətin proses olacaq! Yeri gəlmişkən, bu məqaləni hazırladığm zaman UNEC-dən mənə məlumat çatdırıldı ki, UNEC rektoru elm və təhsil naziri vəzifəsinə təyin olunacağını gözləyir. Mən bu məlumatlara istehza ilə yanaşıram, çünki İqtisad Universitetinin 9 ilə yaxın müddət ərzində çəkdiyi ölkə təhsilinə, məncə, kifayət edər. Yoxsa, zənnimcə, UNEC-in hazırkı rektoru elm və təhsil naziri olarsa, Azərbaycan univeristetlərində kimyaçıların fiziklərlə, zooloqların politoloqlarla, iqtisadçıların  botaniklərlə, heyvandarlıq üzrə mütəxəssislərin tarixçilərlə bir kafedralara yiğılacağı, ölkədə tədrisin hansı dildə aparılmağından asılı olaraq rus, ingilis, türk, fransız tibb, texniki, memarlıq, inşaat, pedagoji, neft məktəbləri və bu tip digər fantastik məsələlər reallığa çevrilə bilər.

Fikrimcə, bununla təhsil və elmimizi  Ginnesin Rekordlar Kitabına daxil etmək mümkün olar və rus, ingilis, türk, fransız və digər milləttləri təmsil edən alimləri dəhşətli duruma və şoka gətirə bilərik.  Amma hər halda nazir təyinatı ilə bağlı məsələlər Ölkə Prezidentinin səlahiyyətindədir və düşünürəm ki, ölkə başçısı nəyin nə vaxt və necə edəcəyini yaxşı bilir! Eyni zamanda bildirmək istəyirəm ki, qeyd etdiyim fikirlər qəti şəkildə UNEC-də mənə qarşı olan hansısa təzyiqlə və yaxud UNEC rektorundan hansısa vəzifə istəməyimlə bağlı deyil! 

Qətiyyətlə bildirirəm ki, UNEC- dən kiminsə mənə təzyiq etməsi mümkünsüzdür! O ki qaldı vəzifə məsələsinə, mənim hazırda mövcud olan statusum çərçivəsində, UNEC rektorunun mənə verə biləcəyi heç bir vəzifə, sözsüz ki, mənim üçün maraq kəsb edə bilməz! Problemləri işıqlandırmağımda, qaldırmağımda məqsəd ölkədə iqtisad elminin, iqtisadi təhsilin səviyyəsinin yüksəldilməsindən, milli iqtisadiyyatımıza lazım olan dəstəyin verilməsinə nail olunmasından ibarətdir!

 FAKTİNFO.AZ



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər