Ali Məhkəmə: Deputat Etibar Əliyevin qərəzli ittihamları və hərəkətləri ilə bağlı aidiyyəti dövlət qurumuna müraciət ediləcək

Ali Məhkəmə: Deputat Etibar Əliyevin qərəzli ittihamları və hərəkətləri ilə bağlı aidiyyəti dövlət qurumuna müraciət ediləcək 

Azərbaycan Respublikası Ali Məhkəməsi Milli Məclisin deputatı Etibar Əliyevin səsləndirdiyi ittihamlarla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

 "Azərbaycan Respublikasının Ali Məhkəməsi son günlər mətbuatda və sosial şəbəkələrdə yayılmış, eləcə də mötəbər tribunalardan səsləndirilmiş ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarını, həmçinin məhkəmə sistemini nüfuzdan salmağa yönələn, hakimlər barədə qərəzli bəyanatlarla bağlı öz qəti mövqeyini bildirməyi zəruri hesab edir. Nəzərə alınmalıdır ki, hakimlərin, xüsusilə də Ali Məhkəmənin hakimlərinin təyin olunması qanunvericiliklə hər üç hakimiyyət qolunun iştirakı ilə ciddi tənzimlənən prosedurlar əsasında həyata keçirilir. Bu zaman hakimlərin təhsili, nəzəri və praktik hazırlığı, peşəkarlıq səviyyəsi, peşə fəaliyyəti və peşə fəaliyyətindən kənar etik davranışı, kollektivdəki və cəmiyyətdəki nüfuzu və digər xüsusiyyətləri nəzərə alınır. Bu baxımdan ümumiyyətlə buna hər hansı əsas olmadan, subyektiv mülahizələrlə, qərəzli olaraq hakimlərin kompetentliyinin müzakirə predmetinə çevrilməsi məhkəmə hakimiyyətinin nüfuzuna və cəmiyyətdə məhkəmələrə etimada ciddi zərbə vurmaqla, həm də hakimlərin seçim prosedurunun legitimliyini əsassız olaraq şübhə altına alır.

 

Bu cür qərəzli məlumatlarla məhkəmə-hüquq sisteminin hədəfə alınması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası xüsusilə də, Fərmanda qeyd olunan “hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması” ilə bağlı aparılan islahatların və görülən işlərin effektiv nəticələri ilə birbaşa bağlı olduğu heç kəsə sirr deyil.

 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Etibar Əliyevin həmin orqanın yüksək tribunasından 2022-ci ilin 23 dekabr tarixində səsləndirdiyi və daha sonra bununla bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış fikirlərlə bağlı aşağıdakı xüsusatların ictimaiyyətin diqqətinə çatdırılması zəruri hesab edilir.

 

E.Əliyev məlum çıxışından bir müddət əvvəl, yəni 2022-ci ilin 22 aprel tarixində Ali Məhkəmənin hakimi A.Hüseynovun mobil telefon nömrəsinə dəfələrlə zəng etdikdən və buna cavab verilməməsindən sonra, “WhatsApp” sosial şəbəkəsi vasitəsilə göndərdiyi mesajla özünü təqdim edib, telefon əlaqəsi yaratmasını xahiş etmişdir. Sonradan baş tutmuş telefon danışığında deputat E.Əliyev hakimin icraatında olan bir mülki iş üzrə iddiaçıya köməklik göstərilməsini xahiş etmiş və hakim tərəfindən buna cavab olaraq iş üzrə qanuni və əsaslı qərarın qəbul ediləcəyi bildirilmişdir.

 

Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (məruzəçi hakim Hüseynov Abiddin Qabil oğlu) 2022-ci il 13 iyun tarixli qərarı ilə, həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə, deputat E.Əliyevin köməklik göstərilməsini xahiş etdiyi tərəfin iddiası əsassız olduğundan rədd edilmişdir.

 

Qəbul edilmiş qərardan narazı qalan deputat E.Əliyev ilk fürsətdə ona millət vəkili kimi təqdim edilmiş Milli Məclisin tribunasından öz şəxsi məqsədləri üçün istifadə edərək, Ali Məhkəmənin hakimi A.Q.Hüseynov barəsində qarayaxma kompaniyasına başlamışdır.

