ADU-da qəzet qalmaqalı – Tələbələr narazılıq edir
Redaksiyamıza Azərbaycan Dillər Universitetinin (ADU) bir qrup tələbəsinin adından şikayət məktubu daxil olub.
Məktubda iddia olunub ki, universitetin nəşr etdiyi “Poliglot” qəzeti tələbələrə məcburi şəkildə 5 manata satılır, qəzeti almayanlara isə təzyiq göstərilir.
Məlumatın doğru olub-olmadığını dəqiqləşdirmək üçün Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat katibi Ağa Cəfərli ilə əlaqə saxladıq. O, deyilənləri təkzib edərək, univesitetdə belə tələbin olmadığını bildirdi
“Bu məsələlər ancaq könüllülük prinsipi ilə tənzimlənir, məcburiyyətdən söhbət gedə bilməz. Heç kim məcbur edə bilməz ki, sən mütləq qəzet al, buna görə də filan qədər pul ver. Lap 20 və ya 25 qəpik olsun. Mən inanmıram tələbələrin dediyi kimi kimsə bildirsin ki, sizə arayış verilməyəcək və s. Belə şeylər ola bilməz.
Doğrudur, qəzet tələbələrə havayı təqdim olunmur. Ancaq böyük məbləğdən də söhbət getmir. Ayda bir tələbə 10 və ya 20 qəpik ödəməklə rəngli, tələbə həyatını yüksək səviyyədə işıqlandıran, öz yazıları gedən qəzetlərdən istifadə edə bilər. Kimdənsə 20 qəpik istəyiblərsə, o da bundan narazılıq edirsə, bir söz deyə bilmərəm. Bu, sanki köşkdə təklif olunan və satılan qəzet kimdir. Heç kimə məcburi qəzet satıla bilməz. 5 manat yəqin bir qrup üçün nəzərdə tutulan məbləğdir. Mümkün deyil ki, bir adamdan 5 manat tələb olunsun”.
Bu xəbər üçün şərh yazın