"Alimlər iki yerə bölünür: pareto 20-80 prinsipinə daxil olanlar,istərdim növbəti prezident 20-lərin içərisindən seçilsin”- Şahlar Əsgərov
Xəbər verdiyimiz kimi, AMEA prezidenti Ramiz Mehdiyev ötən gün tutduğu vəzifədən istefa verdi. Hazırda ən çox müzakirə olunan məsələlərdən biri yeni prezidentin kim olacağıdır.
Maraqlıdır, bundan sonra AMEA-ya kim rəhbərlik edəcək? AMEA-ya yeni prezident seçilərkən hansı kriteriyalar əsas götürülməlidir?
Faktinfo.az xəbər verir ki,əməkdar elm xadimi, professor Şahlar Əsgərov Yenisabah.az-a açıqlamasında deyib ki, Akademiyanın növbəti prezidentinin həqiqi alimlərin arasından seçilməsini arzulayır:
“Ümumiyyətlə, praktikaya nəzər yetirsək, görərik ki, SSRİ dövründə Elmlər Akademiyasının prezidentləri təbiət və dəqiq elmləri təmsil edən alimlər olub. Humanitar sahənin təmsilçiləri heç vaxt Akademiyaya rəhbərlik etməyiblər. Ramiz Mehdiyev nadir nümunələrdən biridir. Ona görə də istərdim ki, bundan sonra ya dəqiq, ya da təbiət elmlərini təmsil edən alimlərdən biri Akademiyaya rəhbərlik etsin.
Alimlər iki yerə bölünür. Biri pareto 20-80 prinsipinə daxil olanlardır. Bu o deməkdir ki, hər 100 alimin 20-si həqiqi alimdir, 80-i isə müəyyən vasitələrdən istifadə edərək, diplom alanlardır. Çox istərdim ki, Akademiyanın növbəti prezidenti 20-lərin içərisindən seçilsin”.
Professorun sözlərinə görə, həqiqi alim dedi-qodu, fırıldaqla yox, elmlə məşğul olmalıdır:
“Həqiqi alimin məntiqi, mənəviyyatı yerində olmalıdır. 24 saat elmlə məşğul olan, özünü elmə həsr edən insana alim demək olar. Heç olmasa, gündə ən azı 6 saat elmlə məşğul olmalıdır. Day dedi-qodu, fırıldaqla yox. Yəni gün ərzində bu insan alim həyatı yaşamalıdır. O, hətta dənizdə çiməndə belə digərlərindən fərqlənməlidir. Fikirləşməlidir ki, filan problemi necə həll etmək olar. Həmin alimlərin sayı Azərbaycanda 20 min deyil. Uzaqbaşı, 1000 nəfərdir. Bura isə həm humanitar, həm də dəqiq elmləri təmsil edənlər daxildir. Yerdə qalnalar əsl alim deyil. Onların arasından Akademiyaya rəhbər seçmək olmaz”.
Ş.Əsgərov qeyd edib ki, alim ilk növbədə ictimai mənafeyin daşıyıcısı olmalıdır:
“Alim özünə vurğun olmamalıdır. Millətinə, xalqına vurğun olmalıdır. Alim ictimai mənafe daşıyıcısı olmalıdır. Şəxsi mənafeyini güdməməlidir. Bu şərtlər daxilində kim seçilsə, mənim ürəyimcə olacaq”.
Bu xəbər üçün şərh yazın