“Akademiya rəhbərliyi korrupsiyaya batıb” - ALİM ÖLKƏDƏN GETMƏYƏ QƏRAR VERDİ
“Yataqxanada yaşayan ailələr akademiya rəhbərliyinə dəfələrlə üsyan ediblər, etiraz ediblər. Hətta evlərin konkret olaraq, kimin adına keçirilib, hansı evlər kimə satılıb onun siyahısı belə var”.
Hurriyyet.org xəbər verir ki, bunu Yeni Sabah.az-a açıqlamasında AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı Yasəmən Qaraqoyunlu deyib. O, bildirib ki, dövlət heç vaxt akademiyada gedən prosesə nəzarət etməyib və əhəmiyyət verməyib.
Y. Qaraqoyunlu yataqxanada məskunlaşmadığını deyir: “Bir var, evi olmayıb yataqxanada məskunlaşanlar, biri də var kirayədə sürünənlər. Mən və yoldaşım akademiyanın işçisi ola-ola 20 ildir, kirayədə sürünürük. O yataqxananı belə bizim ailəmizə verməyiblər.
İndi 1 otaq təklif ediblər, o da nə gündə idi. Mən bu barədə internetdə məlumat yaydım, şəkillərini çəkdim. İndi oranı akademiya təmir edir. Amma mən o otağı belə istəmirdim. Çünki mən subay insan deyiləm, ailəliyəm. Böyük oğlumun 20 yaşı var, kiçik oğlumun 18. Mənim həyat yoldaşım xərçəng xəstəsidir. Bir kiçik otaqda, yataqxana şəraitində ailə yaşaya bilməz. Mən orda necə yaşayacam? Böyük övladları olan bir ailə o bir otağa necə sığışa bilər?”.
Alim deyib ki, çox kiçik otaq veriblər və indi deyirlər ki, köç: “Biz o vəziyyətdəyik ki, mən o kiçik otaqdan belə imtina edə bilmədim. Çünki mənim heç bir şansım yoxdur. 20 ildir daim maaşımızı alıb, kirayəyə ödəyirik. Mən nə övladlarıma, nə özümə heç bir həyat qura bilməmişəm. Ora köçəcəm. Amma o həyatdırmı?
20 ildə mənim yazmaq, çalışmaq üçün ayrı otağım olmayıb. Kitablarımı düzəcək yerim, yazı masam olmayıb. Yataqxananın 1 otağında bu imkanı əldə edə biləcəyəmmi?”.
Y. Qaraqoyunlu deyir ki, Akademiyada çox ciddi islahatlar getməlidir. Orada nəinki mənzil məsələlərində, çox məsələdə özbaşınalıq tüğyan edir: “Akademiyada seçkilər demokratik olmur. Akademiyada 1 nəfər seçir yalnız - o da prezident. Hər kəsi prezident seçir, heç vaxt demokratik seçkiilər olmur. Çox şey var ki, mən onu mətbuata açıqlasam, dünya dəyişəcək. Akademiyada konfranslarda türk milləti təhqir olunur, aşğılanır. Özünə türk deyənlərin səsi batırılır. Akademiyada antitürk siyasəti formalaşıb. Multikultiralizm deyə-deyə bu ölkənin millətini nə günə qoydular”.
20 ildir kirayədən kirayəyə köçdüyünü bildirən Qaraqoyunlu bir akademiya vətəndaşının qazandığının yalnız belə bir həyat olduğunu qeyd edir: “20 ildə qazandığım tək uğur yataqxananın 1 otağıdır. Ora da stressdir. Mən 2 dəfə müraciət etdim, ev vermədilər. Bilirsiniz, yataqxananı mənə necə verdilər? Mən yataqxanaya getdim, jurnalistlərə zəng etdim ki, gəlin, buranı çəkin. Bu yataqxanın komendantı işlər idarəsinin müdirinə zəng vurdu. İşlər idarəsinin müdiri mənim instituma zəng vurdu. Hay-küy düşdü, tez mənim sənədlərimi hazırladılar.
İşlər idarəsinin müdiri böyük minnətlə o otağı mənə verdi. Təhqir edə-edə, aşağılayaraq. Onlar hamısı saxtakardır. Akademiya rəhbərliyi korrupsiyaya batıb.
Jurnalist tədqiqat aparmalıdır ki, rəhbərlik akademiyaya ayrılan pulları nə edib? Mənzillər kimə satılıb? Hanı pullar?! Niyə akademiya hesabatları gizli şəkildə aparılır? Niyə mətbuata açıqlanmır? Bu idarə dövlətin nə qədər pullarını mənimsəyir? Məqalə yazırıq, qonarar almırıq, xaricə gedirik, konfranslara gələndə yol haqqımızı almırıq. Maaşımız o qədər azdır ki, heç ayın yarısına çatmır. İndiki zəmanədə 200 manatla yaşamaq olmaz. Vəziyyət belədir”.
Y. Qaraqoyunlu deyir ki, alimin evi olmalıdır. Evi olmayandan sonra, hər il ora-bura köçəndə bu böyük stresslərlə elmi iş yazmaq mümkün deyil: “Ona görə də akademiyadakı alimlərin vəziyyətinin yaxşılaşdərılması üçün çox ciddi islahatlara ehtiyac var. Təsəvvür edin, mən cürət etdim, bu məsələləri açdım. Mənim səsimə səs verən belə olmadı. Mən hələ indiyə qədər mübarizə aparıram. Bu qədər evlər tikilib, hamısı da boş. Demirəm, dövlət o evi bizə puluz versin. Mən deyirəm, maaşımızdan çıxılması şərtləri ilə versin.
Bizim bu ölkədən çıxəb getməkdən başqa yolumuz qalmayıb. Bütün yollarımızı bağlayıblar. Ölkəni tərk etməyə hazırlaşıram. Bu şərtlərlə nə qədər yaşayım?
20 ildir demişəm, Azərbaycanda qalım, öz millətimə, öz dövlətimə xeyir verim. Ailəmi, övladlarımı qurban etmişəm. Daha dözə bilmirəm. Çalışıram, bir yol tapım, çıxım gedim. Nə qədər alimlər akademiyanın özünü tərk ediblər, nə qədər alimlər ölkədən çıxıb gediblər. Onlardan biri də biz olacağıq. İndiyə qədər dözmüşəm ki, dövlət düşünsün. Hər şeyimi bu dövlətə, millətə qurban etmişəm. Artıq övladlarım böyüyüb. Valideyn kimi onların sosial problemlərin həll edə bilmirəm. O kiçik otağa yerləşmərik, ancaq kitablarımı yığa bilərəm.
Akademiya rəhbərliyi bütün evləri satdı. Həm öz adamlarının adına keçirdilər, həm də başqalarına satdılar. Biz çıxıb gedəndə mən rəsmi şəkildə BMT-yə, ya da hansısa xarici ölkə səfirliyinə müraciət edəcəm ki, bizi vətəndaşlığa alın. Burada yaşaya bilmirik, heç bir resursumuz yoxdur”.
Bu xəbər üçün şərh yazın