 

Yayılmış həqiqətə uyğun olmayan məlumatlara dair bildiririk ki, Ali Məhkəmənin hakimi Hüseynov Abiddin Qabil oğlu ilk ali təhsilini Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda almış, 1997-ci ildə həmin İnstitutun Politologiya fakültəsinin bakalavr pilləsini, 1999-ci ildə isə magistr pilləsini (fərqlənmə diplomu ilə) bitirmişdir (diplomların surəti əlavə edilir).

 

2000-ci ilin yanvar ayında iş fəaliyyətinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquq məsələləri şöbəsində başlayaraq, həmin ildə ikinci ali təhsil üzrə Rusiya Federasiyasının “Yujdağ” İnstitutunun Hüquqşünaslıq fakültəsinin qiyabi bölməsinə daxil olmuşdur.

 

2002-ci ildə Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Rusiya Hüquq Akademiyasının Şimali Qafqaz filialının Hüquqşünaslıq fakültəsinə köçürülmüş və həmin ali təhsil müəssisəsinin qiyabi bölməsini 2003-cü ildə bitirmişdir. 28.11.2003-cü il tarixində ona Rusiya Federasiyasının vahid dövlət nümunəli “ВСБ 0640474” nömrəli diplomu verilmişdir (diplomun surəti əlavə edilir).

 

Həmin diplom 2008-ci ildə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qayadaları”na əsasən Təhsil Nazirliyi tərəfindən tanınaraq, müvafiq olaraq Azərbaycan Respublikasında Hüquqşünaslıq ixtisasının Hüquqşünas ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentliyi və təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququna dair şəhadətnamələr verilmişdir (şəhadətnamələrin surətləri əlavə edilir).

 

Kütləvi informasiya vasitələrində hakim A.Hüseynovun ali təhsil diplomunun surəti kimi təqdim edilmiş sənəd, əslində “Yujdağ” İnstitutundan Rusiya Hüquq Akademiyasına köçürülərkən institut tərəfindən verilmiş akademik arayışın surətidir. Həmin arayışda müvafiq ixtisas üçün əyani təhsil forması üzrə normativ dövrün 5 il olduğu ümumən qeyd edilsə də, konkret olaraq A.Q.Hüseynovun əyani təhsil alması ilə bağlı hər hansı məlumat, qeyd əks olunmamışdır.

 

Həmçinin, Rusiya Hüquq Akademiyasının yuxarıda istinad edilən diplomuna əlavədə də A.Q.Hüseynovun həm “Yüjdağ” İnstitutunda, həm də sonradan köçürüldüyü Rusiya Hüquq Akademiyasında qiyabi təhsil aldığı göstərilmişdir.

 

Qeyd olunmalıdır ki, Ali Məhkəmənin digər hakimləri kimi Mülki kollegiyanın hakimi A.Hüseynov da yüksək ixtisasa və zəruri peşəkarlığa malikdir. O, 2000-2010-cu illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində müxtəlif vəzifələrdə, o cümlədən, şöbə müdirinin müavini, 2010-2013-cü illərdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin, 2013-2020-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi vəzifələrində çalışmış və Milli Məclisin 2020-ci ilin 5 may tarixli qərarı ilə Ali Məhkəmənin hakimi vəzifəsinə təyinat almışdır.

 

Həmçinin qeyd olunmalıdır ki, o, Azərbaycan Respublikasının Ədliyyə Akademiyasında hakimliyə namizədlərin və hakimlərin tədrisi qrupunun üzvüdür, habelə 2020-ci ildən ADA Universitetinin Hüquq fakültəsində Mülki proses fənnini tədris edir.

 

Xüsusi olaraq bir daha vurğulanmalıdır ki, hakimlərin fəaliyyətinə kənar müdaxilə qanunla qadağan edilmişdir və Azərbaycan Respublikasının Ali Məhkəməsi məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması istiqamətində öz səylərini davam etdirəcəkdir.

 

Vəzifə borcunu vicdanla yerinə yetirən hakimə qarşı ədalətsiz və qərəzli hücumlar qətiyyətlə pislənir və media nümayəndələrinə dərc olunan məlumatları tam, hərtərəfli və obyektiv araşdırmaq, həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş, məhkəmə hakimiyyətinin nüfuzuna və cəmiyyətdə məhkəmələrə etimada zərbə vuran bu məlumatları yaymamaq tövsiyə olunur.

 

Milli Məclisin deputatı Etibar Əliyevin qərəzli ittihamları və hərəkətləri ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumuna müraciət ediləcəkdir".

 

Ali Məhkəmə hakim A.Hüseynovun ali təhsili almasını təsdiq edən sənədləri də paylaşıb.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi